Söz yarası öldürməz, amma...

Səadət Cahangir, 21/11/13

Dünyada söz davası, bəlkə də, elə söz yarandığı gündən başlayıb. Söz azadlığı hər bir insanın təməl haqqıdır, doğru. Öz haqqının müdafiəsi üçün səsini çıxara bilməyən, sözünə qadağa qoyulan ölkədə insan necə azad ola bilər? Amma söz həm də bir silahdır axı, öldürməz, amma öldürməkdən betər edər. Heç şübhəsiz, dünyanın bütün totalitar cəmiyyətlərində səlahiyyət sahiblərinin sözdən qorxması boşuna deyil. Həqiqi mənada, sözün böyük davalarda ən kəskin silah qədər gücə sahib olduğu hər zaman özünü doğrudur.

Bu gün bizim çevrəmizdə baş verənlər nədir bəs? Böyük basqılar, məhkəmələr, cərimələr hakim bir gücün sözə qarşı elan etdiyi savaş, onu susdurmaq iddiası deyilmi? Son günlər  ölkədə özünü zor-güc qoruyub saxlaya bilən tək-tək azad söz daşıyıcılarına qarşı davam edən basqılar yenidən bütün diqqəti bu mühüm məsələnin üzərinə yönəldir. Dünyanın heç bir köşəsində müstəqil mətbuata meydan açmadan özünü inkişaf etdirə bilən ölkə yoxdur. Olmasına imkan da yox!

Dünyaca məşhur fransız yazıçısı və filosofu  Alber Kamyunun “Söz azadlığı haqqında manifest”i var. O bu əsəri dünyanın ən çətin dövründə, İkinci Dünya Müharibəsi dövründə yazmışdı. Bu yazı 1939-cu ildə yazıçının Əlcəzairdə baş redaktor olduğu qəzetdə çap olunmalıydı. Amma yazı senzuradan keçməmişdi. Kamyu bu əsərində yazırdı:

“...Əsas məsələ ölkədə mətbuat azadlıqlarını necə qorumağımız sualı deyil. Qarşımızda duran əsas hədəf bu azadlıqların boğulduğu bir vaxtda jurnalistin necə azad və müstəqil qala bilməsidir. Bu problem artıq cəmiyyəti maraqlandırmır, bu daha çox fərdi məsələdir.

Məhz belə bir vaxtda, biz elə bir şərtlər və vasitələr müəyyən etməliyik ki, hətta müharibə və ondan irəli gələn məhdudiyyətlər dönəmində, azadlığımızı yalnız qorumaq deyil, həmçinin onu açıq şəkildə tələb etməyi bacaraq. Burada əsas dörd şərt var: aydın düşüncə, inkaretmə, ironiya və inadkarlıq. Aydın düşüncə ilk növbədə nifrət dolu şüarlara aludəçilik etməyə və taleyin kultlaşdırılmasına qarşı müqaviməti nəzərdə tutur... Dünyanın bütün məhdudiyyətləri, məcburiyyətləri bir yerə yığılıb gəlsələr də, azca aydın düşüncəsi olan bir şəxsin vicdansızlığı, riyakarlığı qəbul etməsinə heç cür nail ola bilməzlər... Müstəqil qəzet də cəmiyyətin gözündə məhz elə nələri deyə biləcəyi və nələri deyə bilməyəcəyi dərəcəsiylə ölçülür...”

Məlumdur ki, totalitar  cəmiyyətlərdə bir qəzetin  istədiyini deməsi və yazması sonsuz çətinliklər, təhlükələr və məhrumiyyətlər deməkdir. Çünki azad sözü təmsil edən belə bir qəzetin fəaliyyəti ölkənin əsas hakim orqanlarına nəzarət olunması anlamına gəlir. Sərt bir sistem tərəfindən böyük çoxluğun ağzına qıfıl asıldığı qaranlıq yerdə tək-tək “ağ qarğa”ların olması, şəksiz, hakim təbəqənin xoşuna gəlməyəcək. Fərqli fikir, acı tənqid və daimi nəzarət altında fəaliyyət göstərmək belə bir  rejimin qəbul edəcəyi şey deyil. Bizim bu gün çevrəmizdə qarşılaşdığımız problem də məhz deyilən məsələ ilə bağlıdır. Yaşadığımız məmləkətdə azad sözü susdurmaq cəhdləri yeni söhbət deyil. Bu hücum illərdən bəri davam edir. Dərd burasındadır ki, həmin cəhdlər ildən-ilə daha kəskin xarakter alır və daha eybəcər şəkildə təzahür edir.  Üç-dörd gün əvvəl şəhərin bütün metrostansiyalarında qəzet, jurnal, kitab kimi çap məhsullarının satışı rəsmən qadağan olundu. Hər kəs də bilir ki, məlum göstərişlə oradan satışı yasaqlanan yalnız çap məhsullarıdır, qalan malların ticarəti əvvəlki qaydada davam edəcək. Bəlkə, elə təkcə bu faktın özü də ölkədə söz azadlığının hansı səviyyədə olduğunu isbat  etmək üçün yetərli sayıla bilər...

Məncə, bütün belə davaların qalibi sonda yenə söz olur. Belə olmasaydı, günümüzdə yüz illər bundan öncə yaşamış yazıçıların, şairlərin, filosofların yazdıqlarından heç nə qalmazdı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat