Dünyanın dəyişən havası...

Səadət Cahangir, 5/12/13

Səksəninci illər sovetlər məkanında “siyasi zəlzələ” başlayanda elə təsəvvür yarandı ki, artıq köhnə dünya ilə həmişəlik vidalaşmağın zamanı çatıb və bizi yalnız gözəl  günlər gözləyir. Kim bilirdi ki, köhnəlikdən və istibdaddan qurtulmağın yolu bu qədər əzablı olacaq. Kim bilirdi ki, sovetlər adlanan div bir imperiyanın əllərindən qurtulub rahat nəfəs almağa macal tapmamış, başımıza yeni-yeni bəlalar gələcək. Kim bilirdi ki, bu sosializm deyilən zəhrimarın beyinlərdə kök salmış dərin zoğlarını təmizləmək hələ neçə illər vaxt aparacaq...

Dəyişən dünyayla ayaqlaşmaq, müasirləşmək, çağdaş dünyanın bir parçası olmaq arzusu gözəl səslənir! Amma bu o qədər asanmı? Dünyanın ən dəyərli ideya adamlarından biri olan Vatslav Havel yazırdı: “Sadəcə fərqli bir siyasi xətt quraraq hökumətdə dəyişiklik etmək üçün mübarizə aparmaq təkcə qeyri-real deyil, bu məsələnin kökünə toxunmağa da yaxın  getmədiyindən, tamamilə qeyri-adekvat olardı. Problem siyasi xətt və ya proqramda deyil, bu, birbaşa həyat problemidir. …Elə məqamlar var ki, gün işığında ulduzları görmək üçün quyunun dibinə enməli olduğumuz kimi, həqiqəti anlamaq üçün də biz öz iztirablarımızın dibinə enməliyik“.

Bu ifadə Havelin “Gücsüzlərin gücü” əsərindəndir və hal-hazırda da elə bizim iztirablarımızın dibinə endiyimiz halımızı əks etdirir. Bu yazını yazdığım anlarda Ukraynada Avropaya inteqrasiya tərəfdarlarının çoxminlik mitinqləri gedir. Onlar da bizim kimi 70 il zorla millətə sosializm köynəyi geydirmiş ölkədən - Rusiyadan uzaqlaşmaq istəyirlər.  Onlar da bizim kimi imkanlara daha açıq, daha yenilikçi, daha yaradıcı dünya birliyinə can atırlar. Onlar da bizim kimi 90-cı illərdən bu yana həqiqi istiqlaliyyətin təməlini möhkəmləndirmək və tam azad olmaq davası aparırlar. Amma bu davalar da zordur, tifaqı dağılan qoca div 20 ildən artıqdır əldən çıxan qurbanlarını yenidən ram etmək üçün bütün qəzəbini püskürür. Çox zaman da buna o ölkələrdə min oyunla hökumət başına gətirdiyi rəhbərlər vasitəsilə nail olmağı bacarır. Bu qəzəb şırnağı qarşısında dirənmək güc və iradə istər, şübhəsiz. Belə dayanıqlı insanlar illərdir nəinki həmin zor maşınının qarşısında duruş gətirir, həm də onun üzərinə gedir, əzilir, döyülür, tutulur, amma yenə öz ideallarından vaz keçmir. Havel bütün ölkələrdə müxalifət adlandırılan həmin şəxslərin bu adla çağırılmasını da belə şərh edir:

“Sadəcə, yalansız yaşamağı seçən, düşündüyünü ucadan dilə gətirməkdən çəkinməyən, həmfikirləri ilə həmrəyliyini ifadə edən, dilədikləri kimi harmoniya içində yaşamaq və yaratmaq istəyən  insanlar öz pozitiv mövqelərini neqativ terminlə adlandırmaq istəmirlər, axı bu insanlar kiməsə, nəyəsə qarşı deyillər...”

Əslində, bir xalqın mübarizə ruhuna bələdçilik edən, onu bu böyük davanın sonuna qədər aparan da həmin insanların mənəvi gücüdür.  Havelin özü də belə dava insanlarından biri olduğu üçün, mübarizənin  ağırlıq gücünün əsasən mənəvi dəyərlər üzərində dayandığına inanırdı. O, həqiqətən öz ideallarının şəksiz qazanacağına inanan şəxsiyyətlərdən idi və həyat göstərdi ki, bu inamında heç də yanılmayıb.

Anlaşıldığına görə, Ukraynada hökumətin siyasətinə qarşı  çıxaraq, Avropaya inteqrasiya tələb edən insanların yüz minlik mitinqi hansı nəticə verəcəyindən asılı olmayaraq, siyasi havanı dəyişəcək. Elə müasir dünyanın hər gün yenilənən siması da ayrı-ayrı ölkələrdə baş verən bu dəyişikliklərdən asılıdır, şübhəsiz. Əlbəttə ki, keçmiş sovetlər məkanında yaşamış ölkələrin çoxunun da bir hava dəyişikliyinə ehtiyacı var...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat