Azadlıq, yoxsa kolbasa bolluğu...(II hissə)

Məhəmməd Talıblı, 16/11/13

Ədalətli cəmiyyət konstitusiya ilə bütün növ hüquqları və sosial təminatı özündə ehtiva edən cəmiyyət deyildir. Konstitusiya ilə insanlar üçün nəzərdə tutulan azadlıqlardan bəhs edilməsi hələ onların bizə verilməsi anlamına gəlmir. Hətta ən yüksək səviyyədə hüquqların təsbit olunduğu hüquqi sənədlər də xalqların azadlıq ideyaları ilə birbaşa bağlı olduğunu sübut etmir. Çoxlu sayda ölkələrin tarixi göstərir ki, hüquqların tapdandığı dövlətlərin hüquq sistemlərinin məzmunu azadlıqların ali təminatını yaradan ölkələrdən heç də geri qalmır. Amma belə ölkələrdə minimal azadlıqlardan belə danışmaq mümkün  olmur. Hüquqi-normativ sənədlərin və qanunların insanlara verdiyi azadlıqlar yalnız bu sahədə istəkləri və hüquqi çərçivələri əks etdirir. Amma nəzərə alanda ki, bütün istəklər siyasi iradəsiz və institutların işlək mexanizmi olmadan mümkün deyil, onda belə hüquq və azadlıqların gəlişməsi üçün institutsional fəaliyyətə ehtiyac olduqca böyükdür. İstənilən institutsionalist təminatlar insanların təhlükəsizliyinə təminatın vacibliyini qeyd edir. Əslində, universal mənada düşünəndə, azadlıq çörək, tətil və istirahət etməklə yanaşı, insanın təhlükəsizliyinin təmin olunmasıdır. Vaxtı ilə ABŞ Prezidenti Avraam Linkoln deyirdi: “ Hamımız azadlıq tərəfdarı olduğumuzu elan edirik; eyni kəlmədən istifadə edirik, amma eyni şeyi nəzərdə tutmuruq. Bəziləri üçün azadlıq istədiyi şeyi etmək, əməyinin məhsulunu istədiyi kimi istifadə etməkdir. Bunun əksinə olaraq, başqaları üçün eyni söz bəzi insanların başqalarına istədiklərini etmələri, başqalarının əməyinin məhsulunu istədikləri kimi istifadə etmələri mənasına gələ bilər. Burada yalnız fərqli deyil, uyuşmaz iki şeyə eyni ad verilməkdədir, hər ikisi azadlıq adlandırılır; bunların hər ikisi müxtəlif təqdirəlayiq partiyalar tərəfindən fərqli iki sözlə; azadlıq və tiraniya adlandırılır.“ Bu mənada, azadlıq dövlət müdaxiləsi olmadan istədiklərini eləmək və arzuladıqlarını demək haqqıdır.

Azadlıq anlayışı birtərəfli qavram deyildir. Azadlığı boğanlarla azadlıq carçıları arasında bəzi məsələlərin mübahisəsinə də rast gəlirik. Azadlıq carçıları haqlı olduğunu deyir, azadlığı məhdudlaşdıranlar isə bunun xaosa rəvac verə biləcəyini iddia edərək, özlərinə bəraət qazandırırlar. Eyni məntiqlə qurd, quzu və çobanın məntiqini başa düşməyə çalışaq. Çoban qoyunu boğmaq istəyən qurdu qovur; qoyun xilaskarı olduğu üçün çobana təşəkkür edir; halbuki qurd eyni hərəkətinə görə çobanı azadlığın qənimi deyə lənətləyir… Aydındır ki, qoyun ilə qurd azadlıq sözünün tərifi üzərində razılaşa bilmirlər. Bu mənada azadlıq uğrunda mübarizədə hər bir tərəfin öz arqumentləri və mübarizə ənənələri var. Azadlıq əliyalın və zəif iradə sahiblərinin nəsibi də deyildir. Azadlığın əldə olunması onun uğrunda döyüş ruhu və mübarizə ovqatı olmadan da mümkün ola bilməz. Hətta bizim müqəddəs kitabımız olan  Qurani-Kərimdə buyurulur: “Sizinlə savaşdıqları kimi savaşın. Sizə təcavüz etdikləri kimi təcavüz edin.” Əslində bu ayədə bir mübarizə və qisas var. Çünki azadlıq dəyərlərinin qarşısını kəsənlər bəşəriyyətin böyük inkişaf maşınının sürətini tormozlamış olurlar. Belə edənlər təbii ki, tarixi inkişafı dayandırıb və cəmiyyətin iradəsini zorlamaq istəyirlər. Amma ondan çəkinib, azadlıq uğrunda mübarizədə taym-aut götürənlər şər qüvvələrə daha böyük həvəs vermiş olurlar. Fəlsəfi olaraq düşünmək məcburiyyətində qalırsan. Niyə dünyada Şər qüvvələr Xeyir qüvvələri üstələyir? Niyə zalımların sayı və tərəfdarları zülmə məruz qalanların sayından çoxdur? Niyə mürtəce deyərlər mütərəqqi dəyərlərdən daha çox önə çıxır? Niyə oğrular doğrulardan daha yaxşı birləşirlər? Fikrimcə, şər qüvvələrin xeyir qüvvələr üzərində qələbə qazanması şər qüvvələrin aktiv olması ilə deyil, xeyir qüvvələrin passiv olması ilə bağlıdır. Yəni azadlıq dəyərlərdə israrlı olanların gücü artıq olsa da, onların prinsiplərində sabitqədəm olmaması, təkidli mübarizə aparmaqda daha qətiyyətli olmaması nəticəsiz qalır. Belə qətiyyətli mübarizə bir çox hallarda qan-qada, zor və işgəncələr hesabına başa gəlir. Amma sonda azadlıq tərəfdarları qalib gəlir. ABŞ-ın mütərəqqi fikir adamlarından olan Tomas Ceferson bunu olduqca obrazlı ifadə edərək yazırdı: ”Azadlıq elə bir ağacdır ki, gərək onu vaxtlı-vaxtında qanla suvarasan.” Bəşəriyyətin son əsrləri bir daha göstərdi ki, azadlıq həqiqətən verilmir, o alınır!

Azadlığı bir nəslin missiyası hesab etmək olarmı? Azadlıq yalnız hər hansı bir zaman kəsiyi üçün marafondurmu? Azadlıq və nəsillər arasında hansı əlaqə var?   Əslində, cəmiyyət üçün azadlığın ölçüsü onun nəsillərarası dəyərə çevrilməsində və onun uğrunda davamlı mübarizə prinsipinə sadiq qalmaqdadır. Bu baxımdan, azadlığın permanent prosesə çevrilməsi üçün onun milli ideologiya kontekstində populyarlaşmasına ehtiyac var. Populyarlaşmayan ideologiyanın isə bir millət üçün milli kimlik anlamı ola bilməz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat