İntihar - sosial problemlərin böhranı (III hissə)

Məhəmməd Talıblı, 5/3/2014

Azərbaycanda intihara cəhdlər və faktlar. Cəmiyyətdə zorakı metodlar insanları bezdirəcək səviyyədə tüğyan etdiyinə görə, intihar halları daha çox kütləvi hal almağa başlayıb. Əgər bir məmləkətdə intihara kütləvi cəhdlər varsa və belə cəhdlərin əksəriyyəti fakta çevrilirsə, bu həmin ölkənin yaşamaq üçün yararsız olması anlamına gələ bilər. Psixoloqların rəyinə görə, dünyada intihar cəhdlərinin təxminən 10 faizi ölümlə nəticələnir. Amma Azərbaycanda intihara cəhdlərin statistikasını və faktları təhlil etsək, fərqli mənzərə alınar. Belə ki, Respublika Təcili Yardım Stansiyasının məlumatına görə, təkcə 2013-cü ildə özünə qəsdlə bağlı 922 çağırış olub. Ötən il isə 485 intihar faktı qeydə alınıb. Aydın görmək olur ki, bizdə intihar cəhdlərinin 50 faizi ölümlə nəticələnir. Bu isə psixoloqların proqnozundan 5 dəfə artıqdır. Buradan çıxardığımız başqa bir nəticə ondan ibarətdir ki, bizdə ağır sosial şərtlər və insanların həyatlarının azalan dəyəri onu daha şiddət və qətiyyətli qərar qəbul etməsinə sövq edib.  Rəqəmlərdə 9 milyon, reallıqda isə 6-7 milyon nəfərin yaşadığı Azərbaycanda 1 ildə 485 intihar faktı qeydə alınıb. Amma son 10 ildə Türkiyə Ordusunda cəmi 965 intihar hadisəsi baş verib. Bu çox düşündürücü rəqəmlərdir.

Çox təəssüf ki, intihar faktlarına göz yuman soyuqqanlı məmurlarda tapılır. Onların vətəndaşlarımızın heç bir çarə tapmadıqları halda etdikləri ən son şansı özlərinə  bəraət qazandıracaq bu şəkildə ifadə edirlər: “Bütün dünyada, hətta güclü iqtisadiyyata malik ölkələrdə də intihar halları var və s.“. Onların nəzərində bu hal təkcə Azərbaycana məxsus hal deyil, qlobal fenomendir.

Əvvəla, onu qeyd edək ki, iqtisadiyyatları güclü və rifah səviyyəsi yüksək olan ölkələrdə bu kimi halların olması faktı doğrudur. Məlumat üçün bildirim ki, dünya üzrə intiharların sayına görə ən yüksək nəticə Aİ-nın üzvü olan İsveçrədə qeydə alınıb. Dünyada intiharların sayına görə Skandinaviya ölkələri daha çox öndə gedir. Bunun çoxlu sayda səbəbləri var. Bunların sırasında qəbul olunan istehlak mallarının tərkibindəki  genetik modifikasiya kodu dəyişdirilmiş məhsullardan tutmuş psixo-sosioloji amillərə qədər müxtəlif növlü faktorlar mövcuddur. Onlar daha çox yüksək zövqlərə əli çata bilmədiyi vaxtda da intiharı adiləşdirə bilirlər. Amma bizdəki intihar faktları ağır sosial problemlər və məmur özbaşınalığının insanların həyatını cəhənnəmə çevirməsi ilə bağlıdır. Amma o da  dəqiqdir ki, onlarda intihar halları səriştəsiz idarəetməyə və ağır sosial problemlərə görə baş vermir. Bizdə isə intiharlar məhz daha çox sadaladığımız amillərin təsiri altında baş verir.

İntiharların belə vəziyyət almasında xeyli düşündürücü amilləri də görmək olur. Bunlar situativ faktorlarla bağlıdır. Maraqlıdır ki, bizdə intihar faktları Qarabağ kimi ağır müharibə illəri zamanı deyil, məhz neft gəlirlərinin ölkəmizə böyük həcmdə daxil olmasından sonrakı illərlə üst-üstə düşür. Əgər 10 il bundan əvvələ qədər bizdə intiharlar faktları cəmiyyətdə ciddi sosial rezonans  doğururdusa, artıq son illər bu hallar adi statistikaya çevrilərək tendensiya halını alıb. Nəinki belə intiharlarda məsuliyyəti olan məmurlar cəzalandırılır, əksinə növbəti illərdə onların daha da mükafatlandırıldığının şahidi oluruq. Bütün bunlar hökumətin vətəndaşların intiharlarına olan münasibətidir.  Nəzərə alanda ki, ölkəmizə neft gəlirləri 2003-cü ildən sonra daha böyük məbləğlə daxil olmağa başlayıb, onda söyləmək olar ki, neft gəlirlərinin həm sosial problemlərin həllində, həm də intihar fenomeninin daha da artmasında neqativ effekti mövcuddur.

Mən düşünmürəm ki, bizdə intihar faktları yalnız Statistika Komitəsinin məlumatları ilə ölçülməlidir. Əvvəla, bu intihar motivi ilə bağlı ölümü müxtəlif səbəblərlə bağlamaq, statistikaya “əl gəzdirilərək” elan olunması, regionlarda baş verənlərin mərkəzi qurumlardan gizlədilməsi və s. amillərlə faktların gizlədilməsi üçün səbəblər ola bilər. Bunlarla bərabər qapalı zonalarda-hərbi hissələrdə, həbsxanalarda və digər hərbi strukturlarda özünəqəsdlə bağlı açıqlanmayan və heç kimə bəlli olmayan vəziyyət də mövcuddur. Həmin statistikanı ortada olan, lakin təhrif olunmasına şübhə etdiyimiz statistikanın üzərinə gəlsək, məlum olacaq ki, ölkədə gerçəkdən ictimai psixoz durum mövcuddur. Biz həyatından məmnun olan yox, ölümü adiləşdirən cəmiyyətə doğru sürətlə gedirik. Bütün bunların simptomları kimi cəmiyyətdə kin-küdurət, nifrət və digər mənfi emosiyalar dominantlığı ortadadır. Kasıb varlıya, işsiz məmura, bir sözlə hamı-hamıya nifrət edir. Yeri düşmüşkən, belə cəmiyyətlərdə qanuni silah gəzdirmək azadlığı olduqca qorxuludur. Bütün bunlarla bərabər mən şəxsən intihar halları deyəndə yalnız vətəndaşlarımızın özünə qıymasını nəzərdə tutmuram. Bu ölkədən çıxaraq hətta başqa ölkədə ölümü göz önünə almasını da həmin kateqoriyaya aid edirəm. Onu nəzərdə tuturam ki, öz məmləkətini qoyub, Suriyada ölümün üzünə dik baxaraq vuruşmaq üçün gedəni də, Rusiyada ağır şərtlər altında vətəndaşlarımızın çörək pulu qazanmaq naminə həyatlarını da riskə atmalarını da passiv intihar halları ilə bağlayıram. Bunun adını şərti olaraq “dolayı intihar” qoyaq. Bu yenə mahiyyəti dəyişmir.

Azərbaycanda intiharların əsas səbəbləri içərisində sosial problemlərin mürəkkəb formada olması mühüm rol oynayır. Yəni, insanları bu addıma təhrik edən həyatındakı sosial problemlərin ağırlığı və dözülməzliyidir. İntiharla bağlı araşdırmalar göstərir ki, dünyada intiharla bağlı motivlərin 40%-ni sosial problemlər təşkil edir. Amma Azərbaycanda yuxarıda sadaladığımız və sadalamadığımız çoxsaylı problemlərin ağırlığı onu deməyə imkan verir ki, bizdə intihar edən vətəndaşların böyük əksəriyyəti (bəlkə də 60-70 faizi) sosial problemlərlə bağlıdır. Məhz insanların sosial-məişət qayğıları içərisində çaba göstərməsi, başqa sözlə sosial problemlərin yaratdığı böhranı onu hər an intihara doğru sürükləyir.  Sual oluna bilər. İntiharların qarşısını almaq və onu aradan qaldırılması yolları mövcuddurmu? Psixoloqların fikrincə, müasir psixoterapiya və tibbi psixologiya intiharın birbaşa qarşısını almaq üçün əllərində  xüsusi həll mexanizmləri yoxdur. Düzdür, intihar fenomenini öyrənmək və onun diaqnozlarını müəyyənləşdirmək ilk növbədə psixoloqların və psixiatrların işidir. Lakin intihar hallarına səbəb olan motivləri (sosial, hüquqi, psixoloji) yaxşılaşdırmaqla, cəmiyyətdə sağlam atmosferə, yaxşı idarəetməyə və s. nail olmaqla bu halları dəfələrlə aşağı salmaq mümkündür. Bunun üçün cəmiyyət qarşısında hesabatlı hökumətə nail olmaqla intiharın motivlərinin müxtəlif aspektləri üzrə dərin və tərəfsiz təhlillərinin aparılması vacibdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat