İntihar - sosial problemlərin böhranı (II hissə)

Məhəmməd Talıblı, 26/2/14

İdarəetmə ilə bağlı böhranlı vəziyyətin hökm sürməsi və məmurların vətəndaşlara qarşı haqsız davranışı çıxılmaz durumda olan vətəndaşın intihara əl atmasına səbəb olur. Azərbaycan reallığında bu hal da daha çox müşahidə olunan intiharların motivi hesab oluna bilər. Ona görə, effektiv idarəetmə sistemi qurulmayınca, məmurun vətəndaşların rəyindən asılı olduğunu tam anlamayınca və öz işinin öhdəsindən gələ bilməyən belə məmurlara qarşı cəza təbirləri olmayınca, bu intihar dalğası dayanmayacaq.

İntiharın sosial-iqtisadi aspektləri.

Birincisi, makroiqtisadi göstəricilərin qənaətbəxş olmamasıdır. Azərbaycanda maliyyə ehtiyatlarının dövlət strukturlarında özünü daha çox göstərməsinə baxmayaraq,  vətəndaşların həyatlarında onun təzahürləri bir o qədər məhduddur. Yəni icmal büdcənin artan gəlirləri, Neft Fondunun aktivləri və Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının (toplam olaraq 50 mlrd. dollardan çoxdur) artmasına baxmayaraq, əhalinin gəlirlərində bu özünü bir o qədər də göstərmir. Ona görə də, Azərbaycan iqtisadi baxımdan zəif ölkə sayılmasa da, əhalinin maliyyə ehtiyatları və sosial-iqtisadi təminat baxımından bunu elə adlandırmaq olar. Əgər biz ölkədə orta aylıq əməkhaqqı səviyyəsini Avropa ölkələri ilə müqayisə etsək, məlum olacaq ki, bizdə mövcud vəziyyət həmin birliyə daxil olan ölkələrdən 8-12 dəfə geridə qalır. MDB məkanı ilə müqayisə etsək isə, məlum olar ki, bizdə orta aylıq əməkhaqqı (423 manat) 530 dollar olduğu halda, Belarusda 615 dollar, Qazaxıstanda 730 dollar və Rusiyada 925 dollar civarındadır. Demək bizdə orta aylıq əməkhaqqı səviyyəsi nəinki yüksək maddi təminat, hətta orta səviyyəli təminat üçün də yetərli deyildir. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, bizdə yaşayış minimumu ilə aylıq istehlak səbəti arasında fərq var. Pensiyaçı mövcud pensiya məbləği ilə hətta aylıq dərmanlarını almaq gücündə deyil.  Bir sözlə, ölkəmizdə adambaşına düşən gəlir səviyyəsi, orta aylıq aylıq əməkhaqqı, simvolik pensiya həddi, aşağı səviyyəli yaşayış minimumu, işsizlik, yoxsulluq kimi problemlərin mövcud olması insanların dərin sosial qayğılarla yaşamasını  göstərir.

İkinci, vətəndaşların bank kreditlərindən asılılığının sürətlə artmasıdır. Bilirik ki, ölkədə çoxsaylı intiharların səbəbləri insanların böyük borclar müqabilində çıxılmaz durumda olmasıdır. Əslində, borclar banklarla vətəndaşlar arasında qurulan maliyyə münasibətləridir. Bu münasibətlərdə kimin daha çox qazanması və ya kimin itirməsində dövlət günahkar deyil.

Sadəcə, dövlətin vətəndaşların sosial problemlərinin həlli yolunda səbatlı və səmərəli siyasət yürüdə bilməməsi hesabına vətəndaşlar bu siyasətin mənfi təsirinə görə sosial problemlərini öz gəlirlərinə arxayın olaraq həll edə bilmir. Əvəzində çıxış yolu kimi daha çox gələcəyə hesablanmış kreditlər vasitəsilə problemini həll etmək istəyir. Çox vacib olan sosial problemlərini həll etmək istəyən vətəndaş bir krediti öz gəliri hesabına bağlaya bilməyəndə, digər banklardan yenidən kredit götürməklə bu problemini həll etməyə çalışır. Əslində, belə vəziyyətlərdə vətəndaş problemlərini həll etmək yox, onu ertələməklə bank institutlarının mövcud (ağır) şərtlərindən istifadə edir. Sonda isə vəziyyətinin daha da ağırlaşdığını görən vətəndaş çıxış yolunu intiharda görür. Məlumat üçün bildirək ki, hazırda ölkə üzrə 2 milyon nəfərin banklara borcları var. Banklardan götürülən və sənəddə göstərilən kreditlərin məhz 40 faizi istehlak kreditlərinin payına düşür. Halbuki, 2010-cu ildə bu rəqəm 30% idi. Bu şərtlər altında proqnozlaşdırmaq olar ki, 2014-cü ilin sonuna bu rəqəm 50%-ə çata bilər. Bu ondan xəbər verir ki, istehlak məqsədilə götürülən kreditlər hər 5 manatdan 2-i təşkil edir.

Əgər götürülmüş kreditlərin geri dönüş əmsalı yüksək olsaydı, onda heç bundan narahat da olmağa dəyməzdi. Amma nəzərə alanda ki, alınmış kreditlərin qaytarılmasında vətəndaşlarımız xeyli çətinlik çəkir, o zaman bunun səbəbləri haqqında da düşünməyə dəyər. Belə ki, Mərkəzi Bankın hesabatına görə, hazırda alınmış kredit portfellərində problemli və ya qaytarılması çətin olan kreditlərin səviyyəsi ümumi kredit portfelindəki payı 6% həddindədir. Müxtəlif hesablamalara görə isə hazırda bu rəqəm 15 faiz təşkil edir. Yenə də əvvəlki illərə diqqət yetirəndə görürük ki, ödəmə vaxtı keçmiş kreditlər artmaqdadır. Belə ki, 2011-ci ildə vaxtı keçmiş kreditlərin həcmi 558 mln. manat idisə, 2013-cü ildə bu rəqəm 1 mlrd. manatı ötüb. Məlumat üçün bildirim ki, beynəlxalq metodologiyaya görə qaytarılmayan problemlərin ümumi kredit portfelində xüsusi çəkisi 10%-i keçirsə, bu problemli kreditlər hesab olunur. Təhlildən də görmək olur ki, həm istehlak kreditlərinin həcminin artması, həm də qaytarılması çətin olan problemli kreditlərin böyüməsi əhalinin sosial durumunun necə ağır vəziyyətdə olmasını söyləməyə imkan verir. Yaxud bankların qarşısında uzun müddət bir vətəndaş olaraq müşahidələr aparmağımız da belə bir nəticə çıxarmağa imkan verir.

Üçüncüsü, mülkiyyət haqlarının tapdanması və bu hüquqların yüksək səviyyədə təmin olunmamasıdır. Mülkiyyəti əlindən alınan və mülkiyyətlərinə qəsd hallarının kütləvi hal alması insanları çətin vəziyyətə salıb. Mülkiyyətinə qəsd edilmiş vətəndaşın hüquqlarını qoruyan dövlət aparatı və ya məhkəmə sistemi yoxdursa, onda intiharlar qaçılmaz olur. Qarabağ qazısı Zaur Həsənov əməkçilərin hüquqlarını qorumalı olan Həmkarlar Konfederasiyasının qarşısında özünü yandıraraq öldürdü. Onun yeganə etirazı ona məxsus mülkiyyətin (balaca çayxanasının) əlindən alınmasına görə idi. Onu da qeyd edim ki, bu çoxsaylı intiharların içərisində nisbətən daha çox səsli-küylüsü idi. Halbuki, başqa belə riskli davranış nümayiş etdirənlər də çoxdur, xüsusilə ucqar rayonlarda. Belə motivli intiharların olması ondan xəbər verir ki, bizdə hüquq sistemi işlək deyil və vətəndaş dövlətə çox təəssüf ki,  ədalətin təminatı kimi deyil, cəza aparatı kimi baxır.

Dördüncüsü, intihar risklərini azaldan ailə institutları arasında yardımlaşma ənənələrinin mövcud olmasıdır. Bildiyimiz kimi, cəmiyyətdə gəlirlərin paylaşmasında qeyri-bərabərlik mövcuddur. Gəlirli təbəqə daha varlı, kasıb təbəqə daha da yoxsuldur. Yoxsul təbəqə sosial problemlərinin həllinə öz imkanları hesabına nail ola bilməyəndə, bunu digərlərindən umur. Bizdə mental dəyərlərdən irəli gələn qohumlar arasında bir-birinə kömək etmək və problemlərinə sahib çıxmaq kimi mental ənənələr sosial qayğısı olanları bu gərginliyin nisbətən daha ağrısız keçməsinə şərait yaradır. Demək, bizdə intihar risklərinin hələ azalması səbəblərindən biri də mental dəyərlərdən irəli gələn ailə institutları arasında yardımlaşma ənənələrinin mövcud olması sosial, psioxoloji və iqtisadi fəsadların nisbətən daha az ağrısız keçməsinə imkan yaradır. Əks halda, belə münasibətlərin olmaması sosial gərginliyi daha da artıra və intihar hallarının daha da artmasına gətirib çıxara bilərdi.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat