Demokratiya dalğasına qarşı yeni silah...

Səadət Cahangir, 14/4/14

Qızıldərili qəbiləsində qış hazırlığı başlamışdı. Üzvlərdən biri rəisinin yanına gəlib soruşdu: “ Rəis, bu qış necə keçər?” Rəis cavab verdi: ”Bu qış çətin keçəcək, odun toplayın...” Sonra üzvlərdən başqa biri rəisinin yanına gəlib soruşdu: “ Rəis bu qış necə keçər?”  Yenə cavab eyni olur: “Bu qış çox çətin keçəcək, çox odun toplayın...” Rəis işi şansa buraxmayıb meteorolojini axtarıb soruşur: “Bu qış necə keçər?” Oradan da deyirlər: “Bu qış çox çətin keçəcək...”

Aradan 1 həftə keçir , üzvlərdən biri təkrar rəisinin yanına çıxıb soruşar: “ Rəis, bu qış necə keçər?” Rəis cavab verir:” Bu qış çətin keçəcək, lap çox odun toplayın...”

Amma rəis yenə işi şansa buraxmayıb meteorolojini arayıb soruşur: “Bu qış necə keçər?” Oradan da deyirlər: “Bu qış həddindən çox çətin keçəcək...” “Nədən bilirsiniz axı?”- soruşur rəis. “Qızıldərililər səhər-axşam odun toplayır ondan”-deyir meteoroloji.

Bu hekayə Ukraynada baş verən hadisələrin çevrədəki əks-sədasına bənzəyir. Krımın işğalından sonra digər şəhərlərdə baş verən hadisələrdən sonra Azərbaycan üçün də həyəcanlı siqnallar səsləndirilməyə başlayıb. ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornelin məqaləsi bu təhlükənin ciddiliyini bir daha təsdiqləyir. Kornel etiraf edir ki, Krımın işğalından və Rusiyanın Ukraynanın içindəki pozuculuq fəaliyyətindən sonra növbə Azərbaycana çata bilər: “ İndi isə ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Putinin “Avrasiya” imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir”.

Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanının olduğunu hesab edir. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir. Onun sözlərinə görə, regionda pozuculuq işi genişlənə və Dağlıq Qarabağ məsələsi də plana daxil edilə bilər.

Bu arada Amerika Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Avropa Birliyi Rusiyaya qarşı maliyyə və viza sanksiyalarının əhatə dairəsini genişləndirib. "Kommersant" qəzetinin əldə etdiyi sənədə görə, AB-nin yeni sanksiya siyahısında 107 nəfərin adı var. Siyahıya Rusiyanın demək olar ki, bütün rəhbərliyi - başda Federasiya Şurasının sədr müavinləri olmaqla, qanunverici orqanların əməkdaşları, hökumət rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının bütün üzvləri, güc strukturlarının yüksək vəzifəli nümayəndələri daxil edilib. Yalnız Putin, Medvedev və Lavrov istisna olmaqla...

Siyahıda məşhur iş adamlarının, media qurumlarının - “Qazprom media” şirkəti, “Rossiya”, “Russia today”, “Birinci kanal”, NTV telekanalları və 3 jurnalist - Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusmanın adı yeni sanksiyalar sıyahısına salınıb. Məlumata görə, adları çəkilən telekanalların Avropada yayımına yasaq qoyulacaq. Bundan başqa, sanksiyalar siyahısına Krım rəhbərliyi və məmurları da daxil edilib.

Amma görünən o ki, bu sanksiya hədə-qorxusu Rusiyanı dayandırmağa yetərli deyil. Putin Ukraynanın bölgələrində separatçı qüvvələrin əliylə ölkəni qarışdırmağa davam edir. Yaxın zamanda dünya əlindəki tutarlı konvensiyalardan istifadə edib, işğalçını dayandırmasa, nəticələrin daha betər olacağına heç kim təminat verə bilməz. Putin artıq separatçılığı xalqların baş qaldıracaq demokratiya dalğasına qarşı bir silah kimi istifadə edəcəyini ağlına qoyub. Bu qarışıqlıq arasında, təbii, bizim həm də öz dərdimiz haqqında düşünməyimizə dəyər. “Qızıldərililərin səhər-axşam odun toplaması” hekayəsində olduğu kimi...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat