Müqavilələr - iqtisadi həyatın təminatı!

Səadət Cahangir, 5/2/14

Müasir dünya iqtisadiyyatını müqavilə sistemi olmadan necə təsəvvür edərsiniz? Təbii, bu barədə heç danışmağa dəyməz. Britaniya alimi Henri Sammer  Meyn deyirdi ki, sivilizasiyanın tarixi status cəmiyyətinin müqavilə cəmiyyəti ilə əvəzlənməsi olmuşdur. Yəni bununla hər bir insanın anadan olduğu yer və statusu ilə müəyyənləşdirildiyi cəmiyyətdən, fərdlər arasında əlaqələrin azad razılıq və icazə əsasında müəyyənləşdirildiyi digər bir cəmiyyətə keçid baş vermişdir.

O zaman müqavilə nədir, onun mahiyyətində ancaq vədlərmi dayanır? Xeyr, tərifinə  baxılsa, müqavilə mülkiyyət hüququnun qarşılıqlı mübadiləsidir və müqavilənin qanuni olması üçün hər iki tərəfin təklif etdiyi mülkiyyətə  legitim hüququ olmalıdır. Bu gün dünyanın az-çox qanunvericiliyə əsaslanan bütün ölkələrində insanlar iqtisadi münasibətlərini öz aralarında müqavilə bağlamaqla tənzimləyirlər. Bu, heç də əsassız deyil. Müqavilə əsasən həyatdakı bir çox qeyr-müəyyənlikləri aradan qaldırmağa və başqaları ilə əməkdaşlıqda əmin hərəkət etməyə imkan yaradır.

Müasir amerikan libertarian alimi Deyvid Boaz müqavilələrin cəmiyyətdə xüsusi rol oynadığını qeyd edir. O deyir ki, azad cəmiyyətdə bizim üçün öhdəlik yaradan qaydaların çoxunu müqavilə yolu ilə, yəni seçim əsasında qəbul edirik. Məsələn icarə müqaviləsini imzalamaqla öhdəlik qəbul etmiş oluruq. Müqavilə imzalandıqdan sonra hər iki tərəf onun şərtlərinə əməl etməyə borcludur. Müqaviləyə əməl etməmək oğurluğun bir formasıdır və bu, məhkəmə subyektidir. Qarşılıqlı öhdəlik götürmüş insanlardan biri o birisinə kələk gəldiyi halda, özünə qarşı inamı öldürmüş olur və bazar sistemində öz imkanlarını məhdudlaşdırır. Ona görə, demək olar ki, müqavilələr azad bazar sistemində daha çox özünü doğruldur.

Ümumiyyətlə, müqavilələr faktiki olaraq azad cəmiyyətdə hər bir sahəyə tətbiq edilə bilər. Heç şübhəsiz ki, müqavilə olmadan iqtisadiyyat üçün minimal inkişaf səviyyəsindən uzağa getmək çətin olardı. Bu, elə bir iqtisadi sövdələşmə vasitəsidir ki, insanlara uzunmüddətli perspektivləri hazırlamaq, geniş coğrafi ərazilərdə və tanımadığımız adamlarla iş aparmaq imkanı yaradır.

Bu gün dünyada müqaviləsiz və ağır iş şərtləri əsasında istismar olunan insanların sayı-hesabı yoxdur. Hazırda bu məsələ dünyanın ən mühüm insan haqları pozuntularından sayılır.  Təəssüf ki, böyük sərvətlərə malik və nəhəng iqtisadi müqavilələrin bağlandığı Azərbaycan kimi ölkələrdə də belə faktlara hər addımda rast gəlmək mümkündür. Araşdırmalara görə, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan  hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqaviləsi əsasında işləyir. Rəsmi statistikaya əsasən 2012-ci ilin sonunda 4,4 milyon məşğul əhalinin yalnız 1,48 milyon nəfəri muzdlu işçi olub. Bu o anlama gəlir ki, əmək bazarındakı məşğul əhalinin yalnız 3/1 hissəsi əmək müqaviləsi əsasında işləyir. Yerdə qalan şəxslərin işəgötürənlə müqaviləsi yoxdur.

Mövcud bolluqdan nəsibini almayan insanlar işsizliyin ayaq açıb yürüdüyü yerdə ümidlərini çörək puluna bağlayaraq, ən ağır şərtlər altında çalışmağa razı olurlar. Bu pozuntuların qarşısını isə yalnız sərt qanuni ölçülər götürməklə aradan qaldırmaq olar.

Ölkə prezidenti bu günlərdə  "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Orada əlavə edilən maddələr əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu hal çox sayda insanla bağlı baş verdikdə, yeddi min manatdan on min manatadək cərimə olunmanı və ya üç ilədək müddətə azadlıqdan məhrumetməni, eyni əməllər təkrar törədildikdə isə üç ildən yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Əslində, baş verən qanunsuzluqların qarşısını almaq üçün yerində verilmiş fərmandır. Amma baxaq, ona necə əməl olunacaq? Əgər bu da bir çox qanunlar kimi kağız üzərində qalacaqsa, yaxşılığa doğru nəsə dəyişəcəyinə heç ümid etməyə dəyməz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat