Talon sistemindən bazar sisteminə

Səadət Cahangir, 7/3/14

Biz uzun illər sovet sistemində yaşamış adamlarıq.  Zamanında “bazar” sözünün təhrif olunmuş mənasına aldanmışıq. Ət və yağ kimi önəmli ərzaq məhsullarının aylıq talonlar əsasında satıldığı bir cəmiyyətdə, “bazar qiyməti” ifadəsi də boşuna yaranmayıb. O zamankı anlamında bu, yüksək bahalığı işarət edən bir ifadə kimi işlənirdi. Maddi rifahın gülünc “talon qaydaları” ilə qidalanan, hər fürsətdə bazarın od qiymətlərinin əl yandırdığından gileylənən bir nəsil böyütmüşdü sovet cəmiyyəti.

Amma bir gün bu ərzaq yasağına bağlı sistem dağıldı və azacıq kənara göz atıb gördük ki, orada başqa dünya varmış. Bu bolluq və zənginlik dünyasında bazarın anlamı da bizim düşüncələrimizdəkindən tamam fərqliymiş demə. Bahalığın sinonimi kimi səslənən bazar deyimi də, əslində, bir yanğın yeri deyil, bolluq və zənginliyin açarıymış.

“Bazar vətəndaş cəmiyyətinin mühüm elementidir. Bir şəxsin cibində nə qədər pul var və əgər o miqdar onun qonşusunun cibindəki məbləğdən  çox və ya azdırsa,  bu özlüyündə insan həyatının mənəvi elementi deyil. Tərif və ittiham mahiyyətinə görə zənginlik və ya kasıblıq əsasında təqdim olunmur, insanların hərəkəti ilə qazanılır” (Deyvid Boaz)

Göründüyü kimi, azad bazar insanlara böyük imkanlar açır. O dərəcədə böyük imkanlar ki, cibinin hesabına uyğun istədiyin qədər mal ala bilərsən. Heç şübhəsiz ki, müasir dünyada demokratiya, insan azadlığı, orta ömür müddətinin yüksəlməsi, daha yüksək  təhsil, zənginlik, mənəvi yüksəliş, bədii yaradıcılıq üfüqlərinin açılması kimi bir sıra sıçrayışların baş verməsində bazarların önəmli rolu var. Amma bu heç də azadlıq və müstəqillik yayan bazar sistemində hər şeyin qüsursuz  getdiyi anlamına gəlməz. Onun faydaları ilə bərabər, əskikləri də var, şübhəsiz.

Hər şeydən öncə, bazar bolluğu seçim imkanlarının  genişlənməsi ilə insanı müəyyən çətinliklərlə üzləşdirir. Alıcını, sözsüz ki,  daha keyfiyyətli və daha ucuz ərzaq çeşidlərinin satıldığı bazar məkanları çəkir. Elə önəmli olan da bu iki elementin cəmləşdiyi məhsulları bir arada tapıb əldə etməkdir. Amma bunun özü də asan məsələ deyil. Məsələn, yaxınlarda daim bazarlıq etdiyim nəhəng marketdən kiçik bir qutuya qablaşdırılmış holland pendiri aldım. Qabı evdə açınca, pendirin üzərində kif qatı yarandığını gördüm. Uzun zamandan bəri alış-veriş etdiyim marketdə əvvəllər belə problemlə qarşılaşmadığım üçün, məhsulun istifadə müddətinə də baxmamışdım. Keyfiyyətsiz məhsulu ertəsi gün marketə geri apardım. Bazarlıq etdiyim ümumi çeki saxlamadığımdan, market rəhbərliyinin nümayəndəsi ilə mübahisə etdik. İnadımı görən adam sonunda təslim oldu və məhsulu yenisi ilə əvəz etdilər.

Şübhəsiz, azad bazarın mühüm şərtlərindən biri ona hökumət müdaxiləsinin olmamasıdır. Amma bu o demək deyil ki, hökumət satışa keyfiyyətsiz və hətta vaxtı keçmiş ərzaq məhsullarının çıxarılmasına da göz yummalıdır. Bu, birbaşa insanların sağlamlığı ilə bağlı məsələdir və ona istisnasız nəzarət edən bir orqanın olması vacibdir. Yaxşı olardı ki, hökumət bazara müdaxilə etməkdənsə, öz üzərinə düşən məsuliyyəti dərk edib, ora sağlam məhsulun çıxmasına təminat yaratsın. Gerisi alıcı ilə satıcı arasında öz-özünə tənzimlənəcək.

Bir önəmli nüans da var. Azad bazarlar güclü rəqabət əsasında qurulan bir sistem olduğuna görə, orada yer alan məhsul sahibi özünüqoruma instinktinə əməl etmək zorundadır. Əks halda, o ya qısa zamanda müflis olacaq, ya da alıcılarını itirib bazarı kor-peşman tərk etmək məcburiyyətində qalacaq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat