Robinzon kimi tənha adada...

Səadət Cahangir, 3/4/14

Dünya sivilizasiyasından təcrid olunmuş şəkildə yaşamaq mümkündürmü? Fiziki mövcudluq baxımından,  bunun imkansız olduğunu kimsə iddia edə bilməz. Sadəcə, Robinzon Kruzonu xatırlayıb, məsələyə nöqtə qoymaq olar. Yəni belə nöqtə qoymaq olar: dünyadan təcrid olunmuş şəkildə yaşaya bilərsiniz, amma tənha bir adaya çəkilib, varlığı ilə yoxluğu bilinməyən Robinzondan heç fərqiniz qalmaz.

Bunu konkret şəkildə ayrı-ayrı insanlara da, qruplara da, ölkələrə də aid etmək olar. Məsələn, son bir ay müddətində baş verən qlobal hadisələr sırasında iki faktı göstərmək yerinə düşər. Rusiya Prezidenti Putinin komandanlığı ilə Krımın işğalı və Türkiyənin baş naziri Ərdoğanın göstərişi ilə sosial şəbəkələrin başlanması. Göründüyü kimi, dünya dağılmayıb. Rusiya da, Türkiyə də sapasağlam yerindədir. Amma məsələ bununla bitmir. Məsələ ölkənin, xalqın, insanların inkişafdan və on illərlə geri atılmasından gedir. Bütün hüquq normalarını qabalıqla pozub, özündən zəif bir ölkəni ələ keçirməklə yalnız işğalçı imici və nifrət qazanmaq olar. Tarix isə dönə-dönə bu statusla uzağa getməyin mümkün olmadığını sübuta yetirir. Qlobal informasiya məkanına gedən cığırları qapamaq da elə. Bu yalnız ölkə insanının qlobal dünyaya açılımını və baxışlarını məhdudlaşdıra bilər. Təbii, bu da uzun sürməz. Zaman başqa zamandır, özün özünə yetməzsən heç bir halda. Sonda tənhalığından vahimələnib, ümidini Cümənin “telekonsert” şousuna bağlayan Robinzonun gülünc durumuna düşərsən...

Bu gün insanları uzaq sərhədlərə yekən açmaq, informasiya mübadiləsi aparmaq, ticarət etmək kimi mühüm imkanlardan məhrum etmək cinayət deyilmi? Axı bu addım açıq şəkildə insanların yenilik və düşüncələrini tətbiq etməklə öz intellekti hesabına maddi vəziyyətini yaxşılaşdırmaq imkanını əlindən almaqdır. Ümumiyyətlə, azad bazar məkanının getdikcə virtuallaşması kontekstində bu qadağaların nə demək olduğunu təsəvvürünüzə gətirin. Məsələn, “on-line” ticarət “dükanı”ndan hər gün 3 milyon alıcıya xitab edən bir satıcının anidən 1 milyon müştərini itirməsi nə deməkdir, sizcə?

“Mənim təcrübəmin böyük bir hissəsi, ola bilsin 90 %-i, bu və ya başqa tərəf haqqında informasiya çatışmazlığından törəyən anlaşılmazlıqlardır. O, xüsusilə insanlar bir mədəniyyətə malik yerdən başqasına keçən zaman vacibdir... Bizim öz hökumətlərimiz bizə zərər vurur: onlar bizdən oğurlayır, ticarət etməyimizə mane olur və kasıbları kənara sıxışdırırlar. Aşağı gəlirli ölkələrdə qanun normaları çatışmadığından, yerli sərmayədarlara rəqabət aparmaq imkanı verilmir. Ola bilsin,   bu ölkələr ona görə aşağı gəlirli ölkələrdir ki, orada hökumətlər öz insanlarına hörmət qoymur.”(June Arunqa)

Doğrudan da, bir çox halda “uzaqgörən siyasəti” ilə öz insanlarının mənfəətini düşündüyünü iddia edən hökumət onları çıxılmaz duruma salır. Bəzən bu çıxılmazlıq həmin insanlara maddi və mənəvi zərbə vuraraq, böyük  itkilər bahasına başa gəlir. İndiki halda Krımın işğalı ilə bağlı Rusiyaya tətbiq edilən cəza tədbirlərindən milyonların zərər çəkəcəyinə kimin şübhəsi var? Yaxud məlum hadisələrdən sonra Türkiyənin imicinə dəyən mənəvi zərbənin sağalması nələr bahasına başa gələcək? Ölkənin problemləri prizmasından baxılsa, təbii, Azərbaycanın ciddi müalicəyə ehtiyac duyulan yaraları daha çoxdur. Bu yaralardan ölkə insanın necə əzab çəkdiyini siz də yaxşı bilirsiniz, mən də. Bəli, inkişafdan təcrid olunmuş şəkildə yaşamaq olar. Amma hansı ağrılar bahasına, artıq bunu özünüz dəyərləndirin.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat