Cəhalətin günahkarları...

Səadət Cahangir, 27/9/13

Yəqin hər kəs razılaşar ki, insanların azadlığı böyük mənada seçim azadlığına dayanır. Bu, bəlkə də, həyatın əlli faiz insanın öz iradəsindən asılı olması deməkdir. XIX əsrdə yaşamış ingilis filosofu Con Stüart Mill öz məşhur “Azadlıq haqqında” əsərində yazırdı: ” “Hər bir şəxs digərlərinin qanuni azadlıq və hüquqlarını pozmamaq şərti ilə  istədiyi yolla öz xoşbəxtliyini axtarmaq azadlığına  malikdir".

Qızıl dövrünü yaşayan Almaniyada XVIII əsrin liberal dəyərlərə malik yeni bir nəsli fərqli fəlsəfi baxışların  təşəkkül tapmasında mühüm rol oynamışdı. Bu dövrdə Emmanuel Kant və Vilhelm Humboldt kimi dünyaca məşhur filosoflarla bərabər,  Höte və Şiller kimi yazıçılar da yetişdi. Kant fərdi muxtariyyəti önə çəkir, fərdi fərdi hüquq və azadlıqları səbəbin tələblərində axtarmağa cəhd edirdi.  O “hər kəs üçün qanun daxilində azadlığa təminat verən hüquqi konstitusiya” yaratmağa çağırırdı.

Bu ideyalar sonrakı dövrlərdə də uğurla davam etdirildi. Bunun nəticəsində azadlıq ideyalarını yayan çox sayda maraqlı əsərlər yaranmağa başladı. Stüart Millin məşhur “Azadlıq haqqında” əsəri də o ideyaların davam etdirilməsi anlamına gələ bilər. Mill  həmin əsərində bir düşüncəyə qarşı olmağın mümkün, amma o düşüncəni yox etmək cəhdlərinin çox zərərli olduğunu qeyd edirdi. Belə düşüncələri yox edərək, bir gün bütün “doğrular”ı yox etmiş olmarıqmı?  İngilis alimi buna nümunə olaraq Nyutonun kəşfləri ilə özündən öncə isbat olunmuş fizika qanunlarını necə alt-üst etdiyini misal gətirir.  Amma məsələ onunla da bitmir axı. Hər kəs bilir ki, üç yüz il sonra da Eynşteyn öz kəşfləri ilə  Nyutonun həmin "mütləq doğru"larını yanıltmışdır. Bu günün özündə də Eynşteynin “doğruları” keçərli sayılır.

XIX əsrin əvvəllərində bu ideyaların yayılmasında  fransız intellektualı Bencamin Konstantın da önəmli rol oynamışdı. Onun müasirləri yazırdı: “O azadlığı başqaları hakimiyyəti  sevdikləri qədər sevirdi..” Humboldt kimi o da azadlığa insanların öz şəxsiyyət və maraqlarının  kəşfi və inkişaf etdirilməsi üçün ən yaxşı sistem kimi baxırdı.  Onların ideyalarını Napoleon dönəmində məşhur bir yazar olan, Robespyerin öldürülməsindən sonra siyasi düşüncələrini açıq söylədiyi üçün kitabları yasaqlanan Madam de Stael də dəstəkləyirdi. Yazıçı xanım sona kimi onu fikirlərinə görə sürgün edən Napoleona qarşı  savaşdı. O, əsərlərində yaşadığı dövrdə üzləşdiyi repressiyalara işarə edərək, “azadlıq qədimdir, məhz despotizm yenidir ” deyirdi.

Şübhısiz, seçim azadlığının əldə olunması həm də insanın öz iradə gücünə və mübarizə əzminə bağlı məsələdir. Çünki həyatın gerçəkləri çox halda istədiklərimizin və haqq etdiklərimizin insana asanlıqla, boşu-boşuna verilmədiyini isbatlayır. Əzmkarlıq və qətiyyət göstərib onu qazananlar əsl azadlığın və gözəl yaşamın açarını əldə emiş olur. Zəiflik göstərib ondan imtina edənlər isə bütöv bir həyatı itəatkarlıq və asılılıqda yaşamağa “razılaşmaqla”, totalitar bir sistemin bərqərar olmasına dəstək verir.

"Cahillik qaranlığında qəbahət işləyənlər cəhalətin günahkarları olsa da, əsil günahkarlar cəhalət qaranlığının qorunmasına səbəb olanlardır. Bir halda ki, cəhalət qaranlığı qəbahət işlənməsinə yol açır, o halda xalqa elm tərbiyəsi verməyənlər böyük bir qəbahət işləmiş olurlar".(Viktor Hüqo, “Səfillər”)

Amma kim deyir ki, “xalqa elm tərbiyəsi verməmək” insanları seçim azadlığından məhrum etməyə və kölələşdirməyə yönəlmiş bir siyasət deyil?..

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat