Mərhəmət aranan ölkə

Səadət Cahangir, 13/3/14

“Köpəyə verilən sümük xeyirxahlıq deyil. Xeyirxahlıq siz də köpək qədər ac ikən paylaşılan sümükdür” - Cek London

Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılan heyvanlara işgəncə verilməsi ilə bağlı məsələ diqqətimi çəkdi. Bu qanun qəbul olunduğu halda, heyvanlara işgəncə verən şəxslər 2 il həbs cəzası alacaq. Əslində, bu ölkədə Heyvanların qorunması haqqında qanun var. Amma o, işgəncə məsələsinə görə yalnız konkret cərimələr nəzərdə tutur. Zaman-zaman qanunun dəyişməsini israr edən heyvansevərlər onu sadistləri himayə edən qanun kimi dəyərləndirirlər. Onlar bəzi ağılalmaz işgəncə hallarında günahkarı yalnız cərimələməklə kifayətlənən qanuna ironiya ilə “Afərin oğlum qanunu” və ya “Heyvanları Qoru-MA qanunu” adı vermişlər.

Mənim fikrimcə, işgəncə hüquq mövzusu olmaqdan öncə bir mənəviyyat məsələsidir. Maraqlı bir məsələyə diqqət çəkmək istəyirəm. İslam dini başqa dinlərdən fərqli olaraq, nəinki insanların, heyvanların döyülməsini, onlara işgəncə verilməsini və zövq üçün öldürülməsini də birmənalı şəkildə haram sayır. İslam Peyğəmbəri hətta səfərlərdə quş yuvalarının dağıdılmaması, yumurtalarına və balalarına toxunulmaması haqqında qəti göstəriş verirdi.

Amma qəribədir ki, indiyə qədər heyvanlara qarşı işgəncəyə görə konkret həbs cəzası nəzərdə tutan qanunlar o mərhəmət duyğusunu təbliğ edən dinin daşıyıcıları olan ölkələrdə deyil, məhz Avropa ölkələrində qəbul olunub. Yəqin ki, bu ilkə imza atan birinci müsəlman ölkəsi Türkiyə olacaq.

Şübhəsiz, heç bir canlıya qarşı edilən işgəncəyə haqq qazandırıla bilməz.

Avropada öz heyvanının quyruğunu kəsən, balkondan atan, işgəncə verən şəxslər haqqında məhkəmə dərhal həbs qərarı çıxarır. Buna nümunə olaraq yaxınlarda  Fransanın Marsiliya şəhərində baş vermiş bir faktı göstərə bilərik. İnternetdə Oskar adlı pişiyi divara çırpan 24 yaşlı Farid Gilas adlı fransızın görüntüləri başına bəla açmışdı. Bu fakt əsasında hərəkətə keçən hüquq mühafizə orqanları onu 1 il həbs və 30 min avro cərimə ilə cəzalandırmışdı.

Dünyada heyvanları qorumağı nəzərdə tutan ilk qanun 1641-ci ildə  İngiltərənin Amerikadakı Massaçusets koloniyasında qəbul olunub. İlk heyvanları qoruma dərnəyi isə 1824-cü ildə İngiltərədə qurulub.

Hətta hal-hazırda İsveçrədə Beynəlxalq Heyvan Haqları Məhkəməsi fəaliyyət göstərir. Məşhur ətraf mühit mühafizəçisi və heyvan haqları müdafiəçisi kimi tanınan Franz Veber tərəfindən qurulan bu məhkəmə, İnsan Haqları Komissiyası kimi toplantılarını Cenevrədəki Birləşmiş Millətlər Sarayında həyata keçirməkdədir.

Azərbaycanda bu məsələ ilə bağlı həbs cəzası yoxdur. Amma keçən il İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, heyvanlara işgəncə faktı üzrə tətbiq olunan cərimələrin məbləği 20-45 manatdan 500 manatadək artırılacaq.

Əslində, bu gün dünyada insan işgəncələri ilə bağlı faktlar baş alıb getdiyinə görə, çoxları heyvanlara qarşı işgəncələrə barmaqarası baxır. Bu yanaşma doğru sayılmasa da, irəli sürülən məsələ həqiqi mənada düşündürücüdür. Heyvanlara qayğı və sevgi hissi, şübhəsiz ki, insanlara olan ədalətli münasibətdən keçir. Bu olmayan ölkədə heyvanlar üçün mərhəmət aramaq boş xəyaldan başqa bir şey sayılmaz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat