İntihar - sosial problemlərin böhranı (I hissə)

Məhəmməd Talıblı, 20/2/14

Son günlər cəmiyyətdə ardıcıl olaraq intihar faktlarının qeydə alınması və onun ətrafındakı ictimai ajiotaj müşahidə olunmaqdadır. İntihar hallarının epizodik deyil, daha çox kütləvi hal alması onu deməyə əsas verir ki, bu təkcə insanların psixi durumu olan xəstəlik halı deyil, motivi çoxcəhətli olmaqla, kütləvi hal alan intihar dalğasıdır. Əgər intiharların səbəbləri sırasında gənclərin sentimental hissləri və ya platonik sevgi duyğuları olsaydı, bunu hər hansı bir şəxsin daxili dünyasının böhranı və emosiyası ilə əlaqələndirmək olardı. Amma indiki halda motivi daha çox fərdin şəxsi psixikası ilə əlaqələndirilmədiyi üçün baş verənləri öz adı ilə çağırmağa və mövzu ətrafında daha çox müzakirələr açmağa ehtiyac var. İntihar əslində psixoloji problem olmaqla insanların  psixi xəstəlik halıdır. Ona görə də, intihar faktına təkcə statistika kimi yanaşmaq doğru olmazdı. Onun motivi müəyyənləşdirilmədən nəticələrini düzgün qiymətləndirmək mümkün deyil. Lakin bu psixi halın özünün motivləri və ona təkan verən amillər müxtəlifdir. Fikrimcə, intiharın motivlərini əsasən 3 blokda birləşdirmək olar: Psixoloji, hüquqi-idarəetmə baxımından və sosial-iqtisadi aspekt üzrə.

Psixoloji baxımdan sağlam insanın formalaşması üçün düzgün səhiyyə, təhsil sistemi və təbliğat siyasəti lazımdır. Təhsil və səhiyyə sistemindəki vəziyyət göz önündədir. Təbliğatla bağlı isə onu demək olar ki, bizdə hələ də mədəniyyət və ideoloji sahənin özünün belə təbliğat siyasəti yoxdur. Ortada olan təbliğatın istiqamətləri isə çox bərbad və zərərli siyasətdir. Aparılan təbliğat siyasəti isə, ümumiyyətlə, düzgün qurulmayıb. Cəmiyyətdə daha çox yüksək həyat eşqi, sevgi, optimizm, ədalət, zəhmətə alışqanlıq, dini dəyərlər təbliğ olunmalı halda, bizdə dövlət TV-ləri ancaq kriminal hadisələri anbaan çəkib tirajlamaqla  məşğuldur. Bu isə hətta normal insan psixikası üçün təhlükəli olmaqla, onun cinayət etmək riskini stimullaşdırır.  Psixoloqların gəldikləri qənaətə görə, hətta psixoloji baxımdan sağlam olan insanın belə, ağlından ayda bir dəfə cinayət etmək istəyi keçir. İnformativ baxımdan təmasda olduğumuz yaxın çevrə, bizi yönəldən təbliğatın motivi insanları intihara və ya digər motivli cinayətə təhrik edir. Təbii ki, psixoloji baxımdan güclü insan heç bir halda özünə qəsd etməz, amma təbliğatın gücü bunları etmək gücündədir. Əgər biz çoxsaylı auditoriyası olan televiziyalarda sosial problemlərinin ağırlığına görə özünə qəsd edən insanları göstəririksə, bu hal digərlərində də o yola baş vurmaq həvəsi yaradır. Çünki ona baxan digər insanlarda da belə təəssürat yaranır ki, onun da vəziyyəti ağırdır və hətta ondan yüngül sosial problemləri olanlar belə riski edirsə, demək bu, qanunauyğundur. Demək istəyirəm ki, sosial problemləri gündəmə gətirməklə onların həllini sürətləndirmək daha düzgün yoldur, nəinki sosial problemlər hesabına özünə qəsd edən insanları göstərməklə. Möhkəm iradə sahibi və sağlam psixikaya malik olan insan heç zaman özünə əzab verərək  qəsd edə bilməz. Buna həm dinimiz günah kimi baxır, həm də cəmiyyətdə belə insanlara müsbət münasibət bəslənilmir. Psixoloqlar onu da müəyyənləşdiriblər ki, intiharların 5-6%-i şəxsin psixoloji durumu və ruhi vəziyyəti ilə bağlıdır.

Hüquqi və idarəetmə baxımından. İnsan ləyaqəti onun mənəvi dünyasının əsas barometrlərindəndir. O uca dəyər olaraq tapdananda insanın etirazı və sərt üsyanı qaçılmaz olur. Bu baxımdan yanaşanda, intiharı ləyaqətini güzəştə getməyən insanın  riskli davranışı hesab etmək olar. Əslində,  dövlətlərin konstitusiyaları və etik kodeksləri insan ləyaqətini qorumalı olduğu çox mühüm alətlərdir. Əgər belə mühafizə sistemləri mükəmməl deyilsə, demək, dövlətin idarə edilməsində böyük problemlər var. Bu isə hökumətin idarəetmə səriştəsi və keyfiyyəti ilə, daha doğrusu, keyfiyyətsizliyi ilə əlaqədardır. Ona görə də, dövlətlərin hüquq sistemi hər bir vətəndaşın hüquqlarının ən yüksək səviyyədə qorunması üçün işlək mexanizmə malik olmalıdır. Əksər hallarda dövlət məmurlarının şıltaq davranışları və vətəndaşlara cansız varlıq olaraq baxılması ön sıraya keçir. Belə hallarda köməksiz qalan sadə vətəndaşın intihara əl atması ilə nəticələnir. Əslində, vətəndaşların sosial problemlərinin həlli üçün çalışmalı olan məmurlar ilk növbədə bu problemlərin mahiyyətini və insan həyatına təsirini düzgün qiymətləndirə bilməlidir. Qiymətləndirə bilməlidir ki, həmin vətəndaşlara kömək edə bilməyəndə, bunun yaratdığı təsirləri də öncədən görə bilsin. Böyük əminliklə deyirəm ki, çox təəssüf ki, bizim çoxlu sayda məmurların özlərinin psixi problemləri açıq görünür. Özünün psixi problemi olan məmurun vətəndaşın hansısa problemini həll etməsini gözləmək sadəlövhlük olardı.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat