Büdcə imkanları və son artımlar

Məhəmməd Talıblı, 25/10/13

Son aylar ölkə Prezidenti müxtəlif sosial qrupları əhatə edən artımlarla bağlı sərəncamlar vermişdir. Bu artımların büdcənin  mövcud imkanlarına nə qədər adekvat olub-olmadığı ilə bağlı bəzi suallara cavab axtarmalı olacağıq.

Son artımlarla bağlı sərəncamın tələblərinə görə, ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olacaq. Buna qədər əmək haqqının minimal məbləği 93,5 manat təşkil edib. Bəzən minimum əməkhaqqının həddinin müəyyənləşməsi bəzi vətəndaşlarımız tərəfindən tam anlaşılmır. Əslində, minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni bu sərəncamın tələbindən sonra ölkədə işləyən hər bir vətəndaş üçün 105 manatdan aşağı əməkhaqqı vermək mövcud qanunvericiliyə ziddir. Amma elə ölkələrdə vardır ki, onlarda belə qanunverici norma yoxdur. Yəni onlarda ümumiyyətlə vahid minimum anlayışına rast gəlmək olmur. Konkret olaraq belə yanaşmalar inkişaf etmiş Avropa ölkələrində tətbiq  edilir. Bu sırada İsveçi, İsveçrəni, Almaniyanı, İrlandiyanı və nəhayət neft gəlirlərinin səmərəli istifadəçisi kimi tanınan Norveçi misal göstərmək olar.

Son artımlardan sonra ölkədəki minimum əməkhaqqının mövcud səviyyəsi başqa ölkələrlə müqayisədə ciddi nəticələr çıxarmağa əsas verə bilər. Bu müqayisəni 3 qrup ölkələr üzrə aparaq. Orta Asiya ölkələri, Cənubi Qafqaz və Pribaltika respublikaları üzrə müqayisələrə baxaq. Ümumilikdə, özümüzlə postsovet məkanındakı respublikaları və Şərqi Avropa ölkələri ilə müqayisəsini aparsaq, məlum olacaq ki, bizdə vəziyyət heç də dramatik deyil. Yəni bizdəki MƏH-in səviyyəsi Orta Asiya ölkələrindən demək olar ki, yaxşı mənada seçilir. Yalnız Türkmənistanda bu fərq bizə nisbətən yaxşıdır. Əgər son artımlardan sonra bizdə MƏH-nın məbləği 134 ABŞ dolları səviyyəsindədirsə, Türkmənistanda bu rəqəm 150 dollar arasındadır.

Cənubi Qafqaz ölkələri ilə də müqayisədə də vəziyyət bizdə nisbətən yaxşıdır. Gürcüstanda isə yaxşı bir nümunə ondan ibarətdir ki, orada MƏH dövlət və özəl sektorlar üzrə fərqləndirilir. Mən düşünürəm ki, bu, doğru yanaşmadır. Çünki dünya təcrübəsi də göstərir ki, təkcə dövlət və özəl sektorlar üzrə deyil, eyni zamanda sektor daxilində də belə diferensiasiya siyasətinə ehtiyac var. Yəni dövlət qulluqçusu statusunda olanlarla  olmayanlar, hüquq-mühafizə orqanlarında çalışanlarla, elmi-akademik çevrədə çalışanların MƏH-ı eyni olmamalıdır. Bizdə isə vahid və standart yanaşma hökm sürür. Hesab edirəm ki, minimum əmək haqqı müxtəlif sosial qruplar və sektorlar üzrə fərqləndirilməlidir.

Bu artımları  Pribaltika respublikaları ilə müqayisə etdikdə görürük ki, onlarda MƏH bizdən 3-4 dəfə çoxdur. Latviya və Litvada MƏH ortalama 423 dollardırsa, Estoniyada bu rəqəm 420 dolların üzərindədir. Müqayisə üçün deyim ki, bu hədd Avropa Birliyi ölkələrinin bəziləri ilə oxşar durumu açıq ifadə edir. Buna Polşa, Macarıstan, Xorvatiya, Rumıniya və s. kimi ölkələri misal göstərmək olar. Bolqarıstanda belə MƏH-nın səviyyəsi Pribaltika respublikalarından təxminən 2 dəfədən azdır. Qardaş Türkiyədə isə MƏH  540 dollar, həmin ölkələrdən azca yüksəkdir. Bu Pribaltika respublikalarının necə güclü sosial siyasətə malik olduqlarını göstərən amillərdəndir.   Avropa Birliyi və Qərb ölkələrində MƏH-nın səviyyəsi isə 800 dollardan başlayaraq 2000 dollara qədər yüksəlir. Əgər ABŞ-da bu hədd 1300 dollara yaxındırsa, adambaşına düşən ÜDM-in səviyyəsinə görə dünyada lider ölkə olan Lüksemburqda bu rəqəm 2000 dolların üzərindədir.

“Bəs bizdə MƏH nə qədər olmalı və ya onu necə hesablamaq olar” kimi suallar meydana çıxır. Əslində, istər pensiya, istərsə də MƏH-in həddinin müəyyənləşməsi ölkəmizin qoşulduğu Avropa Sosial Xartiyasının tələbləri ilə bağlıdır. Belə ki, ölkədə pensiya məbləğinin müəyyənləşməsi ilə onun ölkədə orta aylıq əməkhaqqının 40 faizindən aşağı olmaması göstərilir. MƏH isə ölkədə orta aylıq əməkhaqqının 60 faizindən aşağı olmamaq nisbətində ölçülməlidir. Hər iki meyar üzrə hesablamalar aparsaq, məlum olacaq ki, ölkədə pensiyanın həddi 165 manat, minimum əmək haqqı isə 247 manat səviyyəsində olmalıdır. Bu Avropa Sosial Xartiyasının tələbidir.

Ölkədə MƏH-nın 10 faiz artımı əhalinin yaşamında hansı pozitiv dəyişikliyə səbəb ola bilər? Bu artım müxtəlif sosial qrupların rifah səviyyəsinə necə təsir göstərə bilər? Bu tipli suallar yeni artımlar fonunda çox eşitdiyimiz suallardandır. Bildiyimiz kimi, artımlardan sonra bazarda mal və xidmətlərin qiymətləri artmağa başlayır. Bəzən belə olur ki, mövcud inflyasiya tempi həmin artımları üstələyir və ya ona bərabər olur. Çünki həm ticarətdə, həm də idxal malları üzərində inhisarçılığın mövcud olduğu bir şəraitdə qiymətlərin inhisarçılar tərəfindən qaldırılması belə artımları bəzən əhəmiyyətsiz edir. Ona görə, belə qiymət artımları çox zaman əhalinin rifah səviyyəsində özünü tam göstərmir. Eyni zamanda, nəzərə alanda ki, ölkə əhalisinin 65-72 faizinin gəlirləri ərzaq məhsullarına sərf olunur, o zaman aydın olacaq ki,  məlum artımların vətəndaşlarımızın həyatında müsbət rol oynamasından danışmaq yerinə düşmür.   Halbuki, yuxarıda adlarını çəkdiyimiz ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə orta aylıq əməkhaqqının 10-12 faizini ərzağa xərcləyirlər. Yuxarıda haqqında danışdığımız Pribaltika respublikalarında isə orta aylıq əməkhaqqının 18 faizi bu sahəyə xərclənir.  Bu artımların büdcəyə neçəyə başa gəlməsi və büdcədən nə qədər vəsaitin xərclənməsi də ciddi məsələlərdəndir. Mövcud artımlar fonunda bu vəsaitin büdcəyə 800 mln. manatdan çox vəsait hesabına başa gələcəyi proqnozlaşdırılır.  Bəzən belə yanaşmalarla da rastlaşırıq ki, yüksək sosial artımlar inflyasiyaya və makroiqtisadi tarazlığın pozulmasına səbəb olacağı üçün buna gedilmir. Amma bu fikirlə qətiyyən razı olmaq olmaz. Əvvəla, büdcə vasitəsilə böyük məbləğdə investisiya xərcləmələrinin müəyyən hissəsi sosial təyinatlı da olur. Yəni əməyin ödənməsi kimi investisiya layihələrində də xərclər istiqamətə sərf olunur ki, bu da əldə olunan pul vəsaitlərinin bazara tökülməsi ilə nəticələnir. Bu isə özlüyündə inflyasiyanı fəallaşdıran amil kimi çıxış edir.  İkincisi, ölkədə inflyasiya riskləri doğuran amillər olacaq deyə, gərək dünyanın heç bir ölkəsi sosial artımlarla bağlı siyasəti təşviq etməsin. Çünki, belə artımlar sonda inflyasiya təzyiqi yaradar və s. Əgər artımlar inflyasiyanı fəallaşdıran amil kimi çıxış edərsə, onda ölkənin monetar siyasətinə məsul qurumlar həmin prosesin tənzimlənməsi üçün müxtəlif pul-kredit alətlərindən istifadə edir. Ölkələrin məhz monetar orqanlarının effektivliyi makroiqtisadi tarazlığın qorunub-saxlanması üçün çətin vəziyyəti normal məcraya salmaqdan ibarət olmalıdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat