Dünyanı dəyişən simalardan biri-Zukerberq

Səadət Cahangir, 24/2/14

Hər kəs razılaşar ki, bu gün çeviklik baxımından dünyanın informasiya dəyirmanı rolunu oynayan sosial şəbəkələrin rəqabəti yoxdur. Bu sehrli məkan qitələrarası məsafələri belə an ilə qət etmək imkanı verir. Bakıda başından keçən hansı macəradan söz açsan, məsələdən eyni anda bir afrikalı da xəbər tuta bilər.

Ötən ilin hesablamalarına görə hazırda ən populyar sosial şəbəkə sayılan “Facebook”un yaradıcısı  Mark Zukerberq Amerikanın 50 ən səxavətli xeyriyyəçisi arasında birinci  olub. O, bu birinciliyi xanımı Prisilla Çan ilə birlikdə  Silikon vadisində qeyri-kommersiya təşkilatına ianə etdiyi bir milyard dollar sayəsində əldə edib. Amerika xeyriyyəçilərinin orta yaşı 72 hesab olunduğuna görə, 30 yaşlı Zukerberq və Çan həm də ölkənin ən gənc xeyriyyəçiləridir.

2013-cü ilin ən çox ianə edən xeyriyyəçiləri sırasında ikinci yerə Texas ştatından olan enerji maqnatı Corc Mitçel çıxıb. Keçən il iyul atında dünyasını dəyişən cənab Mitçel varidatından 750 milyon dolların xeyriyyə məqsədi ilə istifadə olunmasını vəsiyyət edib. Bu maliyyə enerji konservasiyası və davamlılığının təmin edilməsi üçün nəzərdə tutulur.

Məlum siyahının üçüncü pilləsində  “Nike” şirkətinin həmtəsisçisi Filip Nayt və onun həyat yoldaşı Penelopa dayanır. Onlar isə keçən il Oreqon universitetində xərçəng xəstəliyi ilə bağlı araşdırmaların davam etdirilməsi məqsədilə Səhiyyə və Elm fonduna 500 milyon dollar ayırıblar.

Bəli, xeyriyyəçilik dünyada mənəvi dəyərləri, inkişafı və ədalətli sahibkarlığı stimullaşdıran mühüm vasitələrdən biridir. Dünyanın ən populyar adamlarının bu nəcib təşəbbüslərə dəstək verməsi isə insanları daha çox təsirləndirir. Demək olar ki, son illərə qədər ən böyük xeyriyyə layihələrində adı keçən məşhurlara “Microsoft”un sahibi Bill Qeyts öncüllük edirdi. İndi Zukerberq önə keçib. Bu, daha çox həyatın qanunauyğun inkişafına bənzəyir. Hazırkı vaxtda milyonlarla insanın ən çevik informasiya mübadiləsi məkanı sayılan “Facebook” rəqabət tanımadığı kimi, onun yaradıcısının da öndə getməsi təəccüblü deyil.

Hazırda sərvəti 9,5 milyard dollardan artıq qiymətləndirilən Zukerberq dəyərləndirdiyi layihələrə xəsislik etmədən milyonlar xərcləyən şəxslərdəndir. Məsələn, onun Nyuark şəhərinin məktəblərinə 100 milyon dollar ianə etməsi,  2013-cü ilin fevralında Nyu-Cersi ştatının qubernatorunun siyasi fondlarına vəsait yığılması tədbirinə qatılması da medianın əsas xəbər başlıqlarına çıxmışdı.

Xeyriyyəçilik ən üstün insani keyfiyyətlərdəndir, şübhəsiz. Amma mənə görə, Zukerberqin dünya üçün daha dəyərli kəşfi onun informasiya məkanına gətirdiyi  yenilikdir. Onun FB adlı tapıntısını yer üzünün hüdudsuz və sərhədsiz məkanına azadlıq yağmuru gətirən şimşəyə bənzətmək olar, əslində. Kim nə deyir-desin, bu yenilik dünyanı dəyişən qarşısıalınmaz gücə çevrilib artıq. İllərdir o, müasir günümüzdə baş verən nəhəng aksiyaların, kampaniyaların, o cümlədən inqilabların siqnal düyməsi rolunu oynayır. Bu baxımdan onu fərqli cəmiyyətlərin  sakit axarını pozan zərərli vasitə kimi dəyərləndirənləri də anlamaq olar. Bəlkə də, təbiətin ən ilginc hadisələrindən olan şimşək kimlər üçünsə çox qorxuludur-qaranlığa anidən işıq saçdığına və səs saldığına görə. Amma cəsur və dəyişimi sevən insanlar üçün onun xüsusi gözəlliyi var. Sözsüz, anlamaq lazımdır ki, bəzi olacaqlar və gerçəklər kimsənin istəyindən asılı olmadan baş verir. Biz istəsək də, istəməsək də, zamanı saxlaya bilmirik. Ona görə də, anlayın ki, yeniliyin, müasirliyin və inkişafın qarşısına keçənlərin cəhdi ayaqlar altında qalmaqdan başqa bir şeyə yaramaz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat