Ərzaq təhlükəsizliyi; təhdidlər və imkanlar (II Hissə)

Məhəmməd Talıblı, 17/4/14

Ərzaq təhlükəsizliyi kimi strateji hədəflərindən birinin həllinə nail olmaq istəyən Azərbaycan üçün əsas imkanlardan biri də qlobal miqyaslı təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyətdən keçir. Bunun üçün etiraf edək ki, başlanğıc addımlar da atılmışdır. Hətta 18 il bundan öncə Azərbaycan beynəlxalq konvensiyalara qoşulması ilə bağlı(1996) üzərinə öhdəlik götürüb. Həmin il “Dünya ərzaq təhlükəsizliyi haqqında Roma Bəyannaməsi” adlanan sənədə 173 iştirakçı ölkə qoşulmuşdur. Bu sənəddə ölkəmiz əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində qlobal miqyasda səylərinin davam etdirəcəyini  bəyan edib. Demək, beynəlxalq konvensiyalara qoşulan Azərbaycan eyni zamanda dünyada ərzaq təhlükəsizliyi ilə bağlı reytinq cədvəllərində və hesabatlarda layiqli yer tutması üçün çox ciddi çalışmalıdır. Bununla mövcud vəziyyəti qiymətləndirməyimiz üçün 2 hesabatı xüsusilə qeyd etmək istərdim. Hər iki hesabat son 1-2 ili əhatə edir. Bunlardan biri “Economist İntelligence Unit” araşdırma mərkəzinindir, digəri isə Qlobal Qida Təhlükəsizliyi İndeksi üzrə hesabat adlanır. Ərzaq təhlükəsizliyinin səviyyəsini müəyyənləşdirmək məqsədilə 2012-ci ildə İngiltərədə dünya ölkələri üzrə reytinq cədvəli açıqlandı. Londonda yerləşən “Economist İntelligence Unit” araşdırma mərkəzi ərzaq təhlükəsizliyinin hesablanması üçün bir neçə indikatordan istifadə etmişdir:  ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa investisiya. Reytinqdə daha öncül yerləri ABŞ, Danimarka və Fransa tuturdu.  Azərbaycan isə 105 ölkə arasında 67-ci yerdə qərar tuturdu. Hesabatda Azərbaycanda ərzaq təhlükəsizliyinə dair bir neçə zəif cəhətlər qeyd edilmişdir. Bu cəhətlər içərisində kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclərin azlığı, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, siyasi sabitlik, demokratiya məsələlərində əskikliklər, ümumi daxili məhsulun adambaşına düşən həcminin kiçikliyi vurğulanmışdır. Ərzaq təhlükəsizlik probleminin həlli yollarının yaxşılaşdırmasından biri də Qlobal Qida Təhlükəsizliyi İndeksində önəmli yerin tutulmasından ibarət olmalıdır. 2013-cü üçün hazırlanmış hesabatda Azərbaycan “qismən yaxşı ölkələr” sırasında yer alıb.

Ərzaq təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığa nail olmaq lazımdır. Əgər Avropa ölkələri ilə müqayisə aparsaq, məlum olacaq ki, bizdə məhsuldarlıq onlardan ortalama 2 dəfə geri qalır.  Avropa ölkələrində pomidorun məhsuldarlığı ortalama 80 kq olduğu halda, Azərbaycanda bu göstərici 30 kq səviyyəsindədir. Ümumiyyətlə, postsovet respublikalarında məhsuldarlığın aşağı olması bir faktdır.

Digər tərəfdən isə ölkələrin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsi və onun keyfiyyətinin yüksəldilməsinə xüsusi ehtiyac var. Məhz ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsi və məhsuldarlığının yüksəlməsi hesabına ölkə əhalisinin ərzaq məhsullarının idxaldan asılılığının azalmasına nail olmaq olar. Bunun üçün bizdə bir neçə vacib resurs mövcuddur. Bunlardan önəmlisi ölkənin məşğul əhalisinin 38 faizə yaxınının məhz kənd təsərrüfatı sektorunda çalışması və müəyyən vərdişlərinin mövcud olmasıdır. Digər resurs ölkənin maliyyə imkanlarının geniş olmasını (strateji valyuta ehtiyatlarının, artan neft pulları) göstərmək olar. Üçüncüsü, regional və dünya  bazarına çıxış imkanlarının əlverişli olması və s. kimi amilləri qeyd edə bilərik. Maliyyə resurslarından söz düşmüşkən, qeyd edim ki, təkcə son 7 ildə 1 milyard manata yaxın olan kredit resursları Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 70%-ə yaxını aqrar sektora yönəldilib. Amma hələ də bu sahədə ciddi irəliləyişə nail olunmayıb.

Ümumiyyətlə, ərzaq təhlükəsizliyindən danışarkən, biz bu asılılığı hansı meyar əsasında şərtləndirən kriteriyaları əsas götürməliyik? Ümumiləşmiş qaydalara görə, ərzaq məhsullarının 80 faizindən çoxu idxal hesabına formalaşırsa, bu olduqca təhlükəli hal sayılır və bu hal ölkənin ərzaq təhlükəsizliyinin pisləşməsindən xəbər verir. Bu qaydanın Azərbaycan kontekstində müqayisəsinə baxsaq, mənzərə təxminən aydın olar. Azərbaycanda ərzaq məhsullarının idxaldan asılılığının ildən-ilə artması bir faktdır.  Hətta bir çox hallarda səhihliyi şübhə doğuran Dövlət Statistika Komitəsinin məlumatı mövcud vəziyyətin necə olduğunu bizə deyir. 2012-ci ilin statistikasına görə, Azərbaycanın buğdadan idxal asılılığı 43%, kərə yağından 70%, düyüdən 88%, şəkərdən 97%, çaydan 35% və bitki yağından isə 58% təşkil edir. Ən çox istehlak etdiyimiz məhsullar üzrə ortalama idxal asılılığı 50-60%  civarındadır. Halbuki, ərzaq təhlükəsizliyinin həlli üçün hələ 13 il bundan öncə dövlət proqramları da qəbul edilmişdir. Ona görə, ərzaq təhlükəsizliyi probleminin həlli üçün ikinci mərhələ hesab olunan 2008-2015-ci illər üzrə Dövlət Proqramının effektiv həyata keçirilməsinə nail olmaq lazımdır. Proqram üzərində nəzarət mexanizminin təkmilləşməsi üçün daha dərindən işləmək lazımdır. Hədəf olaraq ölkədə əhalimizin gündəlik ərzaq istehlakının 70-80 faizinin daxildəki sahibkarlar tərəfindən istehsal edilməsinə nail olmaq lazımdır. Ərzaq təhlükəsizliyinin əsasən kənd təsərrüfatı məhsullarının yerli istehsalının artırılmasından keçdiyini nəzərə alsaq, o zaman bu sahədə bir neçə vacib təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini həll etməliyik. Buraya fermerlərin maliyyə resurslarına çıxış imkanlarının (xüsusilə, maliyyə-kredit mexanizmlərinin normallaşdırılması) genişləndirilməsi, əkin üçün əlverişli torpaq sahələrinin yararlı hala gətirilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Xarici amillər sırasında ərzaq təhlükəsizliyinin həlli istiqamətindən biri də DTT-a üzvlük məsələsinin həllinə nail olmaqdır. Burada inteqrasiya naminə üzvlükdən söhbət getmir. Üzvlüklə bağlı bu danışıqlarda daha sərfəli şərtlər və hazırlıqlar mühüm rol oynamalıdır. Amma bu şərtlərin əlverişli olmasına nail olmaqla bərabər prosesi sürətləndirmək lazımdır. Bu astagəllik və ləng fəaliyyət hər gün ölkəmizdə ciddi iqtisadi uğurlara aparan iqtisadi islahatların önünü bağlayır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat