Rusiya və “böyük ailədən ayrılan qardaşlar”

Səadət Cahangir, 30/1/14

Sovet ittifaqı çoxdan tarixə gömülmüş olsa da, bu məkanda baş verən hər önəmli dəyişiklik Rusiyanın müqaviməti ilə qarşılaşır. Heç şübhəsiz, bu onun özünü keçmiş sosialist birliyinin varisi rolunda görməsindən irəli gəlir. Yetmiş il bu ittifaqa böyüklük etmiş Rusiya yenə də öz böyüklüyündən qalmaq istəmir. Bu iddia və təkəbbür uzun illərdir bölgədəki ölkələrə rahatlıq vermir, yeniliyə gedən yollarda əngəl törədir və süni münaqişə ocaqları yaradaraq, qarşıdurmaları körükləyir. Pribaltika ölkələri istisna olmaqla, keçmiş SSRİ-dən ayrılan ölkələr arasında Rusiyanın qisasından nəsibini almayan yoxdur. Demək olar ki, o, bu illərdə “böyük ailədən ayrılan qardaşlar”ın hər birinin bədbəxt olması üçün əlindən gələni edib. Artıq faktlara istinad etmədən, onun Qafqaz ölkələrinin başında qurduğu oyunların nəyə xidmət etdiyini söyləmək yetər.

İndilik isə hədəfdə Ukraynadır. Bu gün Putin Rusiyası Ukraynada Avropaya inteqrasiya etmək istəyən xalqın ruspərəst Yanukoviç hökuməti ilə qarşıdurmaya sürüklənməsində az iş görməyib. Hazırda Maydanda baş verən xalq dirənişi də sanki 2005-ci il hadisələrinin davamıdır. Xatırlayarsınız ki, o tarixdə cərəyan edənlər ölkədə böyük siyasi gərginliyə yol açmış, sonda ruspərəst qüvvələr demokratların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün onların lideri Yuşenkonu zəhərləmişdilər. O zaman bütün bu basqılar da bir nəticə verməmiş və mübarizə demokratik qüvvələrin qalibiyyəti ilə başa çatmışdı.

Bu gün həmin xalq yenə Maydanda savaşmaqdadır. Müstəmləkə düşüncəsindən xilas ola bilməyən Rusiyanın caynağını ölkədən qoparmaq istəyən insanlar gecə-gündüz meydandadır. Hökumət qüvvələri ilə baş verən qarşıdurmalarda minlərlə insanın yaralanması, həbs olunması, döyülməsi belə etirazçıların gözünü qorxutmur. Son hadisələrdə isə 5 nəfərin öldüyü xəbəri verilir. Şübhəsiz, böyük dəyişikliklərin böyük ağrıları var, o sancılar çəkilmədən doğum baş verməz. Ukrayna xalqı da öz mübarizəsində tam qətiyyətli görünür və şübhəsiz ki, istədiyinə nail olacaq.

Bu arada Ukrayna hadisələrin gərginləşməsinə işarə edən ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Con Beyner Rusiya prezidenti Putini “bandit” adlandırıb və onu qonşularına hörmətsiz yanaşmaqda ittiham edib. O, Obama administrasiyasını da Amerikanın maraqlarını müdafiə etməyə çağırıb. Ohayo ştatını təmsil edən respublikaçı Beyner bildirib ki, prezident Obama Putinə müqavimət göstərməli və xüsusilə Şərqi Avropada Amerikanın müttəfiqlərinin maraqlarını qorumalıdır. Beyner bundan əvvəl də Putini SSRİ üçün nostalji hisslər keçirməkdə ittiham etmişdi.

Əslində, heç nə bizim, nə gürcülərin, nə qazaxların, nə türkmənlərin, nə belorusların və nə də başqa “qardaşların” durumu ukraynalılardan  yaxşı deyil. Putin Rusiyası “Domokl qılıncı”nı daim başımızın üstündə saxlamaq üçün yüz cür fitnə-fəsad düşünüb tapır. Təki bu ölkələrə dünyəvi dəyərlər gəlib çıxmasın, təki demokratiya, inkişaf, çiçəklənmə sərhədlərin o tayında qalsın. Bu halda diktə etmək də daha asan və daha rahat olur, şübhəsiz . Amma Putinin keçmişlə bağlı nostalji hissləri heç bir halda reallığa çevrilməyəcək. Çünki artıq ölkənin özündə də israrla demokratik dəyişiklik istəyən yeni qüvvələr yetişməkdədir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat