Ərzaq təhlükəsizliyi; təhdidlər və imkanlar (I Hissə)

Məhəmməd Talıblı, 11/4/14

Ərzaq təhlükəsizliyi iqtisadi təhlükəsizlik problemidir. Təhlükəsizlik amili xarici və daxili olmaqla bütöv bir sistem yaradır. Ərzaq təhlükəsizliyi daxili təhlükəsizlik amilidir. Daxili təhlükəsizlik siyasətinin həyata keçirilməsinin məqsədi sistemi və ya dövləti risklərdən qorumaqdır. Bu baxımdan ərzaq təhlükəsizliyi məsələsinə yanaşsaq, onda belə bir fikrə gələrik; məcmu istehlakı idxal asılılığından azaltmaqla yerdə qalan tələbatın yerli istehsal hesabına təmin edilməsi. Bu kombinasiya elə effektiv həyata keçirilməlidir ki, ölkənin təhlükəsizlik sistemi böhranla rastlaşmasın. Ümumiyyətlə, təhlükəsizlik və inkişaf anlayışları biri-birindən ayrılmazdır. İnkişafını daimi etmək istəyən dövlət təhlükəsizlik sistemini həll etməlidir. Və ya təhlükəsizliyi olmayan dövlətin sabit inkişafı ola bilməz. Hətta ərzaq təhlükəsizliyi məsələsinin strateji məsələ olduğunu prioritet hesab edən bəzi dövlətlər hətta onu öz konstitusiyalarına belə daxil ediblər. Buna Ekvador, Boliviya və Seneqal kimi ölkələri göstərmək olar. Nepalda isə ərzaq təhlükəsizliyi məsələsi vətəndaşların fundamental hüququ kimi təsbit edilib.

Nə üçün ərzaq təhlükəsizliyi bu qədər önəmli olmalıdır, nə üçün dövlətlər ərzaq təhlükəsizliyi problemini həll etməyə bu qədər cəhdlər edirlər və s.  suallar bizi dərindən düşündürməlidir. Bu suallara cavab veriləndən sonra mənzərə aydın olacaq.  Əvvəla, onu qeyd edək ki, ərzaq təhlükəsizliyi özünü qlobal miqyasda daha kəskin və qabarıq göstərir. Vəziyyəti daha dərindən dərk etməyimiz üçün bir neçə statistik göstəriciyə nəzər salmağımız yetərlidir. Belə ki, hazırda dünyada 962 milyon insan aclıqdan əziyyət çəkir. Bunun 815 milyonu inkişaf etməkdə olan ölkələrin payına düşür. Dünyada 6,2 milyard insanın 1,2 milyardının gündəlik gəliri 1 dollar səviyyəsindədir. Hər 5 saniyədə bir uşaq ərzaqla bağlı səbəblərdən dünyasını dəyişir. Ən çox aclıqdan əziyyət çəkən isə Afrika qitəsidir. Lakin bununla belə, Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski də müşahidə olunur. Dünya Bankının hesablamalarına görə, bu regionda kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə 30-70% təşkil edir. Demək, ərzaq təhlükəsizliyi bir problem olaraq hamını düşündürməlidir. Lakin bununla belə, dünya üzrə ərzaq təhlükəsizliyindən danışarkən, onu təhdid edən bir neçə amili də unutmaq olmaz. Bunların içərisində təbii sərvətlərin azalması, iqlim dəyişməsi, müharibələr, qlobal istiləşmə və s. qeyd eləmək lazımdır. Düzdür, sadaladığımız bu amillərin ərzaq təhlükəsizliyini təhdid edir. Amma bununla yanaşı, çoxlu sayda amillər vardır ki, onlardan səmərəli istifadə edilməməsi hesabına təhlükənin miqyası böyüyür. Bu zaman dünya üzrə ac əhali üçün ərzaq məhsullarına çıxışda problemlər mövcuddur. Tədqiqatlar göstərib ki, dünya üzrə istehlak olunan ərzağın 30 faizindən çoxu və ya 1,3 milyard tonu ya itirilir, yaxud da tullantıya çevrilir. Demək, ərzaq təhlükəsizliyinin həll olunması üçün birinci növbədə mövcud resurslardan səmərəli istifadə edilməlidir.

Ərzaq təhlükəsizliyi təkcə əhalinin gündəlik istehlak məhsulları ilə təmin etmək deyil. Eyni zamanda keyfiyyətli məhsullarla təmin etməyi nəzərdə tutmalıdır. Bu baxımdan ərzaq təhlükəsizliyinə bir keyfiyyətli fəaliyyət sahəsi kimi baxılmalıdır. AB-ə daxil olan ölkələrdə min tonlarla suptropik meyvələrin və ya vaxtı keçmiş məhsulların tələf olunduğunun şahidiyik.

Ərzaq təhlükəsizliyi sadəcə əhalinin istehlakının idxal və yerli istehsal hesabına təmin edilməsi deyildir. Ona bir iqtisadi problem kimi baxmaq da doğru olmaz. O, bir millətin genefond məsələsidir. Bir insanın nə yeyirsə, o olması haqqında tibbi analizlər (“Nə yeyirsənsə, osan”) bir millət üçün də keçərlidir. Ona görə, əhalinin nə yeməsi və hansı keyfiyyətli ərzaq məhsulu ilə qidalanması əhalinin orta ömür müddətinə, əhalinin artımına və digər çoxsaylı problemlərlə sıx bağlıdır.

Ərzaq təhlükəsizliyinin həlli yollarından biri də məhdud resurslar üzərinə məhsuldarlığa müsbət təsir edən müxtəlif gübrələrdən istifadə edilməsidir.  Gübrələrdən istifadənin artması artıq tendensiya halına gəlib. BMT-nin FAO-nun hesablamalarına görə, 2050-ci ilə qədər bu səviyyədə gübrələrdən istifadə 20%-dək artacaqdır. Lakin bu kimyəvi gübrələrin bu səviyyədə artması yeraltı suların çirklənməsinə, ərzaq məhsullarının istehsalı və satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər. Bu gün Şərqi Avropanın 12 ölkəsində, Qafqaz və Orta Asiya ölkələrində 200 min ton pestisid qalıqları var ki, bu da dünya üzrə pestisid qalıqlarının 40%-ni təşkil edir. Bütün bunların qarşısının alınması üçün innovativ texnologiyaların və dayanıqlı yanaşmaların tətbiqinə ehtiyac var.  Cənubi Qafqaz respublikalarından söz düşmüşkən, Azərbaycanda da gübrədən istifadə yüksək səviyyədə deyildir. Əgər hər hektar ərazi üçün Fransada 92% və Türkiyədə 64% istifadə olunursa, bu göstərici Azərbaycanda 7,2%-dir. Bu isə o deməkdir ki, bizdə məhsuldarlığa süni yolla və zəhərli maddələrin tətbiqi hesabına nail olmaq strategiyasından imtina olunub. Lakin bu müsbət halla bərabər, geni dəyişdirilmiş məhsulların idxalı hesabına əhalinin keyfiyyətsiz məhsullarla bazarın doldurulması təşviq olunur. Ona görə də, geni dəyişdirilmiş məhsulların bazardan sıxışdırılaraq, onun əvəzində sağlam ekoloji məhsullarla təmin olunmasına nail olmalıyıq. Lakin bununla belə, elə məhsullara da elə komponentlər əlavə etməklə, həmin məhsulun əhaliyə biofizioloji üstünlüklər qazandırması da mümkündür. Məsələn, son illər Çində ərzaq məhsullarına mikronutriyentlər əlavə etməklə, çinlilərin boylarında 8 sm-ə qədər artımlar qeydə alınıb. Lakin onu da qeyd edək ki, bu komponentin əlavəsinin nə ərzağın dadına, nə də keyfiyyətinə heç bir mənfi təsirləri yoxdur.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat