Sənət yarışları dünyanı yaxınlaşdırır, amma…

Səadət Cahangir, 18/9/13

Bu gün dünyada bir sıra populyar sənət layihələri var ki, onlar müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında körpü qurmaq və yaxınlaşmaq üçün geniş imkanlar yaradır. Çünki sənət həqiqətən də əngəl tanımadan bütün qapıları açmaq və ayrı-seçkilik salmadan insanların qəlbinə yol tapmaq gücünə malikdir. Belə layihələrə kino, teatr,  rəssamlıq, musiqi və başqa sənət növlərini aid edə bilərik. Müasir günümüzdə musiqi ilə bağlı belə ən populyar layihə, şübhəsiz, “Eurovision” yarışmasıdır.

Məlumat üçün qeyd edək ki, 1956-cı ildən işə başlayan bu yarışmanın hazırda 600 milyondan çox tamaşaçısı var. Tarixi boyunca bu müsabiqədə müxtəlif illərdə 51 ölkə iştirak edib ki, həmin siyahıda ən inkişaf etmiş Avropa ölkələrinin də adları var. Onlardan bəziləri dəfələrlə bu yarışmanın qalibi olub və indiyədək onun fəal iştırakçıları olaraq qalmaqdadırlar. “Eurovision” tarixində elə unudulmaz yarışmalar da var ki, həm qalibləri, həm də təsir göstərdiyi dəyişikliklər baxımından ilin əlamətdar hadisəsinə çevrilib. Amma bu günlər Britaniyanın “The İndependent” qəzetinin yazdıqları özünü doğruldarsa, cəmi 6 ildir yarışmaya qatılan Azərbaycan tarixə ən qalmaqallı hadisə yaradan ölkə olaraq düşə bilər...

Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq yarışmaya qatılma tarixi 2008-ci ilə təsadüf edir. Ölkəmiz  2011-ci ildə 1-ci yerin sahibi olub və nəticədə  "Eurovision 2012" yarışması Bakıda keçirilib.  Əslində, hər şeyin hüquqi baxımdan yolunda getdiyini və nəticələrin də gözəl olduğunu söyləmək olar. Amma  bu il İsveçin Malmö şəhərində keçirilən  “Eurovision” yarışmasında ölkəmizi təmsil edən və ikinci yeri tutan Fərid Məmmədovun uğurunda rüşvət iddiasının ortaya çıxması hər şeyin üstünə kölgə salıb...

Yaxın günlərdə Britaniyanın “The İndependent” qəzeti bu barədə qalmaqallı bir məqalə dərc edib. Məqalədə bildirilir ki, Avropa Yayımlar Birliyi Azərbaycan və daha dörd ölkənin “Eurovision” mahnı yarışmasında jüri üzvlərinin səslərini pulla almasına dair iddialarına baxıb. Adı rüşvət iddiasında hallanan ölkələrdən Azərbaycana qarşı deyilənlər daha əsaslı hesab edilərək, bununla bağlı araşdırmalar başlanıb.

Qəzet yazır ki, Avropa Yayımlar Birliyi Azərbaycanı bu il İsveçin Malmö şəhərində keçirilən “Eurovision” yarışmasında təmsil edən və ikinci yeri tutan Fərid Məmmədovun  qazandığı  pilləyə qalxmasında rüşvət amilindən şübhələnib. Artıq  “Eurovision” jüri üzvlərinə rüşvət təklif edilməsi iddiaları ilə bağlı təhqiqat başladılıb. Bu təhqiqatın da İsveç qəzetində çıxan məqalədən sonra başladıldığı bildirilir.

Azərbaycanda “yalançının evi yandı, heç kim inanmadı” deyilən bir məsəl var. Əslində, bu müdrik məsəli sözün bütün anlamlarında keçərli saymaq olar. Bir yerdə ya yaxşı nümunə qoyub ad çıxaracaqsan, ya da pis nümunə qoyub ad batıracaqsan. Həqiqətən, ölkəmizin adı bununla bir neçə dəfədir bənzər qalmaqallarda hallanır. Yeri gəlmişkən, qəzet “Eurovision” qalmaqalından söz açarkən, Azərbaycanda seçkilərin nəticələrinin saxtalaşdırılması ənənəsini də xatırladıb. Prezident seçkilərinə bir aydan az vaxt qaldığı bir müddətdə adının  bənzər şəkildə hallanması ölkəmizə nə qazandıra bilər? Şübhəsiz, bütün bunlar çox utandırıcıdır və bu ölkənin vətəndaşlıq pasportunu daşıyan hər kəs üçün yalnız məyusluq doğura bilər.

Amma hələ ki, təhqiqat gedir və istənilən halda, nəticə çıxarmaq üçün son qərarı gözləmək lazım gələcək. Hərçənd son nəticənin necə olub-olmamasına baxmayaraq, bir ölkənin adının bənzər oyunların içinə girməsi belə, o ölkə haqqında xoşagəlməz təəssürat yaratmağa yetir. Dünyaya qapı açan bir sıra imkanlar kimi, sənət yarışları da fürsətdir, uzaq sərhədləri aşmaq, insanlara, dünyaya yaxınlaşmaq və könülləri fəth etmək üçün yaranmış fürsət. Təəssüf ki, çox zaman bu fürsəti əldən veririk və görmək istədiyimiz iş də könül fəth etməyə deyil, könül bulandırmağa yarayır...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat