Azadlıq, yoxsa kolbasa bolluğu...(I hissə)

Məhəmməd Talıblı, 6/11/13

Azadlıq haqqında bütün insanlar düşünür. Onların bir qismi yalnız azadlığın boğulmasını tez-tez gördükcə, buna ehtiyacın nə qədər böyük olduğunun fərqinə varır. Başqa birisi azadlığın gərəksiz bir ideya olduğunu zənn edir, amma öz təcrübəsində adi bir hadisə ilə üzləşib, azadlığın olmadığına görə həyatı cəhənnəmə çevriləndən sonra onu dəyərini yenidən kəşf edir. Əslində, azadlığın bir dəyər olaraq cəmiyyətdə təşəkkül tapmaması cəmiyyətin təkcə mənəvi deyil, hüquqi, siyasi, iqtisadi azadlıqlarının sərhədlərinin nə qədər dar olduğunu göstərir. Baxmayaraq ki, azadlıq mənəvi dəyərdir, amma o özü ilə yanaşı qeyri-mənəvi dəyərlər sisteminin təşəkkül tapmasını zəruri edir. Bu baxımdan azadlıq mənəvi dəyərdir, o, son maddi istehlak deyildir. Çünki cəmiyyətdə hər şey maddi nemətlərin istehlakı mənasında qəbul olunsa, onda cəmiyyətdə “kolbasa” bolluğu yaradılması kifayət edir ki, bütün cəmiyyət üzvləri bu “kolbasaya” görə bütün azadlıqlarından imtina etsin. Çünki cəmiyyətin və ya insanın tələbatı biofizoloji tələbatdan ibarətdirsə, onda onu yalnız “kolbasa bolluğu” yaratmaq hesabına bütün ehtiyacların təmin etmək olar. Onda cəmiyyət üzvləri də sosial varlıq olmaqdan çıxaraq bioloji varlığa çevrilirlər. Uzun illərdir ki, bizi yaxından tanıyanlar belə suallar verirlər: bəs, normal yaşayırsınız və digər imkanlarınız olduğu halda, niyə azadlıq dəyərləri üçün bu qədər mübarizə aparırsınız? Niyə aksiyalar tərəfdarı və uzun illər müxalif mövqedəsiniz? Birincisi, bu mübarizə hansısa merkantil və şəxsi dava deyil, bu bir ideoloji mübarizədir. Yəni bu, canatmaq ideyalarının fərqliliklərinin toqquşmasıdır.

Bizdə elə anlaşılır ki, guya azadlıq ideyaları üçün danışan siyasətşunas, onun uğrunda mübarizə aparan isə siyasətçi olmalıdır. Əslində, azadlıq mücadiləsi siyasətçi işi yox, İNSANLIQ işidir. Bu mövcudluq uğrunda savaşdır. Fərq etməz, bu ya onun ilkin əldəetmə mərhələsidir, yoxsa onun keyfiyyətcə növbəti mərhələsi.

Yəni, bizim Azərbaycana münasibətdə və idarəetmədə dünyagörüşlərin fərqliliyidir. İkincisi, bu bəzilərinin çox primitiv başa düşdüyü, “siz gedin, biz gələk”, “siz pissiniz, biz yaxşı” prinsipi deyil. Biz cəmiyyətə dəyərlərimizi təqdim etməklə, xalqın seçim imkanlarını gerçəkləşdirməsini və onun hansı idarəetmə hesabına hansı cəmiyyətdə yaşamasını öyrənmək istəyirik. Çünki biz hətta valideyn olaraq bilməliyik ki, övladlarımız hansı cəmiyyətdə yaşayacaq. Yəni, cəmiyyətdə hökm sürən “oyun qaydaları” orta əsr təfəkkürünə uyğun formalaşıbsa, onda bizim övladlarımız uzun illər idarəedən yox, idarəolunan olacaqlar. Bu istedadla bağlı idarəolunanlıq(rasional iyerarxik yox!) deyil, varisliklə və azadlığın olmaması ilə bağlı idarəolunanlıqdır. Azadlığın dəyəri onun cəmiyyətdə yaratdığı ədalət meyarları ilə ölçülməlidir. Məşhur, filosoflardan soruşanda ki, övladını necə tərbiyə etmək istərdin? Oda çox ibrətamiz cavab verir ki, ƏDALƏTLİ CƏMİYYƏTDƏ doğulsa, bu yetər!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat