Qanunsuz və zorsuz harmoniyada…

Səadət Cahangir, 27/10/13

İnsan azadlığı və insan haqları prinsipləri hələ çox qədimlərdən dünya filosoflarının diqqətini çəkən mövzulardan olub. Bu bəşəri dəyərlərlə bağlı mühüm təlimlərin əsasən qərbdə yarandığı məlum olsa da, o, heç də şərq filosoflarının yaradıcılığından yan keçməyib. Hələ eramızdan əvvəl təxminən 6-cı əsrdə yaşamış Çin filosofu Lao Tzu yazırdı ki, “qanun və zor olmadan insanlar harmoniyada yaşayardı”. Şərqli düşüncə adamının fəlsəfi fikirlərinə münasibətini bildirən amerikan alimi Deyvid Boaz deyir ki, “ Tao fəlsəfəsi şərq fəlsəfəsi ilə əlaqəli olan mənəvi aydınlığın klassik bəyanatıdır”. D. Boaz bu fikrini inkişaf etdirərək bildirir ki, mənasına görə həmişə iki siyasi fəlsəfə olmuşdur: azadlıq və hakimiyyət. Bununla da, ya insanlar öz həyatlarını istədikləri kimi yaşamalı, başqalarının bərabər hüquqlarına hörmət etməli, ya da digər insanlar zor işlətməklə başqalarını istəmədiklərini etməyə məcbur etməlidirlər. Ona görə də, güc fəlsəfəsinin həmişə hakimiyyətdəkilərə yaxın olması heç də təəccüblü deyil…

Heç şübhəsiz ki, tarixən hakimiyyəti təmsil edən hökmdarlar, krallar, şahlar ilə xalq arasında yaranan uçurumun əsasında da elə bu problem dayanıb. Daha çox imtiyaz əldə etmək üçün on illərlə sürən hakimiyyətlərin sadə xalqa gətirdiyi bəlalar günümüzün də ən aktual problemlərindən deyilmi?.. Azərbaycan  prezident seçkilərindən yenicə çıxıb. Necə çıxdığını hamınız bilirsiniz. İki həftədən artıqdır dünyanın gündəmini zəbt edən seçki rüsvayçılıqları haqqında xəbərlərimiz ölkə-ölkə dolaşır. Dünya bizim seçki təcrübəmizin mayasını təşkil edən “karusel oyunları”ndan danışır.  Daha qanunun bundan betər eybəcərləşdirilməsi, pozulması və pozğunlaşdırılması nəyə deyirsiniz?  Azərbaycanda seçkiləri izləyən xarici jurnalist müşahidəçilərindən biri dünyanın heç yerində buradakı qədər seçki hoqqabazlığına şahid olmadığını deyir. Doğru sözə nə deyəsən?

Seçki bir xalqın taleyini təyin etmək hüququ, azad ifadə hüququ, səs hüququdur. Bu təməl haqqın tanınmadığı ölkədə “qanunun şah, yoxsa şahın qanun” olduğunu anlamaq çox çətin deyil ki... Bu ölkədə nə zamandır beş illər belə davam edir...İllər boyu köhnə üzlərdən,  boyat sözlərdən, yalan və saxtakarlıqlardan bezmiş, səbirsizliklə dəyişiklik gözləyən insanların ümidləri hər dəfə suya düşür. Hökumətlərin seçki məsələsində “güzəştə” getməməsinin, nəyin bahasına olursa-olsun sükanı əldən buraxmamasının sirri çox sadədir. Seçki böyük çoxluğun uğursuz rejimdən qurtulması üçün ən qanuni və yumşaq yoldur. Bu haqqı onlara tanımaq isə illərlə hakimiyyət aparatında bütün mexanizmləri ələ keçirmiş qrupun sonu, çöküşü və böyük imtiyazlardan məhrum olması deməkdir. Və bu kürsüdə normal məntiqə malik şəxslər oturmadığı üçün, böyük çoxluğun haqqının qəddarlıqla əlindən alınmasına üstünlük verilir.

Bəli, azadlıq insanlara insani dəyərlərin hər şeydən yüksək olması, öz haqqına sahib çıxılması, öz taleyini müəyyən etməsi kimi ən gözəl duyğular yaşadır. XIX əsrdə yaşamış alman alimi Frederik Hayek  “Azadlıq konstitusiyası” kitabında yazırdı: “Azadlıq zəruri olaraq bəyənmədiyimiz bir çox işlərin də görüləcəyini ifadə edir...Milyonda bir insanın faydalandığı azadlıq, hamımızın faydalandığı hər hansı azadlıqdan cəmiyyət üçün daha vacib və çoxluq üçün daha faydalı ola bilər”.  Şübhəsiz ki, normal vəziyyətdə hamı azadlığın ümumi şərtlərindən bəhrələnir. Ancaq ona görə yox ki, o bizə istədiyimiz işi görməyə hüquq verir, ona görə ki, o, fərdlərin çalışmaları, səhvləri və ya onların yeni həyat uğrundakı cəhdləri ilə inkişafın əsasına çevrilir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat