İqtisadi azadlıqların doğuşu: Sərvət, yoxsa imkan “analığı”

Məhəmməd Talıblı, 27/1/14

Avtoritar ölkə başçıları üçün siyasi azadlıq anlayışı kimi, iqtisadi azadlıq da ölümə məhkum olunmaqdır. Bu siyasi intihara səbəb olan hər türlü azadlıqlar diktatorlar üçün “cin və butulka” anlamındadır. Ona görə ki, hər cür azadlıq onun hakimiyyət bünövrəsi üçün “mina” rolundadır. Sanki belə ölkə başçılarının güc meyarı və funksiyası məhz cəmiyyətin tormozlayıcı(potensialını) əyləcini sıxmaqdan ibarətdir. Ona görə, diktatorlar tərəfindən siyasi və iqtisadi azadlıqlar arasında hər zaman bərabərlik işarəsi qoyulur. Düzdür, vaciblik baxımından siyasi azadlıqların önəmi onlar üçün daha çoxdur, amma iqtisadi azadlıqların transformatik gücünü də başa düşürlər. Çox uzaq əsrlərə baxmadan, ötən əsrin Fransa tarixinə ekskursiya kifayət edir. 1974-cü ildə respublikaçı inqilabçı və Fransa inqilabının Terror hakmiyyətinin əsas fiquru olan Maksimilian Robespiyer 40 min fransızı “xalq düşməni” adı ilə gilyotindən keçirdi. Bu dəhşətli qəddarlıqdan sonra  rəqibləri onu ölümə məhkum etmək gücünə gəlib çıxdılar. Ölüm ayağında ona qarşı olan ittihamlara cavab verərkən, Robespiyer belə demişdi: “ Mən sizə azadlıq verdim; indi siz çörək istəyirsiz.”

Hər zaman azadlıqlara münasibətdə bu fikir yadıma düşür. Artıq dünyanın da istiqaməti elə yön alıb ki, burada hansısa şıltaq diktatorlar və kiçik padşahlar tarixin təkərini geri döndərmək iqtidarında ola bilmirlər. İqtisadi azadlıqların əhəmiyyəti daha bir neçə ölkələr üçün deyil, dünyada inkişafa və güclü rifaha özlərini götürmək istəyənlər üçün alternativsiz platformaya çevrilir. İqtisadi azadlıqlar kimlər özünü rahat hiss edirsə, onlar daha çox təşəbbüs və fürsət tərəfdarlarıdırlar. Bu baxımdan iqtisadi azadlığın fəlsəfəsi bu fürsətlərin tanıdılmasındadır. Belə füsrətlərə qapısı bağlı ölkələrin davamlı böyüyən iqtisadi gücü ağlabatan deyildir. Ona görədir ki, dünyada iqtisadi azadlıqları ölçən və belə tədqiqatı populyarlaşdıran mərkəzlər bunun önəmini anladıqları üçün davamlı hesabatlarını hazırlayırlar.

Son 20 ildir ki, dünyada iqtisadi azadlıq indeksini hesablayan hesabatlar yayılır. Bu hesabatlar ölkələrdəki iqtisadi azadlığın real vəziyyətini və hökumətlərin həyata keçirdikləri islahatların ruhu haqqında bizə aydın mənzərə yaradır. “Heritage” Fondu və “Wall Street Journal” 2014-cü il üçün ölkələrin iqtisadi azadlıq indeksinin nəticələrini açıqlayıb. Həmin indeks əsasən 4 blok üzrə iqtisadi azadlıq indeksini hesablayıb: Qanunun aliliyi (mülkiyyət haqları və korrupsiyadan azadolma səviyyəsi), Tənzimləmənin effekti (biznes azadlığı, əmək azadlığı, monetar azadlıq), Hökumətin məhdud müdaxiləsi (fiskal azadlıq, hökumətin xərcləmələri) və Azad bazar (ticarətin azadlığı, investisiyanın azadlığı, maliyyə azadlığı) Bu indikatorlar üzrə Azərbaycan 61.3 bal toplamaqla “orta hesabla azad ölkələr” sırasına daxil olub. Bu yerin nə dərəcədə uğurlu olub-olmaması heç şübhəsiz ki, bizimlə eyni ranqı bölüşən respublikalarla müqayisədən keçir. Belə müqayisə imkanı olan 2 müstəvini daha doğru saymaq olar: Cənubi Qafqaz məkanı və neftlə zəngin postsovet respublikaları.

Cənubi Qafqaz və neftlə zəngin ölkələrdə mənzərə

Belə müqayisə imkanı olan qonşu ölkələr Gürcüstan və Ermənistandır. Məlumat üçün bildirək ki, bu siyahıda Ermənistan 22-ci yerdə, Gürcüstan isə 41-ci yerdə qərar tutur. Azərbaycan hesabatda 178 ölkə arasında 81-ci yerdədir. Gürcüstanın belə sürətlə, hətta Avropa İttifaqına daxil olan ölkələrlə də müqayisədə öndə olması ondan xəbər verir ki, Gürcüstan çox sürətlə iqtisadi islahatlar nəticəsində iti sürətlə dünyanın mütərəqqi ölkələri sırasına daxil olur.

Neftlə zəngin olan postsovet respublikaları içərisində   Qazaxıstan 67-ci və Rusiya 140-cı yerdə qərar tutur. Azərbaycan bu sırada Rusiyadan öndə, Qazaxıstandan isə geridədir. Ümumi hesabat üzrə neftlə zəngin ölkə kimi ən aşağı yeri 173-cü yerdə olmaqla İran bölüşür. Ənənəvi olaraq, korrupsiyanın qavrama indeksinə görə ən öndə olan respublikalardan olan Afrikanın Botsvana (27), Qana (66) və Ruanda (65) kimi ölkələri Azərbaycandan xeyli irəlidədir. Hesabata görə, dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq Konqdur – 90 bal. İkinci yerdə Sinqapur gəlir – 89 bal. 3-cü yerdə 82 balla Avstraliya gəlir.

İqtisadi azadlıqların qlobal mənzərəsi

Bu hesabatın əvvəlki illərdən fərqləndirən cəhətlərindən biri də ondan ibarətdir ki, dünyada iqtisadi azadlıqların səviyyəsi artmışdır. Bu isə son 20 illik hesabat tarixində dünya üzrə ən yüksək göstəricidir. Belə ki, hesabatın nəticələrinə görə, 43 ölkə öz tarixlərində ən yüksək qiyməti alıb. Tədqiqatlar aparılan 114 ölkədə isə iqtisadi azadlıq səviyyələri artıb. Ümumilikdə götürdükdə, dünyanda iqtisadi azadlıqların coğrafiyasının genişlənməsi olduqca pozitiv haldır.

İqtisadi azadlıqlar: Səbəb və Nəticə kimi

İqtisadi azadlıqlar göydən düşmür və o, “doğmur”, lakin onu doğuran amillər var. Bəzən belə düşünülə bilər ki, iqtisadi azadlıqların olub-olmamasından asılı olmayaraq iqtisadiyyatı güclü və böyük sərvətə malik ölkələrin iqtisadiyyatları elə qüdrətli və iqtisadiyyatları azad olur. Amma nəzərə alanda ki, güclü iqtisadiyyat və sərvət iqtisadi azadlıq yox, iqtisadi azadlıqlar güclü iqtisadiyyat və rifah dövləti meydana çıxarır. İqtisadiyyatda imkanların tanınmadığı yerdə sərvət dəyər qazandıra bilməz. Ona görə ki,  ölkələri varlı edən sərvət artıqlığı deyil, daha çox imkan genişliyidir. Necə ki, hər hansı bir sahibkarın obyektə sahib olması, onun sərvət yaratması anlamına gəlmir. Obyektə sahiblik mülkiyyət hüququndan xəbər verir. Amma mülkiyyətçiyə sərvət yaratmaq anlamından xəbər vermir. Onun sərvət əldə etməsi mülkiyyətə mənsubluqdan istifadə keyfiyyəti ilə bağlıdır. Yəni onun bundan nə dərəcədə istifadə qabiliyyəti ilə ölçülür. Lüdviq Liçman çox haqlı olaraq belə bir müqayisə edərək deyirdi ki, Nyu-Yorkda dondurma fabrikinin sahibi üçün bu müəssisə sərvət hesab oluna bilər. Amma Qrelandiya adasındakı eyni təyinatlı dondurma fabrikinin olması, çətin ki, sərvət hesab olunsun. Bu kontekstdə ölkələrin sərvətləri də onların iqtisadi gücünü əks etdirən amil hesab oluna bilməz. Çünki sərvət iqtisadi azadlıqların mümkün olduğu yerdə dəyər qazandırır. Amma dünyanın bəzi ölkələrində iqtisadi azadlıqların  olması təkcə daxili müqavimət,  təkcə hakim elita tərəfindən deyil, bazar oyunçuları tərəfindən də “süngü” ilə qarşılanır. Yəni iqtisadi azadlıqlar olmasından heç də hamı razı qalmır. Çünki bazar oyunçuları üçün mövcud oyun qaydaları bərabər nəticələr doğurmur. Ona görə, vaxtı ilə bazarda inhisar qiymətləri diktə edənlər belə azadlıqlardan razı qala bilməzlər. Azad bazarlar üçün isə bərabər hüquqlar və azad mübadilə azadlığı zəruridir. Çünki, bazar oyunçularının əldə etdiyi nəticələr onların qarşılıqlı təsirindən və rəqabət gücündən asılı olur. Bu baxımdan bazarda ədalət meyarı nəticəyə yox, iqtisadi fəaliyyət prosesinin özünə tətbiq edilməlidir. (Deyvid Kelli)

İqtisadi azadlıqların olmaması təkcə ölkədə bazar iştirakçılarının deyil, əhali qruplarının da vəziyyətdən narazı qalması ilə nəticələnir. Belə ki, həmin ölkələrdə iqtisadi azadlıqların boğulması ölkədə miqrant axınını da şərtləndirir. Bunun çoxlu sayda nümunələri var. Məsələn, İrlandiyada iqtisadi azadlıqların boğulması hesabına irlandlar kütləvi olaraq ABŞ-a və Böyük Britaniyaya axın edirdilər. Həmin illərdə İrlandiya dünyanın ən 3 yoxsul ölkəsindən biri hesab olunurdu.  Sonradan iqtisadi azadlıqların verilməsi hesabına indi İrlandiya dünyanın adambaşına düşən ÜDM-nin səviyyəsinə görə dünyada ilk onluğa düşən(8-ci) ölkəsi hesab olunur. ÜDM-nin artma səviyyəsi də əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Əgər ÜDM-nin səviyyəsinə görə, İrlandiya 1980-ci ildə 3.2% artım əldə etmişdilərsə, 1990-cı ildə bu rəqəm 7,8%-ə yüksəldi. Sonradan ABŞ və Böyük Britaniyadan vaxtı ilə getmiş miqrantlar öz ölkələrinə qayıtdılar və davamlı böyüyən iqtisadi artımla İrlandiya indi Avropa Birliyinin ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Bütün bu çoxsaylı uğurların kökündə heç şübhəsiz ki, iqtisadi azadlıqların artması və onun coğrafiyasının ildən-ilə genişlənməsi dayanır.

Ənənəvi ritorika ilə rastlaşırıq: iqtisadi azadlıqlar üçün gərək millət buna hazır olsun, bizim millət belə şeylərə hazır deyil və s. Halbuki,  iqtisadi azadlıqların olması millətlərin müxtəlif formalı (mentalitet, genetik və s.) kodları ilə bağlı deyildir. Bunu çoxlu sayda xalqların keçmişləri də sübut edir. İkinci Dünya müharibəsindən sonra Koreyaya baxaq.   Eyni millətdir, amma fərqli iqtisadi və siyasi sistemlər eyni xalqı fərqli nəticələrlə tarix səhnəsinə çıxardı. Eyni millət, lakin başqa-başqa ölkələrdə bazar oyunçularına verilən iqtisadi azadlıqların dərəcəsi tamam başqa nəticələr doğurdu. Şimali və Cənubi Koreyanın fərqləri ortada. Bir ölkə iqtisadi dünyaya görünməmiş diktatura “nümunəsi”-elliklə ağlaşma məcburiyyəti, əcaib rituallar, nəsildən-nəslə keçən idarəçilik sistemi, bərbad iqtisadiyyat verir. Digər ölkə dünyada neft istehsal etmədikləri halda digər ölkələrə neft ixracatının fenomenini, rəqabətə davamlı iqtisadiyyatını, rifah dövlətini və dünya çapında güclü dövlətlərin büdcələrindən böyük olan şirkətlərini təqdim edir.

Yaxud bu sırada Çini də misal olaraq göstərmək olar. Son 20 il ərzində Çinin özündə də radikal iqtisadi islahatlar və azadlıqlar nəticəsində indi dünyanın ən böyük 3 iqtisadi nəhəngindən birinə çevrilə bildi. Başqa sözlə, insanlara və ya biznes qurumlarına verilən iqtisadi azadlıqlar ciddi rifah nəticələri doğurdu. İqtisadi azadlıqlar eyni milləti belə fərqli nəticələr ortaya qoymağa təşviq edən olduqca möhtəşəm gücdür.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat