Liberal ticarətin üstünlükləri (II hissə)

Məhəmməd Talıblı, 30/9/13

“Ağıllı ailə başçısı heç vaxt ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Dərzi özü üçün ayaqqabı tikməyə cəhd etməz, onu çəkməçidən alar, çəkməçi də özünə paltar tikməz, onu dərzidən alar.” İqtisadiyyatın atası Adam Smit

 

Liberal ticarət siyasəti; kimlər udur və uduzur?

Liberalizm sadəcə olaraq bir moda deyildir. Dünyanın inkişaf səviyyəsi elə bir həddə gəlib çatdı ki, ticarət münasibətlərinin açıqlığı və şəffaflaşdırılması bir zərurətə çevrilmişdir.  Liberal ticarət nə üçün lazımdır, onun sadə vətəndaşın həyatında və ölkənin inkişafında rolu nədir, liberal ticarət bəşəriyyətin tarixi taleyində rolu nədən ibarət ola bilər və s. kimi sualların sayını çoxaltmaq olar. Amma  bütün bu sualların cavabları müxtəlif məzmunlu və əhatəlidir.

Azad ticarət imkanları genişləndikcə sosial rifah yaxşılaşır.

Ticarətin azad olmaması istehlakçıların daha çox vəsait xərcləməsi və gəlirlərinin azalması deməkdir. Amma istehlakçıların qazancları naminə liberal ticarət siyasətinin kortəbii sürətdə yeridilməsi də yerli istehsalçıları çətin vəziyyətə qoymaqla, ölkənin fiskal imkanlarını da məhdudlaşdıra bilər. Söhbət istehsalçıların ölkənin büdcəyə ödədikləri bütün növ vergilərindən gedir. Belə vəziyyətin yaranması təkcə, fiskal itki deyil, həm də mövcud iş yerlərinin itirilməsi deməkdir. Ona görə, azad ticarət siyasəti istehlakçı qazanclarının artması ilə yanaşı, həm də düşündürücü olmalıdır.

Ticarət münasibətlərindəki gizlinlər və qeyri-şəffaflıqlar dünyada kölgə iqtisadiyyatının daha da çiçəklənməsinə gətirib çıxardı.

Liberal ticarət siyasətinin tətbiqi eyni zamanda azad rəqabət yaradır. Rəqabət və ondan yaranan üstünlükləri stimullaşdıran dövlətlər isə buna görə liberal ticarət siyasətinə daha çox üstünlük verirlər.

Çoxlu sayda üstünlüklərlə bərabər azad ticarətin çox ciddi makroiqtisadi indikator olan ÜDM-a da böyük təsiri var. Yəni liberal ticarətin mövcudluğu iqtisadi artıma əhəmiyyətli təsir göstərir. Azad ticarət siyasəti iqtisadi artımı stimullaşdıran ticarət siyasətdir. Onu çoxlu sayda ölkələrin timsalında görmək olar. Mütəxəssislərin fikrincə, 19-cu əsrdə ABŞ-ın iqtisadi artımının da əsas səbəbi əvvəlki illərdən başlayan  liberal ticarətin nəticəsi olaraq meydana çıxdı. 18-ci əsrdə ABŞ iqtisadiyyatında hətta ştatlararası məhdudiyyətlərin olması faktı da mövcud idi. Amma sonradan aşkar olundu ki, bu məhdudiyyətlər ixtisaslaşmanı dayandırırmışdır.  Deməli, hər hansı ticarət məhdudiyyətlərinin olması həm iqtisadi artımı, həm də mal və xidmətlər üzrə ixtisaslaşmanı xeyli çətinləşdirir. Çoxsaylı dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, dövlətlər daha tez liberal ticarət siyasəti yürütdükcə, daha tez inkişaf mərhələsinə daxil olur. Məsələn, İngiltərə XIX əsrin ortalarından başlayaraq liberal ticarət siyasəti yürütməyə başlayandan sonra daha sürətlə inkişaf etməyə başladı.

Ölkə azad ticarət siyasəti hesabına ölkənin ixracat həcmini də artıra bilər. Yəni, ölkə nə istəyir satır, nə istəyir alır. Amma belə azad ticarətin strukturuna diqqət yetirmədən onun birmənalı effekt doğuracağına inanmaq da doğru olmazdı. Əgər ölkələr təbii resursun ixracatından daha çox gəlir götürürsə, belə siyasət bəzən ölkənin ticarət şərtlərinin pisləşməsinə gətirib çıxara bilər. Çünki bilirik ki, təbii resursun qiyməti dünya bazar qiymətindən asılıdır. Bu qiymət dəyişkənliyi ölkənin maliyyə ehtiyatlarının sürətlə pisə, yaxud yuxarı qalxan qiymət həddi ölkənin yaxşıya doğru dəyişilməsinə gətirib çıxara bilər. Bunu lotereya uduşuna da bənzətmək olar. Amma ölkədə ixracat potensialı var ikən, azad ticarət şəraiti mövcud deyilsə, o zaman ölkədə iqtisadi gücdən və rəqabətə dözümlü iqtisadiyyatdan danışmaq yerinə düşməyəcək.

Azad ticarət siyasətinin keyfiyyəti eyni zamanda iqtisadi təhlükəsizlik məsələsidir. İqtisadi təhlükəsizlik isə milli təhlükəsizliyin komponentidir. Bu baxımdan azad ticarət siyasəti elə ölçülüb-biçilmiş formada aparılmalıdır ki, bu zaman ölkənin idxal asılılığının artma təhlükəsini, istehlakçı maraqlarının zərbə almaması, ixracatçıların rəqabətə dözümlülük potensialı nəzərə alınmalıdır. Çünki liberal ticarət siyasətinin həyata keçirilməsi kimlərinsə xoşuna gəlmək və hökumətin islahatçı imicini formalaşdırmaq üçün deyil. Bu, bizim özümüzə lazım olduğu üçün vacibdir. Belə münasibət ölkəmizlə dünyadakı ticarət şəbəkəsinin optimal şərtlər altında biri-birinə bağlanması prosesidir. Bu proses isə qarşılıqlı maraqların təmin olunması və bunun nəticəsində ölkələrin inkişaf etdirilməsidir.

Liberal ticarət siyasətindən söz düşəndə iqtisadçılar ABŞ-ı həmişə nümunə gətirirlər. Çünki uzun illər ərzində ABŞ-da ştatlar arasında ticarətə heç bir məhdudiyyət tətbiq edilmədən icazə verilmişdir. Bunun nəticəsində isə ölkənin müxtəlif ştatları arasında rəqabətlə yanaşı, ixtisaslaşma da baş vermişdir. Məsələn, Floridada portağal yetişdirilir, Texasda neft çıxarılır, Kaliforniyada şərab istehsal olunur və s. Amerikalılar yalnız öz ştatlarında istehsal etdikləri əmtəəni istehlak etmiş olsaydılar, bugünkü həyat səviyyəsindən faydalana bilməzdilər. Dünya da eyni şəkildə ölkələr arasında azad ticarətdən faydalana bilər.

Bəzi dövlət azad ticarət siyasətini ona görə tətbiq etmirlər ki, onların iqtisadiyyatları daha üstün rəqabətə və güclü sənaye ölkələrinə malik olan ölkələrdən daha zəifdir. Yəni onlar bilirlər ki, onların istehsal etdikləri əmtəələrin qiyməti dünya bazar qiymətlərindən yüksəkdir. Bu zaman onların rəqabətdə önə çıxmaq imkanları olmadığı üçün belə ticari “intihara” getmək istəmirlər. Ona görə, dünyada keçid ölkələri və ya inkişaf etməkdə olan ölkələr üçün elə ticarət yumşaq şərtləri tətbiq olunmalıdır ki, bu sonda qlobal ticarətin daha genişləndirilməsinə gətirib çıxarsın. Yəni, deyək ki, DTT bu təşkilata üzv ölkələr üçün adaptasiya tənəzzülünün qansız-qadasız və ağrısız keçidi üçün konseptual və institutsional mexanizmləri kifayət qədər yumşaltmalıdır.

Liberal ticarətdən bir çox hallarda imtina həmin ölkənin bir sıra daxili amilləri ilə bağlı olur. Ona görə, proteksionist ticarət siyasəti yürüdən ölkələr dünyadakı konyunkturaları nəzərə alaraq belə siyasətə üstünlük verirlər. Bilirlər ki, dünyadakı belə vəziyyət həmin ölkələrin milli təhlükəsizliyin əsas komponenti olan iqtisadi təhlükəsizliyi bir çox hallarda təhdid edir. İdxal asılılığı ciddi sürətdə artmaqla daxili bazarı tamamən nəzarətdən çıxara bilər. Bununla bərabər, belə siyasət nəticəsində ölkədə iş yerlərinin itirilməsi və məşğulluqla bağlı ciddi problemlər yarada bilər.

 

Azərbaycanın ticarət siyasəti və atacağı addımlar

Azərbaycanın ticarət siyasətindəki anlaşılmazlıqlar və problemlər olduqca çoxdur.  Ölkə daxilində avtomobil istehsalı olduqca məhdud olduğu halda idxal olunan avtomobillərə yüksək  tariflərin tətbiqi başa düşülən deyil. Vaxtı ilə Tullok (1967) öz əsərlərində qeyd edir ki, tariflər proteksionizm əlamətidir. Onların rifaha təsiri isə inhisarçılıq və oğurluq halları kimidir. İndi də baxanda görürük ki, belə yüksək dərəcəli tariflər korrupsiya üçün əsas yaratmaqla dövlət büdcəsinə keçməli olan vəsaitlərin mənimsənilməsinə yol açır. Eyni zamanda, idxal statistikasının “güzgüsü” əsasında aparılan tədqiqatlarda bu sahədə ciddi problemlərin olmasını bir daha sübut edir. Belə ki, İTM-nin apardığı tədqiqat nəticəsində məlum olub ki,  2003-2009-cu illərdə Azərbaycanın əsas ticarət tərəfdaşı olan 16 ölkə ilə apardığı idxal əməliyyatları üzrə fərq 10 milyard 642 milyon 800 min dollar təşkil edib.  Bu məbləğ ölkənin 1 illik dövlət büdcəsinin yarısı deməkdir.

Azərbaycanın liberal ticarət istiqamətində çoxlu sayda detallı fəaliyyətlərlə yanaşı, təcili və təxirəsalınmaz tədbirlər sırasında 3 mühüm addım atmalıdır.

Birincisi. Azərbaycanda ticarətin şəffaflaşdırılması, böyük çaplı ticarət şəbəkəsinə inteqrasiya üçün ilk öncə 16 illik gözləmədən sonra nəhayət ki, DTT-ya daxil olmalıdır. Bu olduqca vacib və məmur sahibkarlığına qarşı ən böyük zərbə ola bilər.

İkincisi. Avropa Birliyi çərçivəsində Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq mexanizmlərinin intensivləşdirilməsi, ticarət münasibətlərinin inkişaf etdirilməsi və belə bir məkanın yaranması üçün Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanması sürətləndirilməlidir.

Üçüncüsü. Qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etməklə, konkret olaraq “Rəqabət Məcəlləsinin” qəbuluna nail olunmalıdır

Ümumilikdə, çoxsaylı problemlərə və çətinliklərə baxmayaraq, iqtisadçıların gəldikləri son qənaət bundan ibarətdir ki, liberal ticarət siyasətinin üstünlükləri daha çox olduğu üçün ondan səmərəlisi və ona alternativi yoxdur. Ona görə, dünyadakı liberal ticarət siyasəti ən effektiv və keyfiyyətli ticarət siyasəti kimi qəbul olunur.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat