Azərbaycan strateji seçim anında (II hissə)

Məhəmməd Talıblı, 27/3/14

Bəzən assosiativ saziş və strateji əməkdaşlıq sazişlərinin fərqləri  böyükdür. Assosiativ saziş konkret sahələr üzrə öhdəliklərin icra edilməsi haqqında razılaşmadır. Strateji əməkdaşlıq isə AB-nin Azərbaycanı itirməməsi üçün formal münasibətləri tənzimləyən və üzərinə heç bir öhdəlik götürməyən razılaşmadır. Bu razılaşma isə daha çox ona hesablanıb ki, Azərbaycan assosiativ sazişə imza atana qədər əməkdaşlığın edilməsidir. Burada Avropanın minimum maraqları təmin olunur: Azərbaycanı tamamilə itirməmək üçün onu  Rusiyanın “qucağına” atmaqdan qorumaq!

Assosiativ sazişin imzalanması həmin ölkənin siyasi və iqtisadi vektorunun Avropaya proyeksiyalanması anlamına gəlir. Bu, özlüyündə yaxşı başlanğıcdır. Əgər Azərbaycan hökuməti növbəti mərhələdə ŞTP çərçivəsində Assosiativ Sazişi imzalasa, o deməkdir ki, bundan sonra təxminən növbəti 10 il ərzində Avropanın 300-ə yaxın müxtəlif standartları tənzimləyən hüquqi aktını qəbul etməlidir. Bu hüquqi aktlar ölkənin müxtəlif sahələrini əhatə edəcək: sənaye, təhsil, kənd təsərrüfatı, mədəniyyət və s.. Assosiasiya Razılaşması və Dərin, Əhatəli Ticarət Anlaşması lakonik olaraq belə qiymətləndirilir; ARDƏTA Şərq Tərəfdaşlığı Proqramına daxi olan ölkələrinin Avropa standartlarına yaxınlaşdırılması üçün Avropa Birliyinin ən tutarlı alətidir. Amma onu da unutmaq olmaz ki, assosasiya sazişinin imzalanması hələ həmin ölkənin bir Avropa ölkəsi olması demək deyil. Bununla bağlı çoxlu nümunələr göstərmək olar. Türkiyə kimi bir dövlət 1962-ci ildən assosiasiya sazişini imzalamasına baxmayaraq, hələ də AB-ə üzv ola bilməyib. Düzdür, müxtəlif mülahizələrə görə Türkiyənin AB-ə üzvlüklə bağlı məsələlərdə bəzi siyasi və dini amillərdə bu sırada yer alır. Amma Türkiyədən sonra  xeyli ölkələr vardır ki, saziş imzalandığı ildən 10-15 il sonra AB-nin üzvü olub. Amma bəzən o polemikalarla da tanış oluruq: Ya Rusiya, ya Avropa! Əslində belə bir dilemmanın da dövlət üçün qoyulması kimi faktlar yoxdur. Çünki AB-yə üzvlük Azərbaycan timsalında Rusiya kimi qonşu ilə əməkdaşlıqdan imtina deyildir. Heç kimi həmin sazişdən irəli gələrək digər ölkələrlə əməkdaşlığını korlamaq öhdəliyi götürmür. Amma birliyə daxil olan öhdəliklər və kollektiv qərarların icrasında iştirak mümkündür.

Azərbaycan niyə Avropaya üz tutmalıdır?

Azərbaycanın indiki reallıqlar baxımından dəyərləndirə biləcəyi 2 siyasi və iqtisadi birlik var: Rusiyanın ideya müəllifi olduğu Gömrük İttifaqı və Avropa Birliyinin ŞTP. Biz dövlət və onun vətəndaşları olaraq niyə Avropanı seçməliyik? Praqmatik baxımından yanaşsaq, onda belə bir sualla üz-üzə qalırıq: Avropa bizə nə verəcək?

Əvvəla, iqtisadi baxımdan yanaşsaq, məlum olacaq ki, Avropa bizim üçün böyük bir bazardır.  Bu bazarda 500 milyon istehlakçı yaşayır və 12,9 trilyonluq böyük bir iqtisadiyyata malikdir. Digər seçim imkanı kimi qiymətləndirdiyimiz Gömrük İttifaqı isə, cəmisi 170 milyon istehlakçısı olan bazardır. Cəmisi isə 1,4 trilyon avroluq iqtisadiyyata malikdir. Bu iki seçim arasında bazar genişliyi və iqtisadiyyatın gücü bizə birincisinin lehinə seçim etmək fürsətini ortaya qoyur.

Avropa kimi güclü iqtisadi məkan eyni zamanda dünya üzrə adambaşına düşən ÜDM-nin səviyyəsi də bu birliyə daxil olan ölkələrin payına düşür. Birliyə üzv olan ölkələrdən olan Bolqarıstanda adambaşına düşən ÜDM-nin səviyyəsi 10 min dollardan yüksəkdir. Lüksemburq kimi ölkədə isə adambaşına düşən ÜDM-nin həcmi 85 min dollardır. Dünya üzrə ən yüksək həyat standartı və rifah göstəriciləri də məhz bu birliyə daxil olan ölkələrin payına düşür.

Birliyə üzv olan ölkələr arasında mal və xidmətlərin, kapitalın və insanların hərəkətləri sərbəstdir. Avropa Birliyi ölkələri daxilində vahid valyuta növü (avro) mövcud olduğu üçün 28 ölkələrdən hər hansı birinə gedərkən, əlavə valyutanın dəyişməsinə artıq ehtiyac qalmır. Çünki bu ölkələr daxilində vahid valyuta sistemi mövcuddur. Bu valyuta üzrə qərar qəbul etmə mexanizmini və monetar siyasəti Avropa Mərkəzi Bankı müəyyən edir.

Ölkə daxilində hüquq sistemində hər hansı bir qanun pozuntusu ilə rastlaşan vətəndaş AB-nin əsas qurumlarından olan Avropa Birliyi Ombudsmanına və ya Ədalət Divanına müraciət edə bilər. Yeri gəlmişkən, bu müraciətlər hər bir ölkənin öz dilində, o cümlədən Azərbaycan dilində olacaq. Analoji olaraq bu müraciətə də cavab yenə öz dilimizdə olacaq. O zaman qəbul olunmuş qərar ən üstün qərar və icrası məcburi qərar hesab olunacaq.

Bildiyimiz kimi, Azərbaycanda yerli məhsulların çoxu keyfiyyətsizdir. Amma Avropa standartları qəbul olunandan sonra nəzarət və standartların tətbiqi olacaq. Yerli istehsalın keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək və eyni zamanda, qiymətlər də tənzimlənəcək. Bir çox sahələrə, o cümlədən ətraf mühitin vəziyyəti və yaşam standartları ilə bağlı nəzarəti AB həyata keçirəcək.

Amma ölkələrin AB-ə tam hüquqlu üzv olana qədərki zaman kəsiyində birlik tərəfindən böyük həcmdə yardımlar ayrılacaq.  Lakin bütün bunlarla yanaşı, həmin vəsaitlərin idarə edilməsi və şəffaflığı üzərində nəzarət mexanizmləri qurulacaq. Bütün bunlar isə hökumətin hesabatlılığının artırılmasına və səmərəli idarəçilik sisteminin formalaşmasına gətirib çıxaracaq.

Azərbaycanı hansı iqtisadi imkanlar gözləyir?

İqtisadiyyatda “oyun qaydaları” dəyişəcək. AB ölkələri ilə fiskal balanslaşdırma siyasəti tətbiq ediləcək. O cümlədən, birlik daxilində gömrük və digər vergi növləri aradan qaldırılacaq. Yəni, AB-nin istənilən ölkəsindən heç bir gömrük rüsumu ödəmədən və ya  mal və xidmət heç bir gömrük vergisinə məruz qalmadan sərbəstcə ölkəmizə idxal olacaq. Gömrük və vergi sistemində əsaslı dönüşlərin olması üçün köklü islahatlar aparılacaq. Bəzən sual olunur: Avropaya inteqrasiya bizə nə üçün lazımdır? Avropaya inteqrasiya ona görə lazımdır ki, Avropa strukturları bunun üçün maliyyə yardımları, islahatın aparılması mexanizmləri, iqtisadiyyatın bir sektordan uzaqlaşaraq iqtisadiyyatın şaxələndirilməsini təmin etmək imkanına sahib olacaq.

Bildiyimiz kimi, regionların iqtisadi inkişafı ilə bağlı 2 dəfə müxtəlif proqramlar qəbul edilib.  Bu proqrama sərməyə cəlb edilməsi üçün müxtəlif metodlardan istifadə edilib. Əgər ölkəmiz AB-yə inteqrasiya yolunu tutsa, bölgələrimizin inkişaf səviyyəsinin artırılması məqsədilə hər il AB büdcəsindən bu istiqamətə vəsaitlər ayrılacaq. Bu məqsədlə həmin bölgələrə sərmayədarlar cəlb olunacaq. Amma üzvlükdən faydalanma mərhələsinə çıxmağımız və AB-yə tam hüquqlu üzv qəbul olmamız üçün birlik bizə hər il müəyyən məbləğdə maliyyə yardımları edəcək. Bunun üçün siyasi və iqtisadi vektoru dəqiqləşdirib real məzmunlu inteqrasiya yolu tutmalıyıq. Bu yolda elə israrlı olmalıyıq ki, Rusiya “küləyi” buna mane ola bilməsin. Necə deyərlər, suya tez girməklə tez üzməyi öyrənmək olar.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat