Zənginliyin və bolluğun açarı...

Səadət Cahangir, 11/11/13

Gözəl biznes mühiti zənginlik və bolluğun açarıdır. Dünya yaranandan yalnız sahibkarlığa normal şərait yaratmış və geniş imkanlar açmış ölkələr xoşbəxtliyin yolunu tapıb irəli getmişlər. Uzaq sərhədləri aşan və min kilometrlərlə məsafələrdəki insanları yaxınlaşdıran, şübhəsiz, iqtisadi çiçəklənməyə əsas yaradan biznesin gücüdür.

Bu gün dünyanı bir düymənin möcüzəsinə bağlayan texnoloji inqilabların sirrini də, təbii, azad biznesin inkişafında aramaq lazımdır. Məhz bu texnoloji sıçrayışlar sayəsində, demək olar ki, dünyanın informasiya məkanı hər gün işıq sürəti ilə dəyişir. Əldə olunan uğurların parlaq nəticələri də göz önündə... Beləliklə, bu il də "Forbes" jurnalının ənənəvi olaraq açıqladığı  dünyanın ən nüfuzlu biznesmenləri siyahısına üç texnologiya nəhəngi başçılıq edir.

Jurnalın araşdırmasına görə bu ilin ən nüfuzlu biznesmenləri "Microsoft" şirkətinin direktoru Bil Qeyts(1-ci yer), "Google" şirkətinin rəhbərləri Larri Peyc və Serqey Brin (2-ci yer), "Facebook"un qurucusu Mark Zukerberq(3-cü yer) olub. Ümumiyyətlə, siyahıda olan 12 nəfərin əksəriyyəti texnologiya sektorunda işləyir. Jurnalın nəticələrinə görə, dünyanın ən nüfuzlu biznesmenləri ABŞ və Asiyada yaşayırlar.

Bu ilin nəticələrinə görə, dünyanın ən xeyirxah milyarderi olan Bill Qeyts Meksika maqnatı Karlos Slimanın iki illik liderliyini yenidən əlindən alıb və təkrar planetin ən zəngin insanı statusuna qayıdıb. Hazırda Billin mal varlığı 72 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yerdə dayanan internet nəhəngi "Google" şirkətinin rəhbərləri Peydja və Brinanın isə 24,9 və 24,4 milyard dollar gəliri var. Nəhayət, hamımızın gündəlik həyatına informasiya göyərçini kimi girmiş "Facebook"un  təsisçisi Mark Zukerberq isə 19 milyardlıq büdcənin sahibidir.

Bəli, artıq texnoloji inkişaf elə bir səviyyəyə gəlib çatıb ki, dünyanın vətəndaşları sayılan azad sahibkarların biznes sayəsində möcüzələr yaratması heç kəsdə şübhə doğurmur. Böyük biznes güclü sahibkarlar və ölkələrin böyük uğurları deməkdir. Bu tarixi yazan və təkcə vətəndaşı olduğu ölkəyə deyil, uzaq qitələrin insanlarına belə milyonlar qazandıran sahibkarlar müasir dünyanın qurucu memarlarıdır. Onlar öz zəkaları və çalışqanlıqları ilə yalnız pul qazanmaqla kifayətlənmir, texniki tərəqqinin nailiyyətləri sırasına hər gün yeni töhfələr verməkdə davam edirlər. Bu həm də dünyanın bütün köşələrində yaşayan insanlar üçün zəhmət və ağıl sayəsində halal milyardlar qazanmaq örnəyi yaratmaqdır. Bəhs etdiyimiz zənginlər siyahısında birinci olan Bil Qeytsin nümunəsi dünya üçün əsl örnək sayıla bilər. Onun qazandığı milyonlardan uzaq qitələrdə yaşayan yoxsullara, aclıq çəkən uşaqlara, yoluxucu  xəstəliklərin caynağında çapalayan çarəsizlərə xərclədiyi böyük pullar insanlara halal qazancı paylaşmanın parlaq bir nümunəsidir.

Hər il dünya nəhənglərinin adı açıqlanan bu siyahılara baxdığımız zaman dərin bir köks ötürürük. Bizdə nə zaman azad sahibkarlığın qol-qanadını açacaq, monopoliyaya qapıları qapadacaq, şəxsi mülkiyyətin qorunmasına tam zəmanət verəcək bir sistem yaranacaq? Bəli, zaman düşündüyümüzdən daha çox sürətlə dəyişir və bu müsbət dəyişikliklərdən qazananlar irəli can atanlardır. Yerində sayanların qazancı yoxdur, itirəcəkləri isə, ən azı, modernləşən və yeniləşən dünyanın bir parçası kimi yaşamaq şansından məhrum olmaqdır...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat