Azadlıq, yoxsa kolbasa bolluğu...(III hissə)

Məhəmməd Talıblı, 26/11/13

Mövzunun leytmotivi olduqca sadədir. Ölkədə azadlıq yoxdursa, amma yüksək maddi təminat və onu simvollaşdırılan “kolbasa bolluğu” mövcuddursa, bu cəmiyyətin “mədəsi” üçün yetərlidirmi? Bununla cəmiyyət bir sosial orqanizm olaraq özünü xoşbəxt hesab edə bilərmi? Fikrimcə, xeyr! Bir anlığa düşünək ki, cəmiyyətdə heç bir azadlıq yoxdur, amma iqtisadi rifah səviyyəsi yüksəkdir. Əslində,  azadlığın sərhədləri genişləndikcə insanların rifahı səviyyəsi artır. Hər cür azadlıqlardan məhrum olan cəmiyyətdə heç bir yüksək səviyyəli rifahdan danışmaq mümkün ola bilməz. Azadlığın sərhədləri ildən-ilə genişləndikcə, insanın azad təşəbbüsləri və istəkləri də ona adekvat artır. Ona görə, azadlıqlar uğrunda mübarizə davamlı (permanent) proses olmalıdır. Çünki azadlıq birdəfəlik həb də deyil ki, bütün zamanların azadlığa möhtac acılarını həmin reseptlə və bir anda əldə edəsən. Bu mənada azadlıq uğrunda mübarizə eyni zamanda sonsuz prosesdir. Onun “dayanacaqları” da var. Amma bu “dayanacaqlar” sadəcə olaraq onun keyfiyyət mərhələləridir. O baxımdan azadlıq uğrunda mübarizə aparan cəmiyyət eyni zamanda səbrli və təmkinli olmalıdır. Hər dəfə azadlığın coğrafiyasının genişlənməsi azadlıqsevərlər üçün əlavə mənəvi motivasiya yaratmalıdır. Belə motivasiyalar hər fürsəti imkana çevirmək bacarığından yaranır. Amerikalı sosialist yazar Leo Huberman özünün “Sosializmin əlifbası” adlı əsərində yazırdı: “Azadlıq həyatını dolğun şəkildə yaşamaq deməkdir; kafi bəsləmə, geyim və mənzil sığınacağı  məsələsində bədənin ehtiyaclarını qarşılamaq üçün iqtisadi məkan, həmçinin ağlın fəaliyyət sahəsini genişləndirmək, şəxsiyyəti inkişaf etdirmək və şəxsiyyətimizi  ortaya qoymaq üçün səmərəli fürsət və imkanlara sahib olmaq deməkdir.”

Tutaq ki, cəmiyyətin problemləri həll olundu, bu ümumilikdə cəmiyyətin sabitliyi üçün yetərlidirmi? Əlbəttə, xeyr! Çünki cəmiyyət həm də mənəvi mexanizm olaraq azadlıq dəyərlərinə, demokratiyaya, insan hüquq və azadlıqları kimi dəyərlərə ehtiyac  duyur. Həmin dəyərlər olmadan, onu digər canlı varlıqlardan və qruplardan nə fərqləndirər? Cavab məlumdur. O zaman cəmiyyətin ruhi tələbatlarının ödənilməsi daha vacibidir. Məşhur filosoflardan birinin dediyi kimi,  insanın mədəsi qidaya tələbat hiss etdiyi kimi, onun ruhu da həmin tələbata möhtacdır. Doğrudan, cəmiyyətin artan və dəyişən tələbatları fonunda onun ödənilməməsi böyük çatışmazlıqlar yaradır. Həmin ruhi tələbat azadlıq tələbatıdır.

Azadlığın insanlar üçün dəyəri və məzmunu dəyişməsə də, onun əldə olunması üsulları fərqli xarakter almağa başlayıb. Bu qlobal miqyasda olan azadlığa dəstək formaları ilə müşahidə olunmağa başlayır. Yəni, cəmiyyətə azadlıq dəyərlərini qazandıran modern mexanizmlər meydana çıxmaqdadır. Belə ki, iqtidarlar üçün azadlıq dəyərləri daxili ehtiyaclarından doğmasa belə, onlar öz xalqlarını həmin dəyərlərə qovuşdurmağa məcbur olurlar. Çünki dünyada bir azadlıq dalğası formalaşmaqdadır. Əgər əsrin əvvəllərində dünyada 150-yə yaxın xalq azadlıqlardan məhrum idisə, indi həmin xalqların sayı 30-a düşüb. Demək, dünyada güclü bir azadlıq dalğası yaranmaqdadır ki, bu da sonda bütün xalqların azadlığa qovuşması ilə nəticələnəcək. Amma pislik yenə xalqların azadlıq arzularını boğan və tarixdə lənətlənəcək diktatorlara qalacaq. Bununla yanaşı, azadlıqların və şəffaflıq təşəbbüslərinin sərhədlərinin genişlənməsi istiqamətində qlobal səviyyədə pozitiv təşəbbüslər də inkişaf etməkdədir. Dünyada antikorrupsiyanın qavrama indeksləri, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü, Açıq Hökumət Tərəfdaşlığı kimi təşəbbüslərdə yer aldıqca, hökumətlər cəmiyyətin azadlıq və şəffaflıq arzularına qeyri-ixtiyari xidmət etmiş olurlar. Cəmiyyətlər daha çox daxildən güclənməsi bir yana, xarici impulslar və qlobal təşəbbüslər kontekstində də açılmağa doğru sürətlə irəliləyir. İnanıram ki, iqtidarların fərdi kimlikləri cəmiyyəti daha az maraqlandırır. Yəni, onun üçün daha az əhəmiyyətlidir ki, onu idarə edənlər hansı şəxsiyyət tipləridir. Yetər ki, onların yaratdıqları sistem azadlıq prinsiplərinin təminatı rolunda çıxış etsin. İnsanları düşündürən cəmiyyətdəki azadlıq ideyalarının  onun şəxsi həyatını nə dərəcədə təmin etməsi və azadlıqların onun həyatına hansı formada təsir göstərməsidir.

Azadlıq və “kolbasa bolluğu”... İnsan azadlıq və mənfəət kimi dilemma qarşısında qalsa, hansını seçər? Azadlıq olmadan cəmiyyətin mənfəəti ola bilməz. Çünki mənfəətin əldə edilməsi azadlıq mühiti olmadan mümkün deyil. Azadlıq olanda mənfəətin əldə edilməsi gözlənilməz olmur. Bu mənada, cəmiyyətdə azadlığın sərhədi və cəmiyyətin mənfəəti arasında sıx bir bağlılıq var. Bunlar biri-birini şərtləndirən və qarşılıqlı asılılıqda olan amillər hesab oluna bilər. Azadlıq ən böyük bolluğun əldə edildiyi müddətdə və vəziyyətdə mümkündür. Azadlıq yoxsullar üçün nemət deyildir. Amma yoxsulların bu vəziyyətdən çıxması üçün bəlkə də yeganə çıxış yolu onlar üçün azadlığın verilməsi və onların bu fürsəti varlı olmaq imkanıyla əvəzləmək gücündə olmasındadır.

Azadlığın hansı millətə daha çox yaraşması və həmin xalqların azadlıq ideyalarına daha çox layiq olması haqqında da mübahisələr mövcuddur. Azadlıq heç bir xalq üçün onun boyuna biçilmiş don hesab oluna bilməz. Çünki millətin formalaşması xalqların  azadlıq səylərindən başlayıb. Bəzən yüksək azadlıqların olduğu ölkələr haqqında bu fikirləri eşidirik: “Deyək ki, alman və fransızlar ona görə azadlıq əldə ediblər ki, onlarda azadlıqla bağlı ənənələr mövcud olub.” Bu kontekstə ritorik sual yarana bilər ki, azadlıq ənənələri və mübarizə tarixi olmayan xalqlar azadlığa layiq deyillərmi? Halbuki, elə azadlıqların yüksək səviyyədə təmin olunduğu ölkələr var ki, onların hətta keçmiş tarix səhifələri qeyri-insani hadisələrlə zəngindir. Hətta indi dünyada azadlıqlar nümunəsi göstərmiş həmin ölkələrdə vaxtı ilə qadın ticarəti kimi sütinyorluq qanuni fəaliyyət hesab olunurdu. İndi həmin ölkələr qadın hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu ölkələr deyillərmi?  Ona görə, xalqların azadlıq dəyərləri onun rejimlərdən mücadilə hesabına əldə etdikləri  azadlıqlar və onların institutsionallaşmasındadır. Bəşəriyyətin çoxəsrlik tarixi göstərdi ki, millətlərin millət olmasını azadlıq ideyalarının mövcudluğu şərtləndirmişdir. Ona görə, həqiqətən, AZADLIQ xalqlar üçün nemət, fərdi insan üçün isə xoşbəxtlikdir. Dante deyirdi ki, insan azad olmasa xoşbəxt ola bilməz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat