Qiymət artımı və liberal iqtisadiyyat yolu

Məhəmməd Talıblı, 9/12/13

Ötən həftə bizdə enerji daşıyıcılarının qiymət artımı baş verdi. Bunun cəmiyyətdə sosial və iqtisadi əsasları haqqında çoxlu fikir demək olar. Amma bunun iqtisadi əsasların daha çox Tarif Şurası müəyyənləşdirir. Ümumiyyətlə, dünyada Tarif Şuralarının fəaliyyət istiqamətləri və funksionallığı tamamilə başqa prinsiplər üzərində qurulub. Tarif Şurası sadəcə İİN-nin nəzdində fəaliyyət göstərən qurumdur. Onun adından qərar verənlər ölkədə fiskal qurumların rəhbərləridir. Hətta MDB-nin bəzi respublikalarında bu qurum sərbəst fəaliyyət göstərir və heç bir dövlət qurumunun təsiri altında qərar vermir. Onun funksiyası müstəqil formada ölkədə tənzimlənən mal və xidmətlərlə bağlı real vəziyyətə uyğun olaraq qərarların verilməsidir. Ümumiyyətlə, ölkələrin iqtisadiyyatında tənzimlənən mal və xidmətlərin qiymət artımları daha çox iqtisadi bloklarda təmsil olunan ölkələrin iqtisadiyyatlarını ortaq qiymət səviyyəsi və standartlara çatdırmaq baxımından daha çox yaxın olmalıdır. O baxımdan ola bilsin ki, ölkə iqtisadiyyatındakı mövcud qiymət standartlarını dünyadakı mövcud standartlara yaxınlaşdırmaq mümkün olsun. Adətən belə artımlar təkamüllə və bütün sahələrdə hərtərəfli islahatlarla paralel aparılır ki, bu keçid mərhələsi insanların həyatında ciddi təsir ilə müşahidə olunmasın. Ölkədə yanacağın qiymətinin artmasını liberallaşma yolunda addım hesab etmək olmaz. Çünki neftlə zəngin ölkələr və neftdən məhrum ölkələr arasında yanacağın qiymət səviyyələri müxtəlifdir. Neftlə zəngin ölkələrdə əsas yanacaq növü olan benzinin qiyməti müxtəlifdir. Məsələn, Qazaxıstanda  AI 92  markalı b 117 tenge və ya 76 sent səviyyəsindədir. Türkmənistanda isə benzinin qiyməti 22 sentdir. Yaxud Uzaq Şərq ölkələri, Səudiyyə Ərəbistanında benzinin qiyməti 16 sent, Birləşmiş Ərəb Əmirliyində 44, Misirdə 46 sentə satılır. Qərbin İranı saldığı izolyasiyadan əvvəl belə benzinin 1 litri bizdən 7-8 dəfə ucuz idi. Yəni İranda benzinin 1 litri 9-12 dollara satılırdı.

Neftlə  zəngin ölkələr kimi tanıdığımız ölkələr var ki, onlarda benzinin qiyməti daha aşağı qiymətə satılır. Qətərdə bu rəqəm 24 sent, Küveytdə 27 sent, Yəməndə 45 sent, Misirdə 61 sentdir. Maraqlıdır ki, neftlə zəngin ölkələrdə yanacağın qiyməti bir çox hallarda hansı səbəblərdən qaldırılır? Neft idxal edən ölkələrdə bu artımın iqtisadi əsasını tapmaq olar. Amma neftlə zəngin ölkələrdə bu addıma niyə gedilir, bunu izah etmək olduqca çətindir. Amma paradoksal olan odur ki, neftdən məhrum ölkələr, o cümlədən neft idxalı hesabına yaşayan ölkələrdə var ki, onların bəzilərində də qiymət bizdən ucuzdur. ABŞ-da benzinin qiyməti neftlə zəngin ölkə hesab olunan Azərbaycandan ucuzdur.

ABŞ istehlakının 40 faizindən çoxunu idxal hesabına həyata keçirməsinə baxmayaraq onlarda benzinin 1 litrinin qiyməti 75 sentdir. Hətta bizdən ucuz. Amma onlarda orta aylıq əməkhaqqı bizdəkindən 5 dəfə çoxdur.

ABŞ kimi neft idxal edən ölkələrdə benzinin qiymətinin artması belə təəccüblü deyil. Bu, dünyadakı neftin konyunkturasından asılıdır.

Rusiyada benzinin qiyməti 1 dollar 11 sentdir, bizdəki artan qiymətlə müqayisədə 21 sent baha. Amma inkişaf səviyyələrindən asılı olmayaraq, aylıq yanacaq istehlakı olan ailələrdə bu hansı xüsusi paya malik olduğunu müqayisə edəndən sonra həqiqi vəziyyəti qiymətləndirmək olar.  Yəni, ölkədə benzinin qiyməti hər bir ailənin büdcəsində hansı çəkiyə malikdir? Bunu dəyərləndirmək lazımdır. Bildiyimiz kimi, Rusiyada orta aylıq əməkhaqqı 835 dollardır. Onlarda orta aylıq əməkhaqqı ilə ayda 760 litr benzin almaq olarsa, Azərbaycanda orta aylıq əməkhaqqıyla 520 litr benzin almaq olar.

Ümumiyyətlə, ölkənin hər hansı bir sektorunda qiymətlərin artımına dair qərar o zaman verilir ki, həmin sahədə gəlirlər xərcləri ödəmir. Azərbaycanda yanacaq satış siyasətini həyata keçirən dövlət qurumları qiyməti artırmamışdan öncə bununla bağlı fiskal qurumlar arasında münasibətlərə baxmalıdır. Əgər bunu sadə vətəndaşların əlavə xərcləri hesabına həyata keçirməyin mümkünlüyünü nəzərə alıb, tədbir həyata keçirmək mümkün olacaqsa, bundan yalnız dövlət udur, vətəndaş uduzur. Yox, əgər emal müəssisələrinin gəlirləri xərclərin ödəmirsə, onda dövlət büdcəsindən dotasiya almaq məcburiyyətində qalacaq. Yeri düşmüşkən, BVF və bəzi beynəlxalq maliyyə qurumları liberal iqtisadi kurs götürən ölkələrdə iri dövlət şirkətlərinin mərkəzi büdcədən asılılığını azaltmağın zəruriliyini qeyd edirlər. Yəni, dövlətin daimi proteksionist siyasəti iri dövlət şirkətlərinin maliyyə planlaşdırılmasını çətinləşdirir. Onların “çətin məqamda” ictimai vəsaitlərin akkumulyasiya olunduğu icmalı büdcədən maliyyə dəstəyi almaq ələbaxımlılığı yaradır. Bazar iqtisadiyyatında bütün mal və xidmətlərin bazarda qarşılığı ödənməlidir. Qarşılıqlı güzəştlər sistemi bazar oyunçuları arasında rəqabəti məhdudlaşdırır. Onlar arasında “ögey-doğma” təsnifatı ilə bazar oyunçuları uzunmüddətli strateji planlaşdırmanı arxa plana keçirir, rəqabət davamlılıq göstəricilərini aşağı salır və dəyişən şərtlərə çətin uyğunlaşırlar. Ona görə, bazar oyunçuları dəyişən iqtisadi şərtlərə adaptasiya olunmaq üçün dövlət yardımlarından davamlı olaraq asılılığını azaltmalı və zaman-zaman öz standartlarını liberal iqtisadi siyasətin şərtlərinə yaxınlaşdırmalıdırlar.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat