“Əsrin kontraktı” bizə nə verdi?

Məhəmməd Talıblı, 13/9/13

Bir neçə gündən sonra 19 il bundan öncə bağlanmış neft müqavilələri haqqında informasiyalar daha çox kütləviləşəcək, onun ətrafında müxtəlif müzakirələr və dartışmalar olacaq. Çünki, hər ilin sentyabrın 20-də ölkədə “Əsrin kontraktı” adı altında böyük tədbirlər keçirilir, bu haqda saatlarla verilişlər göstərilir. Təbii ki, bu sazişin önəmi və iqtisadiyyata verdiyi töhfələr danılmazdır. Bu haqda mübahisələr yersiz və qərəzlidir. Bu barədə bir az sonra... Amma düşünürəm ki, bu sevincin coğrafiyasının genişlənməsi və onu “ümummilli” sevincə çevrilməsi üçün sadə bir həqiqəti nəzərə almaq lazımdır. Belə ki, Azərbaycanın ucqar bir kəndində qazsız və soyuq divarlar arasında oturub bu “fişəng” bayramını TV-də seyr edən, Fatmanisə xala və ya Məmmədhüseyn əminin evində gərək qaz yansın, ucuz neft ala bilsin və süfrəsində neft gəlirlərinin təzahür etdiyini görə bilsin ki, həmin bayrama sevinə bilsin. Əks halda,  xarici ölkə xəbərləri və onların rifahı haqqında göstərilən sujetlərdəkindən bunun heç bir fərqi olmayacaq. Baxmayaraq ki, soyuq günlərdə nağıl qəlbə yaxın olur, amma bu məqamda o, ağlabatan olmayacaq. Demək, birinci “Əsrin kontraktı”nın üstünlükləri haqqında danışmadan öncə, onun vətəndaşlarımızın həyatlarında oynadığı rola diqqət etməliyik. Əks təqdirdə, onun faydaları haqqında abstrakt mühazirələrə kimsəni inandırmaq mümkün olmayacaq.

“Əsrin kontraktı”nın qısa tarixçəsi . Bu kontraktı hər yerdə və hər zaman H.Əliyev hakimiyyətinin uğuru kimi qiymətləndirirlər. Amma görünür ki, bu haqda bəzi həqiqətlərə yenidən işıq salmaq lazımdır. Müstəqillik aktının 18 oktyabrda imzalanmasından sonra, həmin ilin yanvarında “Azəri” neft yatağı üzrə tender elan olunur. Bu tenderdə BP və “Statoyl” ilə, “Amoco” isə “Unocal” şirkətləri ilə birgə olaraq tenderdə iştirak edirlər. Həmin tenderdən “Amoco”(onda hələ BP ilə “Amoco” birləşməmişdi) şirkəti qalib çıxır. 1992-ci ilin sentyabr ayının 7-də BP və “Statoyl” şirkətlərinin birgə iştirakı ilə “Çıraq” və “Şahdəniz“ perspektiv yataqlarında, oktyabrın 1-də isə “Penzoyl” və “Ramco” şirkətlərinin birgə iştirakı ilə isə “Günəşli” yatağında işlərə dair kontrakt imzalanır. Hətta onu da xatırladaq ki, Azərbaycana ilk bonus məhz 3 yataq üzrə BP/”Statoyl” arasında 1992-ci ilin sentyabr ayında bağlanmış  sazişə görə ödənilmişdir. Sadəcə həmin geniş tərkibli iştirakçı şirkətlərlə bağlanacaq “Əsrin kontraktı”nın texniki-iqtisadi əsaslandırması üçün zaman fürsətinin üst-üstə düşməməsi həmin neft kontraktının vaxtında imzalanmasına imkan verməmişdir. Məlum olduğu kimi sonradan 4 iyunda baş verən dəyişiklik həmin kontraktın bağlanmasına imkan vermədi. Demək istəyirəm ki, əldə olunmuş razılaşmalara baxmayaraq onun imzalanması sonrakı dövrə təsadüf etdi. Hər iki kontrakt əlverişlilik şərtləri haqqında növbəti yazımda daha ətraflı yazacağam.

Nələri qazandıq? Bu kontrakt ölkə iqtisadiyyatının simasını dəyişməkdə böyük rol oynadı. Ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə etimadın yaranmasına imkan yaratdı və xarici investorların ölkə iqtisadiyyatına marağının artmasına gətirib çıxardı. Məhz bu kontraktdan sonra ölkə iqtisadiyyatına küllü miqdarda xarici investisiyalar axmağa başladı. Ciddi tərəfdaş və iqtisadi potensiala malik ölkə kimi tanınmağa başladıq. Büdcəsi boş və ənənəvi olaraq büdcə kəsiri ilə üzləşən dövlət büdcəsinə müxtəlif bonuslar və kontraktda nəzərdə tutulan gəlirlərin daxil olması ilə müşahidə olundu. Həmin illərdə hətta kredit almağı çətin olan bir dövlət üçün bu kontrakt olduqca böyük imkan və fürsət oldu. Beynəlxalq maliyyə qurumlarının vaxtı ilə çətinliklə verdiyi kreditlər kontakt imzalanandan  sonra daha asanlıqla əldə olunmağa başlanıldı.

Müxtəlif maliyyə kanalları ilə dövlət qurumlarına (ARDNŞ, DSMF, ARDNF və s.) böyük vəsaitlər axmağa başlandı. Ölkənin strateji valyuta ehtiyatları sürətlə artdı, böyük investisiya layihələri hesabına ölkənin siması dəyişməyə başladı və s. bunun avantajları haqqında daha çox və detallı təhlillər aparmaq mümkündür. Eyni zamanda, bunun perspektiv qazanclarını da dəyərləndirmək olar. Amma indi qarşıda duran əsas məsələ bu kontaktdan irəli gələn neft pullarının necə səmərəsini artırmaq və “ələ düşən bu limonun necə limonada necə çevirməsini”(Deyl Karnegi) təmin etməkdən ibarət olmalıdır.

Nələri itirdik? (Kontraktdakı boşluqlar) Fikrimcə, kontraktla bağlı bütün müddəalar Azərbaycan dilində nəinki geniş auditoriyaya çatdırılmayıb, hətta onunla ekspertlərin tanış olmaq imkanları olmayıb. Parlamentdə ratifikasiya olunan digər sazişlərdə ingilis dilində olduğundan, onlarla bağlı detallı təhlillər aparılmayıb və ictimai müzakirəyə təqdim olunmayıb. O ki, qaldı kontraktın özünə hansı müddəaların salınmamasına… “Əsrin kontraktı”nda belə çoxsaylı boşluqlar var. Onlardan bir neçəsini qeyd etmək lazımdır. Neft kontraktlarındakı böyük nöqsanlardan biri də ondan ibarətdir ki, yerli firmalara veriləcək sifarişlərin nisbəti həmin kontraktda göstərilməyib. Müqayisə üçün bildirim ki,  qonşu  Qazaxıstanın anoloji kontraktlarında bu rəqəm 50% təşkil edir. Buna görədir ki, bizdə yerli resurslardan istifadədə həmin şirkətlər iştirakında xeyli üstünlüyə və muxtariyyata malikdirlər. Azərbaycanın Əmək Məcəlləsində işçi hərbi xidmətə getdiyi təqdirdə onun iş yerinin açıq saxlanılması, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən öz iş yerinə bərpa olunması göstərilib. Azərbaycanda xarici neft şirkətləri Əmək Məcəlləsinin bu tələbinə əməl etmir. İşçi məhkəməyə müraciət edəndə şirkətin nümayəndəsi Hasilatın Pay Bölgüsünə dair müqaviləsinə istinad edərək, həmin sənəddə elə bir maddənin olmadığını göstərir. Bundan sonra həmin vətənə borcunu qaytaran şəxs işsiz qalır. Daha sonra “Əsrin konttraktı”nda həmin transmilli neft şirkətlərində Həmkarlar Təşkilatı yaratmaq nəzərdə tutulmayıb. Məhz buna görədir ki, Azərbaycanda fəaliyyət göstərən 50-dən çox  şirkətlərin  içərisində cəmi 4-də həmkarlar təşkilatı fəaliyyət göstərir. Bayrağımızın cırıldığı şirkətlərdə Həmkarlar Təşkilatında birləşməyən şəxslər necə özünü müdafiə tədbirləri həyata keçirə bilərlər?  Məlumdur ki, əksər şirkətlərdə eyni görülən işə görə əcnəbi işçi yerli vətəndaşlarımızdan bir neçə faiz yox, bir neçə dəfə yüksək əməkhaqqı alırlar. Bu əmək diskriminasiyasına qarşı məsələlərin qaldırılmasına yenə də Həmkarlar Təşkilatı lazımdır. Amma uzun illərdir ki, həmin şirkətlər çoxdandır bu məsələdə maraqlı görünmürlər.

Nələri qazana bilərdik. Nələri qazana bilərdik sualına cavab tapmamız üçün gərək ilk öncə nələri qazana biləcəyik sualına dəqiq cavab müəyyənləşdirək. Bağlanmış kontrakt çərçivəsində gəlirlərimizin səviyyəsi dəyişən neft qiymətlərinə bağlı məsələdir. Onu aşağıdakı cədvəldən görmək olar.

«Əsrin müqaviləsi» çərçivəsində gözlənilən neft gəlirlərinin həcmi:

Neftin şərti qiyməti (ABŞ dolları/barrel) 30 40 50 70

Gözlənilən gəlirlərin həcmi (mlrd. ABŞ dolları) 106 160 210 350

Məlum olduğu kimi, kontraktdan əldə olunan gəlirlərin daha rasional istifadə edilməsi üçün hansısa mövcud imkanlar var idi. Onlardan vaxtında istifadə olunmaması nəticə etibarı ilə daha çətin vəziyyətlər yaratmaqdadır. İlk növbədə bu kontrakt Qarabağ probleminin həlli istiqamətində əhəmiyyətli bir açar rolunu oynaya bilərdi ki, bu olmadı. Mən demək istəmirəm ki, bu kontrakt hesabına Qarabağı qaytarmalı idik. Sadəcə, transmilli şirkətlərin böyük dövlətlərin təmsilçisi rolunda çıxışını nəzərə alıb, Qarabağ probleminə təzyiq rolun oynaya bilərdi ki, bunu biz diplomatiyamızda görə bilmədik. Əksinə, BMT-nin yüksək tribunasında həmin şirkətlərin təmsil etdikləri dövlətlər Ermənistanın mövqeyini açıq-aydın müdafiə edərək Azərbaycanı tərəfdaşsız qoydular. Bu onu göstərdi ki, bu kontrakt siyasi təzyiq rolu oynaya bilmədi. Bununla belə, kontraktlardan əldə olunan resurslar hesabına ermənilərin bizim bayrağımız altında rifah dövlətində yaşamasına həvəsləndirə bilmədik. Belə ki, neft gəlirlərindən səmərəli istifadə orta təbəqə yarada bilərdi və yoxsulluğu əhəmiyyətli dərəcədə aşağı salmağa kömək edə bilərdi. Amma bunun edilməməsi sonucda milyonlarla paytaxt əhalisinin xaricə, əyalətlərin isə Bakıya miqrasiya prosesinə təkan verdi və demoqrafik balans bərpa oluna bilmədi.

Bu kontrakt çərçivəsində ölkə daxilində ictimai maraqlar naminə vahid platforma yaradıla bilərdi, amma biz bunu görə bilmədik. Nəinki, bu neçə illər ərzində “sosial sülh” yarandı ,əksinə cəmiyyət daxilində qarşıdurma meylləri daha da gücləndi. İndi artıq cəmiyyətdə əksər ictimai qüvvələri vahid ideya ətrafında birləşdirən dəyər qalmayıb. Cəmiyyətdə qisasçılıq və nifrət digər humanist dəyərləri üstələyib.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat