Neft şirkətlərində işçi standartı

Məhəmməd Talıblı, 14/2/14

Ölkə iqtisadiyyatını lokomotivi neft sektorudur. Neft sektorunda çalışan işçilərin sayı və şirkətlərə qazandırdıqları hər zaman müzakirə predmeti olub. İndi həmin mövzuya ölkə ictimaiyyəti yenidən qayıdıb. Çünki yeganə milli neft şirkəti olan ARDNŞ-də artıq ixtisarlara start verilib. Bu problemin özü xeyli əvvəlki illərə gedib çıxır. Yəni vaxtı ilə neft şirkətində nəzərdə tutulmuş işçi heyətindən artıq ştata işçi götürülmüşdü. İndi də əvvəlki neft hasilatı yoxdur və xərclərin azaldılması üçün ixtisarlar gündəmə gəlib. Menecment baxımından yanaşsaq, işçi heyəti ilə müəssisələrin gəlirləri arasında həmişə optimal nisbət nəzərə alınmalıdır. Dünya praktikasındakı standartlara görə, hər milyon ton neft hasilatı üçün 1000 nəfər işçi çalışmalıdır. ARDNŞ  isə ildə 8.3 milyon ton xam neft və 6.9 milyard kub metr mavi qaz hasil edir. Biz milli neft şirkətimizi ABƏŞ-lə müqayisə etsək, məlum olacaq ki, hasil olunan neftin dəyəri ilə saxlanılan işçi heyəti arasında böyük bir fərq var. Əgər elə ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə diqqət etsək, o zaman hər şey aydın olar. Məlumat üçün deyim ki,  ABƏŞ Azərbaycanda neft hasilatının 80%-ni həyata keçirir, amma cəmi 3,5 min nəfər işçisi var. Amma ARDNŞ-də  66 min nəfər işləyir. Cəmi ölkə üzrə neft hasilatının 20 faizini, yaxud 7 milyon tonunu Dövlət Neft Şirkəti hasil edir. Sadə bir hesablama aparsaq ki, ARDNŞ-də 66 min işçinin əldə etdiyi gəlir 22 milyarddır, onda bilmək olur ki, hər bir neftçi il ərzində şirkətə cəmi 330 min dollar gəlir gətirir. İndi gəlin, bunun digər transmilli neft korporasiyaları ilə müqayisəsinə baxaq. Məsələn, Norveçin “Statoyl” şirkətində cəmi 23 min işçi çalışır və şirkətin illik gəliri 131 milyard dollar olub(2012). Hər bir işçinin illik gəliri 5,7 mln. dollar səviyyəsində qiymətləndirilib. Fransanın “Total” SA şirkətində 93 min işçi çalışır və şirkətin illik gəliri 270 mlrd. dollar olub. Adambaşına düşən hər neftçi şirkətə 2,9 mln.  dollar gəlir gətirib. Dünyada çox məşhur olan BP şirkətində cəmi 80 min nəfər çalışır. İllik gəliri 380 mlrd. dollardan çox olub ki, bunun da adambaşına düşən həcmi 4,8 mln. dollara bərabərdir. Müqayisədən də görmək olur ki, milli neft şirkətimizdə həm hasilatın həcmi, həm də hər bir işçinin şirkətə qazandırdığı gəlir səviyyəsi digər transmilli neft şirkətlərindən 10 dəfələrlə azdır. Belə güclü və rəqabətədavamlı neft şirkətləri ilə müqayisədə ARDNŞ-in işçi heyəti çox olsa da, bəzi neft korporasiyaları ilə paralellər ARDNŞ-in işçi heyəti üçün çox da dramatik görünmür. Bu sırada Rusiyanın “Qazprom” şirkətini göstərmək olar. Bu şirkətdə 401 min nəfər işçi heyəti var və illik gəliri 117 mlrd. dollardır. Hər bir işçi üzrə illik gəlir 293 min dollardır. Təxminən illik gəliri bir o qədər olan (111 mlrd.)  Rusiyanın “Lükoyl” neft şirkətində isə cəmisi 150 min nəfər çalışır. “Lükoyl”da isə hər bir işçinin şirkətə qazandırdığı vəsait 743 min dollardır.

Hazırda görünən odur ki, ARDNŞ-də ixtisar olunan 20 min nəfər işçi heyətinin müxtəlif təsirləri olacaq. İstər ixtisar olunan heyətin seçilməsi, istərsə də onun digər sahələrə təsirlərinin olması qaçılmazdır. Bu ixtisarların həm obyektiv, həm də idarəetmə ilə bağlı olmasını bir fakt olaraq qəbul etməliyik.

İdarəetmə ilə bağlı məqamlara aşağıdakıları aid etmək olar:

Birincisi,  ARDNŞ-də işçi heyətinin daha çox olması və onun digər şirkətlərlə müqayisədə daha çox işçi heyətinin saxlanması texnoloji gerilik və innovativ metodların zəif olması ilə bağlamaq olar. Transmilli neft şirkətlərində modern texnologiyalar və rəqabətədavamlı sistem mövcud olduğundan, hələ ARDNŞ-in daha çox insan resursunun çoxluğu hesabına hasilatı və rentabelliyi yüksəltməsi başa düşüləndir.

İkincisi, Adətən şirkətlərdə daha çox hasilat prosesində iştirak edənlərin sayının  üstünlük təşkil etməsi normal haldır. Çünki şirkətin sonda istehsal etdiyi və üzərində çalışdığı neft məhsuludur. Daha çox fiziki əmək tələb edən prosesdə rəhbər heyətin üstünlük təşkil etməsi xərclərin daha da şişməsinə gətirib çıxarır. Məlumat üçün bildirək ki, ARDNŞ-də çalışan işçilərin 21600 nəfəri fəhlə kateqoriyasına daxil olmayan əməkdaşlardır. Bu, ümumi işçi heyətin 30 faizindən çoxu deməkdir. Belə rəhbər heyətin üstünlük təşkil etməsi xərcləri xeyli artırmaqla yanaşı, işçilərin sayını daha artırmış olur. Bu isə yolverilməz idi.

Üçüncüsü, Vaxtı ilə ARDNŞ-də işə qəbul nisbəti və ixtisaslaşma siyasəti vaxtı ilə əmək bazarı ilə əlaqəli şəkildə işlər aparılsaydı, vəziyyət xeyli yaxşı ola bilərdi. Söhbət ondan gedir ki,   ixtisas artırma və ya ixtisas dəyişmə işləri aparılsaydı, indi belə ixtisarların aparılması ağrılı və ajiotajla müşahidə olunmazdı. Digər ölkələrin təcrübəsində də var ki, ödənişsiz olaraq şirkət ixtisas dəyişmə kursları təşkil etməklə bu adaptasiya tənəzzülünü nisbətən asan keçmək mümkündür.

Dördüncüsü, ARDNŞ özünün tərkibində çoxlu sayda müəssisə və ya trestlər saxlamaqla xərclərini daha da artırmış oldu. İllərlə mərhələli sürətdə artan yeni müəssisələr və işçi heyəti xərcləri artırmaqla yanaşı, idarəetməni də çətinləşdirdi.

İxtisarların təsirinə gəldikdə isə, bir neçə vacib məqamı proqnozlaşdırmaq olar:

Birincisi, Bu ixtisarların baş verməsi sosial gərginlik mənbəyi olmaqla, əmək bazarında əlavə gərginlik yaratmaqla işsizlər ordusunun daha da genişlənməsinə gətirib çıxaracaq. Bu isə işsizlərin sayının artmasına və məşğulluqla bağlı problemlərin daha da sərtləşməsinə gətirib çıxaracaq.

İkincisi, ARDNŞ-də aparılan belə ixtisarlar digər büdcə təşkilatlarını da əhatə edəcək. Çünki hər bir sahə üzrə nəzərdə tutulan normadan artıq vətəndaşların işə götürülməsi əlavə rüşvət mənbəyi olmaqla, daha çox əhali qruplarını hökumətdən asılı vəziyyətə salmağa xidmət edirdi. Bunun üçün müxtəlif dövlət strukturları vaxtı ilə Maliyyə Nazirliyindən çoxlu sayda ştatlar alaraq  dövlət büdcəsindən daha çox vəsait cəlb edirdilər. Bundan sonra isə xüsusilə həm səhiyyə, həm də təhsil sahələrində belə ixtisarların şahidi olacağıq. Çünki mərhələli olaraq rasional xərc və real ehtiyaclar haqqında düşünmək lazım gəlib.

Üçüncüsü, Mən düşünürəm ki, təkcə bu ixtisarlarla da hər şey yekunlaşmayacaq. Ola bilsin ki, hətta 20 min işçinin ixtisarından sonra yenidən bu mövzuya qayıdılsın. Belə ki, yaxın gələcəkdə neft hasilatı azalmağa doğru getdikcə və ya dünyada neftin və ya qazın qiyməti aşağı düşdükcə, növbəti ixtisarlar da baş verə bilər.

Təsirlərin yumşaldılması və problemlərin həlli istiqamətində bir neçə tövsiyələri nəzərə almaq daha doğru olardı:

a) ARDNŞ-də ixtisarların müəyyən bir qismi təhlükəsizlik sistemində və rəhbər heyətdə baş verməlidir. Çünki təhlükəsizlik heyətində və rəhbər heyətində ştatların çoxu bilavasitə neft hasilatında çalışanların şirkətə qazandırdıqlarını minimallaşdırır.

b) Eyni zamanda, şirkət ixtisara düşən işçilər üçün özlərinə yeni iş yerləri tapana qədər onlara kompensasiyanın verilməsi də nəzərə alınmalıdır.

c) Əslində, müəssisələrin rentabelli işləməsi və daha keyfiyyətli xidmət göstərməsi üçün  onların özəlləşdirilməsi kimi variantlardan istifadə edilir. Açığı büdcənin təxminən 10 faizini təmin edən belə iri vergi ödəyicisinin hansı şərtlərlə özəlləşdirməyə çıxarılması haqqında ciddi düşünülməlidir. Bu, ölkədə yeganə milli neft şirkətidir. Amma təcrübə göstərir ki, həm mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rentabelliyin artırılması baxımından şirkətlərin özəlləşdirilməsi, həm də xidmətlərin həmin şirkətlərə həvalə olunması daha yaxşı nəticələr ortaya çıxarır. Belə özəlləşdirmə maliyyə hesabatının beynəlxalq standartlara keçidi baxımından, həm də maliyyə şəffaflığının artırılması baxımından olduqca faydalıdır. Amma həmin şirkətin səhmdarlarının kimlər olacağı, ölkədə neft-qaz hasilatını necə tənzimləyəcəyi və s. çoxsaylı sualların aydın olmadığı məqamda bunun müəyyən riskləri də var. Çoxlu sayda problemlər nəzərə alınmaqla, bu haqda ciddi qərarlar üzərində işləməklə ciddi nəticəyə gəlmək olar. Mən böyük miqyaslı məsələlərdə tələsik qərarların əleyhinə olmaqla, bəzi qərarlarımızda gecikməyi doğru saymıram.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat