Xalqla razılaşmaya əsaslanan hökumət...

Səadət Cahangir, 19/8/13

Seçki bir xalqın taleyində ən önəmli sınaqlardan biridir desək, yanılmarıq. Çünki bir ölkənin dünyəvi dəyərlərə nə dərəcədə sadiq qaldığı, demokratik prinsiplərə nə dərəcədə əməl etdiyi məhz bu sınaqda meydana çıxır. İndi Azərbaycan yeni belə bir sınaq- prezident seçkiləri ərəfəsindədir. Ölkədə böyük seçki həyəcanı hiss olunmasa da, fakt faktlığında qalır. Oktyabr ayında xalq yeni prezidentini seçəcək. Həqiqətən, xalq seçəcəkmi? Əsas məsələ də elə budur.

Müxtəlif dövrlərdə müxtəlif toplumların seçim məsələsinə fərqli yanaşmaları olub. Tarixdə bir çox tanınmış intellektuallar hesab edirdilər ki, savadsız və cahil kütlələrin səsiylə seçilən hökumətin xalqa faydası olmaz. XIX əsrdə yaşamış ingilis alimi Francis Qalton hesab edirdi ki, iqtisadiyyatdan, hüquqdan, siyasətdən başı çıxmayan insanların verdiyi səs o xalqa xeyir gətirə bilməz. Onun düşüncələrinə görə ölkənin idarə edilməsi  seçilmiş bir qrupa həvalə edilməliydi. Həmin qrupda təmsil olunan şəxslər də xüsusi yetişdirilməliydi. Belə üstün bir sinif yaratmaq üçün təhsildən başqa, daha önəmli məsələləri də həll etmək lazım idi. Qalton bəlli məqsədlə seçilmiş insanların bir-biri ilə evləndirilməsini, sağlam genlərlə doğulan nəsillərin ölkəni mükəmməl idarə edəcəyini düşünürdü.

Çoxlarına gülünc görünən buna bənzər fikirlərin tarixdə tərəfdarları da az olmamışdır. Hətta indinin özündə çox inkişaf etmiş ölkələrin uğursuz xalq səsvermə təcrübəsindən çıxış edən bəzi elm adamları da Qaltonun fikrinə yaxın fikirlər səsləndirirlər. Onların əsaslandığı mühüm arqument budur ki,  əgər həqiqətən, ümumxalq səsverməsi ən doğru nəticə yaradırsa, nədən bəzən belə seçkilərin ardınca ölkəni xaoslar və acı böhranlar bürüyür...

Buna qarşı olan fikrin tərəfdarları, şübhəsiz ki, demokratiya idarəçiliyinə yaxın düşüncəli insanlardır. Hələ xalqın hakimiyyətdə təmsil olunması ideyasının meydana çıxdığı  qədim Yunanıstanda  dövlət demokratiyaya bənzər  bir rejimlə idarə olunurdu. Bu dövlət 100 ilə yaxın hakimiyyətdə oldu. Uzun illər keçdikdən sonra insanlar bütün idarəçilik üsullarını sınaqdan keçirib, yenə də ən uğurlu yol kimi demokratiyaya üstünlük verdilər. Belə idarəçiliyin bərqərar olması uğrunda  dünyanın müxtəlif  köşələrində mübarizələr başlandı.  Məsələn, XIV əsrdə Uat Tayler “Adəm ilə Həvvanın ortaq soyundan yaranmağımız adına bərabərlik” şüarı ilə başlatdığı üsyanlara görə edam edilmişdi.

XVII əsrdə ingilis mütəfəkkiri Con Lok ilk dəfə demokratiyanı belə tərif etdi: “Azadlıq insanın təbii haqqıdır, bir hökumət ancaq xalqla razılaşmaya əsaslanırsa, legitimdir”.

Şübhəsiz, günümüzdə də demokratik seçki və xalq səsverməsini istəyənlərin sayı müqayisəolunmaz ölçüdə çoxdur. Amerikan yazarı, “Kütlələrin savadlılığı” kitabının müəllifi Ceyms  Surovieckiyə görə, bir  səsvermədə insanlar bir-birlərindən nə qədər  fərqli düşüncələrə  sahib olarsa, aralarındakı görüş fərqi nə qədər çox olarsa, səsvermənin sonucu o qədər dəqiq olar.

Bəli, bu gün müasir dünyanı şəkilləndirən və inkişafa yol açan yeganə səsvermə yolu ümumxalq səsverməsi hesab olunur. Hər bir seçki xalqın gələcəyə doğru necə addımlayacağına dair bir imtahandır. Bu imtahanı uğurla verənlər onun gözəl nəticələrini görməkdə və şirin meyvələrini dərməkdədirlər. Həmin sınaqdan keçməyənləri və ya nəticələri saxtalaşdırılanları isə gerilik, məhrumiyyət və totalitar idarəçilik qaydaları gözləyir. Dünyada isbata ehtiyacı olmayan bu aksiomla yaxın zamanda Azərbaycan xalqı da imtahan ediləcək. Haqqını oğurlatmaq və ya nəyin bahasına olursa-olsun, haqqına sahib çıxmaq xalqın öz əlindədir. Haqqını əldən vermək istəməyən xalq, şübhəsiz ki, nəticədə layiq olduğu mükafatı alacaq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat