Liberal ticarətin üstünlükləri (I hissə)

Məhəmməd Talıblı, 23/9/13

“Ağıllı ailə başçısı heç vaxt ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Dərzi özü üçün ayaqqabı tikməyə cəhd etməz, onu çəkməçidən alar, çəkməçi də özünə paltar tikməz, onu dərzidən alar.”

(İqtisadiyyatın atası Adam Smit)

İnanıram ki, çətin olmayan bu qarşılıqlı ticarət mübadiləsinin zəruriliyini A. Smitdən daha sadə formada uğurlu ifadə edən olmayıb. Dövlətlərarası ticarət münasibətlərinin formalaşmasında çoxlu sayda amillər çıxış edir. Ölkələrin bir-biri ilə ticarət münasibətlərini şərtləndirən amillər sırasında ölkələrin qeyri-bərabər inkişafı, əmək ehtiyatları (o cümlədən təbii, coğrafi və iqlim şəraitinin) üzrə fərqlərin mövcudluğu, siyasi münasibətlərin xarakteri, texnoloji üstünlüklər və s. kimi amillərin xüsusi rolu vardır. Saydığım və sadalamadığım amillər həmin ölkənin istehsal etdikləri məhsulları maya dəyərinə təsir etdiyi üçün, o ölkələrin ciddi rəqabət problemləri olmur. Hansı ölkələrdə ki, qeyd etdiyimiz amillərin ciddi problemi yaşanır, həmin ölkələr daha çox qapalı ticarət siyasətinə üstünlük verir. Belə ticarət üstünlükləri dövlətlərin müxtəlif siyasət üsulu vasitəsilə təsirini şərtləndirir. Belə ticarət siyasətinin əsasən 2 forması olur: azad ticarət siyasəti və proteksionizm siyasəti. Azad ticarət siyasəti “açıq” qapı hesabına tələb və təklif hesabına formalaşan, bazarın tənzimlənməsi öz öhdəsinə buraxılan siyasətdir. Proteksionizm (himayədarlıq) siyasəti daxili bazarı və sahibkarları xarici bazardan və biznes subyektlərinin təsirlərindən qoruma, mühafizə siyasətidir. Amma proteksionizm siyasəti daimi və ifrat formada baş verirsə, belə siyasət iqtisadi avtarkiya siyasətinin tətbiqindən(İran, Şimali Koreya) xəbər verir. Amma sadaladığım halların heç birində ticarət siyasəti tam şəkildə baş vermir. Çünki bu növ ticarət siyasətinin tətbiq olunması ölkənin mövcud ticarət şərtləri, gömrük siyasəti, daxili istehsalı, idxal asılılığı kimi amillərlə birbaşa bağlıdır. Ona görə, hətta dünyanın ən demokratik və liberal iqtisadiyyata malik ölkəsi belə, xalis azad ticarət siyasəti yeritmir. Çünki, bu çoxsaylı ticarət kombinasiyaları ilə əlaqəlidir. İstənilən ticarət siyasəti düşünülmüş və ölkənin milli maraqlarına və perspektiv iqtisadi təhlükəsizliyinə adekvat olmaqla həyata keçirilməlidir. Belə təhlükəsizlik sisteminin formalaşması eyni zamanda həmin ölkənin dünyanın müxtəlif iqtisadi birliklərində iştirakdan keçir. Hazırkı dövrümüzdə ən mühüm regional qruplar bunlardır: Avropa Birliyi, Şimali Amerika Azad Ticarət Assosiasiyası, Cənub-Şərqi Asiya Assosiasiyası, Müstəqil Dövlətlər Birliyi, Cənubi Konus Ümumi Bazarı və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi. Bu qruplar dünya ÜDM-nin 60%-ni və dünya əhalisinin 40%-ni təşkil edir. Yaxud Dünya Ticarət Təşkilatı kimi birliyi götürsək, dünya ticarət dövriyyəsinin 95%-i bu təşkilata üzv ölkələr tərəfindən formalaşır. Azərbaycana gəldikdə isə, onu deməliyəm ki, təmsil olunduğu bir neçə iqtisadi birliklərin bəzilərində praktik mexanizmlər mövcuddur. Bildiyimiz kimi, Azərbaycan hazırda bir neçə regional bloklarda təmsil olunur: İqtisadi Əməkdaşlıq Təşkilatı(EKO), Müstəqil Dövlət Birliyi(MDB), Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı, Türk dövlətlərinin iş birliyi şurası. Amma ticarət münasibətlərinin intensivləşməsi, şəffaflaşması və mübahisəli ticarət münasibətlərinin həlli baxımından təmsil olunmağa daha çox can atası təşkilat heç şübhəsiz ki, Dünya Ticarət Təşkilatı hesab olunmalıdır. Bu təşkilata üzvlük qədər ticarət münasibətlərinin keyfiyyətini qaldıracaq mexanizm yoxdur. Çünki yuxarıda sadaladığım digər iqtisadi bloklarda real məzmunlu inteqrasiyadan danışmaq mümkün olmadığı halda, DTT haqqında bunu demək olmaz. Məhz buna görədir ki, dünyanın bir çox ölkələri bu təşkilata daha tez üzv olmağa cəhd edirlər. Düzdür, iqtisadi inteqrasiyanın vacib həlqəsi olan ticarət münasibətlərinin intensivləşməsi və acılımı avtomatik proses hesab oluna bilməz. Əslində, mən iqtisadi bloklarda təmsilçilik dedikdə, avtomatik olaraq istənilən iqtisadi bloklaşmada iştirakı nəzərdə tutmuram. Hətta azad ticarət siyasəti belə kortəbii olaraq iqtisadi açılım deyil. Çünki bu siyasətin tətbiqindən öncə ölkənin hansı mal və mal pozisiyaları üzrə dünya bazarında yer tutması, ixtisaslaşması və rəqabətə dözümlülüyü, makroiqtisadi göstəricilərin strukturuna diqqət yetirmək lazımdır. Çünki bu siyasət dünya xalqlarına yox, qarşılıqlı maraqların ödənməsində daha çox öz xalqına fayda qazandırmaqdır. Eyni zamanda bu ticarət siyasətlərindən istifadə edərək ölkə iqtisadiyyatını yaxın və uzaq gələcək planlar üzrə daha çox inkişaf etdirməkdir. Əgər hər hansı bir ölkə dünyada mal və xidmətlərin ixtisaslaşmasına görə tanınmaq istəyirsə, o zaman qapalı iqtisadiyyatdan imtina edib, beynəlxalq əmək bölgüsü(BƏB) prosesində layiqli yerini tutması üçün çalışmalıdır. Milli iqtisadiyyatın açıq olmaması ilə BƏB-ə qoşulmaq ziddiyyət təşkil edir.

Ümumilikdə, dünyada ölkələri arasında qarşılıqlı ticarətin geniş vüsət alması və maliyyə axınlarının intensivləşdirilməsi yeni mərhələyə qədəm qoymuşdur. Belə mərhələ daha çox liberal ticarət siyasətini diktə edir. Əslində, liberal ticarətin ölkədə hökm  sürməsi bir çox amillərlə şərtlənə bilər. Əgər ölkədə qiymət səviyyəsi dünyadakı həmin məhsulların qiymət səviyyəsindən aşağıdırsa, o zaman ölkənin azad ticarətin hesabına ixracat imkanları(əksər hallarda müsbət saldo) artacaq. Yox, əgər ölkədəki qiymət səviyyəsi dünya ölkələri, xüsusilə həmin ölkənin kontragentlərindən (ticarət tərəfdaşları) yuxarıdırsa, o zaman belə azad ticarət “savaşından” həmin ölkə məğlub çıxacaq. Ona görə, ticarətin liberallaşdırılması siyasəti ilə ölkənin dünyadakı qiymət səviyyəsi arasında mütənasiblik nəzərə alınmalıdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat