Dövlətlərin və xalqların büdcələri

Məhəmməd Talıblı, 21/10/13

Dövlətlərin büdcəsi haqqında müəyyən məlumatlara malik olduğumuz halda, xalqların büdcə anlayışı ilə bağlı nisbətən daha az məlumata malikik. Çünki hər xalqın öz ailə büdcələrini necə etməsi haqqında özünəməxsus yanaşması, üsulları və dəyişən fərqləri var. Xərclənmə ilə bağlı bu millətlərin formalaşan ənənəvi obrazları ilə assosiasiya olunan bəzi sözləri tez-tez eşidirik:  “Amerikalılar belə xərcləyir”, “Almanlar belə qənaətcildirlər”, “Azərbaycanlılar belə bədxərcdirlər” və s.. Bu ölkələrin də hər birində dövlət büdcələri ilə, xalq olaraq ailə büdcələri və onların idarə edilməsində fərqlər var. Araşdırmalar göstərir ki, dövlətlərin büdcələri nə qədər böyükdürsə, həmin dövlətlərin milli  büdcələrindən bir o qədərdə qənaətlə və səmərəli istifadə edirlər. Digər tərəfdən isə, böyük büdcəyə malik olan ölkələrin xalqları da adekvat olaraq öz ailə  büdcələrinin idarə edilməsində dövlətlərinin analoji metodlarından və ənənələrindən istifadə edirlər. Deməli, dövlətlərin və xalqların büdcələrinin xərclənməsi ilə bağlı maraqlı bir əlaqə mövcuddur.

Dövlətlərin büdcə xərcləmələrinin keyfiyyəti xalqların da öz büdcələrinin xərclənməsində özünü göstərir. Əgər pis idarəetməyə malik ölkədə dövlət büdcəsi qeyri-şəffaf və bədxərcliklə istifadə olunursa, həmin ölkədə yaşayan xalqlarında irrasional ailə büdcələri də bərbad gündə olacaq. Çünki xalqların öz gözləri qarşısında dövlət büdcələri barbarcasına istismar olunur. Belə “nümunələr” yaradan dövlətin idarəetməsi xalqların taleyinə keçir.

Dövlət büdcələri müxtəlif mənbələr hesabına formalaşır. Bu gəlir istiqaməti bir neçə sektorla bağlı olur. Əgər bu mənbələrin yaranmasında təbii ehtiyatların payı üstünlük təşkil edirsə, onda həmin dövlətin  büdcəsi  təbii ehtiyatla zəngin ölkə hesab olunur. Beynəlxalq təcrübəyə əsasən ölkənin illik ÜDM-də təbii resursların payı 25%-i keçərsə, həmin ölkə təbii ehtiyatlarla zəngin ölkə kateqoriyasına daxil edilir. Təcrübə göstərir ki, dövlət büdcəsinin gəliri daha çox təbii resurslardan formalaşarsa, həmin dövlətin büdcə gəlirləri də bir o qədər qapalı və korrupsiyaya meylli olur. Hansı ölkənin ki, büdcə gəlirləri proporsional və şaxələnmiş mənbələr hesabına formalaşır, həmin büdcənin daha məsuliyyətlə və şəffaflıqla istifadəsi müşahidə olunur.

Araşdırmalar göstərir ki, təbii ehtiyatlardan asılı olmayan ölkələrin dövlət büdcələri nə qədər şəffaf və səmərəli xərclənirsə, resursdan asılı ölkələrin dövlət büdcələri bir o qədər də qeyri-şəffaf və səmərəsiz istifadə olunur. Xalqların büdcə yanaşmalarının keyfiyyətini təhlil etmək üçün yuxarıda adların çəkdiyim xalqların(ABŞ, Almaniya, Azərbaycan) ailə büdcələrinin necə istifadəsi ilə bağlı bəzi mental xüsusiyyətlərə diqqət çəkək.

Amerikalıların ən az xərclədiyi istiqamət özlərinin geyimləri ilə bağlı olur. Onların xərclərində əhəmiyyətli hissəni yaşayış yerinin (mənzil şəraiti) təmin olunması kimi bir sahə yer tutur. Daha sonra onlar özlərinin səhiyyə xidmətləri ilə bağlı xərclərə böyük önəm verir. Yəni, tibbi sığortaya aylıq gəlirlərinin 500 dollardan başlayaraq 1000 dollara qədər xərcləyirlər.  Orta aylıq əməkhaqqının 2000-3000 dollar olduğu ölkədə istehlaka meylli xərclərin xüsusi çəkisi heç də böyük deyildir. Amerikalılar son 20 ildə kredit götürməyə daha çox meylli olublar. Kreditlərdən istifadənin kütləviləşməsi və bunun hesabına  mənzil təminatlarının ödənməsi özünü bir daha 2008-ci ildə ipoteka kreditlərindən başlanan böhran zamanı da göstərdi. Onlar daha çox başqalarının  (bank kreditləri, borclanma) pulu ilə biznes qurmağa və xərcləməyə daha çox can atırlar. Ona görə bəzən belə bir deyimlə tez-tez rastlaşırıq: “Mən o qədər axmaq deyiləm ki, öz pulumla iş görüm.” Amerikalıların eyni zamanda daha çox xərclədikləri pul vəsaiti övladlarının yaxşı gələcəyi ilə bağlı olur. Belə ki, onlar uşaqlarının gələcəkdə yaxşı təhsil almalarına zəmanət yaradılması üçün  uşaqlar anadan olandan onların adına bank hesabları açıb yatırım etməyi vacib iş hesab edirlər. Bununla yanaşı, onlar öz gəlirlərini özəl pensiya fondlarına investisiya etməyə də çox can atırlar.

Beynəlxalq Qənaət gününün şərəfinə keçirilən gündə müəyyən olunmuşdur ki, Avropa xalqlarının içində ən qənaətcil xalq Alman xalqıdır. Almanlar özlərinin ailə büdcələrini çox dəqiqliklə hesablayırlar. Demək olar ki, əksəriyyətin ailə büdcəsi ilə bağlı hesablama aparırlar. Hər bir almanın əlində aylıq büdcələrinin hesablanması üçün hesab makinası görə bilərsiniz. Onlar qənaətləri hesabına daha çox yığım etməklə həmin vəsaitləri təqaüd fondlarına  yatırır və qiymətli kağızlar almağa daha çox can atırlar. Almaniyada da aylıq xərcləmələrdə birinci yerdə mənzil-məişət şəraitinin təmin olunması, kirayə xərcləri və ipoteka kreditləri kimi xərclər üstünlük təşkil edir. Almanlar lüks mallara yönəlik xərclərə çox az meyl edirlər. Onlar moda ilə ayaqlaşmaqla, geyimə demək olar ki, çox pul xərcləmirlər. Onlar köhnə paltar geyməkdən heç utanmır və buna görə borca girərək nəyin hesabına olursa-olsun özləri üçün dəbə uyğun pal-paltarlar almırlar. Almanlar daha çox malların endirim kampaniya dövrünü gözləyərək, münasib qiymətlərlə mal almağı daha çox tərcih edirlər. Bu vəziyyətlə bağlı fransızlar da eyni davranış sərgiləyirlər. Belə ki, fransızlar da belə endirim kampaniyalarına daha əvvəlcədən xüsusi hazırlaşırlar. Almaniyada belə endirim kampaniyalarındakı qiymətlər 50-60 faiz həcmində olur. Lakin belə endirimlərin olmasına baxmayaraq, onlar qarderoblarını tez-tez yeniləməyi xoşalmırlar. Almanların qənaət rejimində çalışmalarını xarakterizə edən bir amil də var. Belə ki, almanlar soyuqlar tam düşməyincə istilik sistemlərindən istifadə etmirlər. Onlar havalar tam soyumayınca isti paltarlar geyinib, istilik sistemləri üçün xərclərə qənaət edirlər.

Azərbaycanda orta aylıq əməkhaqqının 400 manat, minimum əməkhaqqının 105 manat, orta pensiya məbləğinin 150 manat  səviyyəsində olmağına baxmayaraq,  lüks mallara yönəlik xərclər şəhərdə insanın gözünü qamaşdırır. Tələbələr üçün hələ sentyabrdan olan artımlarla təqaüdün 50(orta qiymətlərlə)-85(əla qiymətlərlə) manat almasına baxmayaraq, bahalı telefon, avtomobil almaq kimi ənənəvi zövq dəyişməz qalır. Bundan başqa, az maaşla kreditlə avtomobil almaq kimi böyük risklər edənlər də az deyil. Təsadüfi gəlirlər hesabına qızları üçün bahalı cehiz, övladları üçün mənzil almaq həvəsləri təkrarlanan dəbə çevrilib. Tipik azərbaycanlı geyimə görə son qəpiyini belə verməyə hazırdır. Kiçik həcmli və az yanacaqlı avtomobil almaq kasıblıq və aşağılıq kimi qiymətləndirilir. İnsanlar bahalı və çox sərfli  yanacaq istifadə edilən avtomobil almağa daha çox həvəs göstərirlər. Avtomobildən istifadə ilə bağlı müqayisə üçün fransızların qəribə ənənəvi yanaşmaları var. Fransızlar az yanacaqlı avtomobil almaqla yanaşı, onun hətta yanacaq xərclərinin paylaşılması kimi üsullarından da istifadə edirlər. Onlar bunu covoiturage ("avtomobilin şərikli (müştərək) istifadə edilməsi üsulu da adlandırılır. Onlar yol boyu avtomobil gözləyən insanları özləri ilə aparıb, yanacaq pullarına şərik edirlər. Hər hansı bir uzaq bölgəyə getmək öncədən avtomobilləri üçün “şəriklər” tapması üçün saytlar vardır.

Hər üç ölkə üzrə xalqların büdcə yanaşmalarındakı fərqləri gördük. Maraqlı cəhət ondan ibarət oldu ki, büdcəsi 100 milyard dollarla ölçülən ölkələr daha çox qənaətə malik olduğu halda, cəmi 25 milyard dollar büdcəsi olan azərbaycanlılar yığımdan daha çox istehlaka və lüks mallara yönəlik malların almasına daha çox meyl edirlər. Biz də əvvəl-axır dünyada dəyişən büdcə yanaşmalarına, xərclərin optimallaşdırılmasına və düzgün büdcə qərarlarına sahib olmalıyıq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat