Azərbaycan strateji seçim anında (I hissə)

Məhəmməd Talıblı, 17/3/14

Avropa ilə münasibətlərdən söz düşəndə, hamımız ona inteqrasiyanın vacibliyindən danışırıq. Bəzən ifadə yanlışlığı məzmun anlaşılmazlığına gətirib çıxarır. İfadə olaraq dəqiqləşdirməyimizə ehtiyac var. Bu mənada “Avropaya inteqrasiya” uğurlu ifadə sayıla bilməz. Çünki Avropa deyəndə ilk olaraq onun coğrafi ərazisi və əhatəliliyi göz önünə gəlir. Yəni o, ərazi olaraq müəyyən coğrafi sahəni əhatə etdiyindən, ona interqasiya haqqında da məzmun baxımından danışmaq düzgün olmazdı. Fikrimcə, “Avropa strukturlarına inteqrasiya” daha yerində olan ifadə hesab oluna bilər. Çünki Avropa ilə bağlı təsisatların mövcud olması onu deməyə əsas verir ki, onun strukturları ilə əlaqələr və sıx əməkdaşlıq mexanizmləri mümkün ola bilər. Azərbaycan cəmiyyəti üçün Avropa strukturlarına inteqrasiyanın və ya Avropa dəyərinin nədən ibarət olması üçün onun məzmunu və bir dəyərlər sistemi olaraq çox sadə dildə manifestinin hazırlanmasına böyük ehtiyac var. Çünki cəmiyyətdə bununla bağlı bir informativ boşluq mövcuddur. Belə bir boşluğun doldurulması ən azı  ictimai şüurda həmin dəyərlər sisteminin oturuşmasına gətirib çıxara bilər. Bildiyimiz kimi isə, bütün faktoloji və tarixi transformasiyalar ictimai şüurlardakı  dəyişikliklərdən keçir.

Qarşımızda bizi düşündürən çox sadə suallar durur: Biz niyə “burnumuzun ucunda” olan yaxın qonşunu(Rusiyanı) yox, uzaq Avropanı seçməliyik?  Biz niyə fərqli dili və bir çox hallarda uzaq mədəniyyəti seçməliyik? Biz niyə enerji resursları ilə zəngin olan Rusiyanı yox, əksinə Rusiyanın özündən böyük enerji asılılığı(42%) olan və belə sərvətdən məhrum olan Avropa kimi iqtisadi məkanı seçməliyik? Biz niyə uzun illər eyni siyasi rejimdə yaşadığımız sistemin varisi olan “böyük qardaşı” yox, indiyə qədər heç bir sistem içində olmadığımız “qohumları” seçməliyik?  Əslində, bu suallar heç də ritorik deyil. Məzmun tələb edən və cavab tapılası suallardır.

Şərq Tərəfdaşlığı Proqramının (ŞTP) icra vəziyyəti

Ukraynada baş verən məlum hadisələrdən sonra Avropa Birliyi ilə bağlı mövzular daha çox gündəmi məşğul edir. Ukrayna xalqının öz dövlətinin siyasi vektorunun müəyyənləşməsi istiqamətində sözün əsl mənasında milli savaş aparması günümüzün faktına çevrilib.  Bu mübarizə hələ də davam edir. Hansı sonluqla başa çatması haqqında dəqiq proqnoz vermək olduqca çətindir. Amma bütün bunlarla yanaşı bu qədər milli mücadilənin hansı nəticələrə gətirib çıxarması və xalqa nə verməsi bütün ukraynalıları düşündürdüyü kimi, Şərq Tərəfdaşlığı proqramına daxil olan digər ölkələri (Moldova, Gürcüstan, Ermənistan, Belarus, Azərbaycan, Ukrayna) də dərindən düşündürür. Bu proqram çərçivəsində dövlətin Avropaya yönəlik siyasətində gözə görünən məqamlar hələ ki, bunlardır. Mövcud proqramda iştirakla bağlı ən yaxşı nəticələr hələ ki, Gürcüstan və Moldovaya məxsusdur. Bu iki dövlət artıq sıx əməkdaşlıq mexanizmlərinin intensivləşdirilməsində davam edirlər. Hətta bu ilin (2014)  mart ayında Moldova bütün AB ölkələri ilə vizanı nəinki sadələşdirdi, hətta tamamilə viza məhdudiyyətlərini tamamilə aradan qaldırdı. Azərbaycan və Ukraynanın mövqeyi isə daha çox qeyri-müəyyənliyi ilə seçilirdi. Ukraynadakı məlum hadisələr isə onu deməyə əsas verir ki, proses geridönməz xarakter alır və Ukrayna xalqı bundan sonra daha Rusiyanın geniş kölgəli “çətirində” belə olmaqla razılaşmaz. Ermənistan və Belarus isə ŞTP-da formal əməkdaşlıq etmək niyyəti ilə paralel Rusiyanın müəllifi olduğu Gömrük İttifaqında möhkəmlənmək xətti tutub.

Niyə assosiasiya yox, strateji əməkdaşlıq sazişi

Hazırda MDB məkanında üç məşhur oyunçu var: Qərb, AB və Rusiya. ABŞ bu mərhələdə açıq döyüşdə və maraq çarpışmasında hücumçu deyil. Sanki daha çox kənar müşahidəçi və səhnə arxası ssenari müəllifi rolu ilə kifayətlənir. AB bu ərazidə daha çox möhkəmlənmək və israrlı qələbə əzmi nümayiş etdirən aktyor təsiri bağışlayır. Ona görə, daha fəal 2 oyunçunun cəlbedici ideyalarla MDB-ni maraq dairəsinə salmaq yarışı gedir. Rusiya daha çox dəmir “çəkiclə” və “lomla” vuruşur, AB zərgər “çəkici” və yumşaq diplomatiyası ilə maksimum heç kimi qıcıqlandırmadan istəklərin mərhələli reallaşdırmaq xəttini tutub. Hər iki oyunçunun da cəlb etmə alətləri və ideoloji silahları var. Amma bu “silahlar” içərisində ticarət alətləri mühüm çəkiyə malikdir.    Rusiya Gömrük İttifaqı adında “çətirinə” zor və müxtəlif təsirlərlə MDB məkanındakı dövlətləri qatmaq istəyir. AB isə Azad Ticarət Sazişi vasitəsilə münasibətləri ticarət sferasında qurmaq istəyir. Bu baxımdan Gömrük İttifaqının Rusiya üçün önəmi ilə AB-nin Azad Ticarət Sazişinin dəyərini eyniləşdirmək mümkündür.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat