Hüquq pozuntuları ilə yeni yarışmaya...

Səadət Cahangir, 11/2/14

İki il öncə Bakıda keçirilən “Eurovision” beynəlxalq musiqi yarışması ərəfəsində paytaxtda aparılan söküntü işləri yadınızdadır. Həmin acınacaqlı mənzərələr yenidən şəhəri toz-dumana bürüyüb. Ölkəmiz yeni bir beynəlxalq yarışa hazırlaşır. 2015-ci ilin iyununda Bakıda ilk dəfə Avropa Olimpiya Oyunları keçiriləcək. Təəssüf ki, şəhər əhalisi belə böyük bir idman tədbirinin həyəcanını yaşamaq yerinə, sökülən binaların, zorakı köçürülmələrin, pozulan mülkiyyət hüquqlarının üzüntüsü içindədir yenidən. Artıq bu söküntülərin iki nəfər qurbanı da var. Keçən həftə uçurulan binanın yanlışlıqla yola aşması nəticəsində iki gənc dağıntıların altında qalıb həyatını itirdi.

Baş verənlər, şəhərin böyük bir ərazisində möhkəm, yaraşıqlı binaların dağıdılması dəhşətli bir mənzərə yaradır. Yüzlərlə ailə zorla evindən çıxarılıb “sürgün” edilir. Nə var, nə var, burada olimpiya şəhərciyi salınacaq. Bu qədər insan hüquqları pozuntusu bahasına başa gələn olimpiada həyəcanından kim zövq alacaq görəsən?

Çox maraqlıdır, bir hökumət üçün vətəndaşının həyatı daha önəmlidir, yoxsa bu qədər işgəncə bahasına idman oyunu keçirmək? XVII əsr Avropasının görkəmli fikir adamlarından olan Con Lokk yazırdı: “Hökuməti yaratmaqda məqsəd nədən ibarətdir? O bizim nəyimizə lazımdır?” Bu suala özü belə cavab verirdi ki, insanlar hökumətin mövcudluğundan öncə hüquqlara malik olurlar.  Beləliklə, biz onları təbii hüquqlar adlandırırıq, çünki onlar təbiətdə mövcuddurlar. İnsanlar öz hüquqlarını qorumaq üçün hökumət yaradırlar. Onlar bunu hökumətsiz də edə bilərlər, lakin hökumət hüquqların qorunmasının effektiv sistemidir. Əgər hökumət bu rolundan kənara çıxırsa, insanların qiyam etmək haqqı var... Hökumət istədiyini etməyə azad deyil. Təbiətin qanunu bütün insanlar, qəbul edənlər, həmçinin başqaları üçün əbədi qayda olaraq durmaqdadır.

Təbiətin qanunu dedikdə, Lokk şəxsi azadlıqları və mülkiyyət hüquqlarını nəzərdə tuturdu: “ Özündən başqa heç kimin buna heç bir hüququ yoxdur. Bir şəxsin Zəhməti və onun əllərinin gördüyü İş ona məxsusdur.”

Təbii, müəyyən məqsədlər üçün dünyanın hər yerində bənzər söküntülər və köçürülmələr aparılır. Amma bu, heç bir halda belə kütləvi zorakılıq və hüquq pozuntuları ilə müşayiət olunmur. Heç bir halda insanların illərlə yeməyib-içməyib dişi-dırnağı ilə düzəltdiyi evlərdən bayıra atılması və müqabilində qəpik-quruşla susdurulmasına bəraət qazandırıla bilməz. Fransız liberalı Frederik Bastiat da öz oçerklərində xalqı vecinə almadan bildiyini edən  hökumətləri və onların fəaliyyətini kəskin tənqid edirdi. Bastiatın “Görünən və görünməyən” adlı oçerki hökumətin körpü tikməkdən tutmuş incəsənətin subsidiyalaşdırılması və təqaüdlərin verilməsinə kimi bütün gördüyü işlərin daxili mahiyyətini əks etdirirdi. O deyirdi ki, pul dövrə vurur, iş yerləri açılır və insanlar düşünür ki, hökumət ümumi iqtisadi inkişafa nail olub. İqtisadçının işi hamının görə bilmədiyini görməkdir: evlər tikilmir, paltarlar alınmır, iş yerləri yaradılmır, çünki pullarını özlərinə xərcləyə biləcək adamlar vergi ödəməklə bu pullardan məhrum olurlar.

Bəli, olimpiadaya bir ildən artıq vaxt qalır. Amma ona hazırlığın görünən tərəfindən insanlarımızın  başına daş-qaya yağmaqdadır. Hələ bu böyük həngamənin bir görünməyən tərəfi, min bir “bər-bəzəyi” də var axı. Allah o görünməz tərəfin gətirəcəyi bəlalardan saxlasın!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat