Azadlığa hüdudsuz aşiq olmaq...

Səadət Cahangir, 26/8/13

Bu gün dünyanın ən qaynar hadisələrinin sorağı yenə ərəb dünyasından gəlir. Üç il öncə bu ölkələrə böyük dəyişim rüzgarı kimi gələn “bahar”ın şirin meyvələri dəyməmiş solub tökülməkdədir. Demokratik dəyişikliklər arzusuyla qanlı-qadalı bir yola girib, xalq səsverməsi nəticəsində öz hökumətini seçən Misirin yaşadığı dəhşətlər də, uzun zamandır qan içində boğulan Suriyanın durumu da göz önündə. Bu gün hər iki ölkə vətəndaş müharibəsi məngənəsində və artıq qanlı qarşıdurmalar minlərlə günahsız insanın ölümünə bais olub. Yaxın günlər Misirdə Mursi tərəfdarlarının dirənişində “Müsəlman qardaşlar” qrupunu təmsil edən liderlərdən birinin öldürülən qızı Əsma mübarizənin simvoluna çevrilib. İndi bütün dünya onun insanlığa yaraşmayan qəddarlıqla qətlə yetirilməsi və atasının öldürülən qızına yazdığı məktubdan danışır:” Sənə əlvida demirəm, mütləq sabah görüşmək üzrə. Başı dik tuğyana üsyan edərək yaşadın. Bütün əngəlləri rədd edərək hürriyyətə hüdudsuzca aşiq oldun... Bu qısa həyatda söhbətinə doya bilmədim. Vaxtım xoşbəxt olacaq və əylənəcək qədər geniş deyildi. “Rabiatul Adəviyyə”də son dəfə bir araya gəldiyimizdə, “sən bizimlə olduğunda belə, bizdən ayrısan” deyərək mənə olan gileyini dilə gətirmişdin. Mən də sənə, “bu həyat bir-birimizə doyacaq qədər geniş deyil. Bir-birimizə doyaq deyə Allahdan cənnətində bizə bu söhbəti verməsini təmənna edirəm” demişdim...”

Bəli, “müharibə yerdə cəhənnəm yaradır, təsəvvür olunmaz dərəcədə dağıntı dəhşətinə səbəb olur.  Müharibə çox zaman xeyli insanı nəzarətinə yığmaqla hakimiyyətə güc verir.  Lakin müharibə hətta istilasız da dövləti gücləndirə bilər” (Deyvid Boaz). Ərəb ölkələrindəki hazırkı situasiya, bəlkə, bu deyiləndən bir az fərqli görünür. Amma qarşıdurmalar və axıdılan qanlar məhz hakimiyyət üçündür. Bir az əvvəl böyük xəyallarla övladlarına yeni həyat quracağını düşünüb, meydana girən o insanlar indi gəncəcik övladlarını son yolçuluğa uğurlamaq şansından da məhrumdurlar. Bütün bunlar da insan haqlarına, ədalətə, demokratiya ənənələrinə sadiqliyini dönə-dönə vurğulayıb duran böyük dünya güclərinin gözləri qarşısında baş verir. Daha maraqlısı isə, artıq kimsə bu qanlı olayların həmin super güclərin iradəsindən kənar baş verdiyinə inanmır. Haqlı deyillərmi?..

Axı nədən ən azı son 10 ilin təcrübəsində bənzər dəyişiklik “proyekt”lərinin sonunda heç bir uğur görünmür? Nədən hər dəfə xalqların “demokratiya” adına başlatdığı bu savaşlara baş qoşan o dünya gücləri hər dəfə arxada  bir sağalmaz yara açıb gedir? İyirminci əsrin əvvəllərində Radolf Born haqlı olaraq deyirdi ki, “müharibə dövlətin sağlamlığı, azad insanlarda süni instinkt yaratmağın ən yaxşı yoludur”. Bəli, bu gün dünyanın nəhəngləri adına iddia edən böyük dövlətlər öhdəlik götürdükləri dünyəvi prinsipləri nəinki müdafiə etmək gücündə deyil, hətta o prinsiplərə əngəl yaradacaq  “kötük” kimi görünürlər. “Qurbansız azadlıq olmur” deyiminə inanıb bu yolda mübarizə aparanlar, acı qurbanların və qanların sonunda işıq və hüzur gözləməkdə haqlı deyilmi?

Bəli, istər daxili, istər xarici müharibələr yer üzünə cəhənnəm əzabı gətirir. Amma o həm də kimlər üçünsə zövq və qazanc mənbəyidir. Bəlkə də, o qüvvələr üçün əvvəllər bir çox ölkələrin qatıldığı böyük müharibələr daha cəlbedici və faydalıydı. İndi zaman çox dəyişib və qanlı münaqişələrdən qazanmağın daha uyğun, daha qazanclı yolu yaranıb. Bu yol bir ölkəni qan çanağına çevirib, orada qardaşı qardaşa qırdırmaq və buna seyrçi qalıb, öz mənfəətlərinin hesabını aparmaqdır. Belə olmasaydı, super dövlətlərin “beynəlxalq prinsiplər” tərifiylə dünyaya əzbərlətdiyi normalar belə asanlıqla ayaq altına salınmaz və bugünkü dünyanın mənzərəsi fərqli olardı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat