Azadlıq aclığı

Səadət Cahangir, 21/4/14

Bakıda baharı xatırladan az şey var. Yaşıllıq adına paytaxtın qırılıb tükənməkdə olan tək-tük ucaboylu ağacları da bir-birinin gözünü çıxaran yöndəmsiz binaların arxasında itib-batıb. Heyrətləndiricidir, yaşadığımız məhlədə bu boz mənzərələrin soyuqluğunu və sıxıntısını bir bülbül səsi pozur hər səhər. Demək, bəzən həbsxana hüdudlarından içəri də bülbüllər gəlib çıxır. Kim bilir, bəlkə insanı dərin kədərindən ovundurmaq üçün bir təsəlli, bir ümid müjdəçisi kimi yolunu salır o gözəl səsli quşlar buralardan. Zamana qarşı dayanmağın imkansızlığına, baharın bir gün mütləq gələcəyinə inandırmaq üçün...

Yer üzündəki bütün insanların bir aclığı var. Azadlığa ac olanların sırası daha genişdir, məncə. Bu yazını hazırda məhkəmə hökmü gözləyən “Nida”çı gənclərə həsr etmək istədim. Çox çalışdım, fikrimi bir yerə yığa bilmədim. Ağlar qalan anaların fəryadı var qulaqlarımda. Zaurun anası Səkinə xanımın səhifəsində paylaşdığı sözlərə insan ürəyi dayanmaz.  6-8 il arasında cəza gözləyir bu gəncləri. Amma haqsızlıq qarşısında susmurlar belə, 4 gündür aclıq aksiyaları davam edir. Dünən əli hər yerdən üzülən analar da övladlarına dəstək üçün aclığa başladılar.  Bu necə ölkə, necə məhkəmə, necə ədalətdir, İlahi?!

Belə çarəsiz və qəzəbli halında “bura xoşbəxt olmaq üçün uyğun yer deyil” fikri keçir insanın içindən. Keşkə, buralara çox uzaq bir yerdə doğulsaydıq! Lap təbiətlə həmahəng həyat tərzi yaşanan, həbsxana və məhkəmələrin olmadığı bir yerdə! Xoşbəxtliyin formulunu kim bilir ki? Məgər texnologiyadan, universitetdən, qanun adına yazılmış kitablardan nəsibini almamış bir müdrik hindu bizdən az xoşbəxtdir? Orada, o gözdən-könüldən uzaq yerdə hər gün avtobusları deyil, günəşi gözləmək, tıxaca deyil, yağmura düşmək, qiymət artımlarına üzülüb, hökumətdən mərhəmət gözləməkdənsə, məhsul artımına ümid bağlayıb, təbiətdən nicat ummaq daha gözəl deyilmi?! Heç xəstəlik kağızları ilə diyar-diyar dolaşmaq da yox! Otların, yarpaqların məlhəmi sağaldardı yaralarımızı. Olmasın karaokelər, yaşıl təpələrin başında dünya gözəli quşlara qoşulub nəğmələr oxumaq daha xoş! Hələ nə qədər bol vaxtımız qalardı “desinlər, deməsinlər…”in olmadığı o yerdə yalansız, içdən, bir dəlilik kimi sevməyin gözəlliyini yaşamağa!

Əslində, bu gəncləri anladan bir hekayə var, oxusanız, nədən cəzalandırıldıqlarını biləcəksiniz...

Uzaq keçmişdə bir adada oddan istifadə etməyi bacarmayan 4 qəbilə yaşayırdı. Bir gün bir alim öz tələbələri ilə həmin adaya gəlib çıxır. Alimin tələbələri arasından dördü həmin qəbilələrə oddan istifadəni öyrətmək qərarına gəlir və orada qalırlar. Qrupun başqa üzvləri bir müddət adada dolaşıb, tələbələri almağa döndükdə, onların dördünün də öldürüldüyün eşidirlər. Birincidə tələbə atəşi hər kəsin istifadə edə biləcəyini söylər-söyləməz  rahiblərin təhriki ilə yandırılmış, ikincidə tələbəni xalqın tapındığı alətlərdən istifadə edib odu yandırdığına görə öldürmüşdülər. Üçüncüdə odu onlara tanıdan adamın toteminə və dördüncüdə Tanri bildikləri oda “dil uzatdıqlarına” görə qətlə yetirmişdilər.

Qrup adadan uzaqlaşan zaman alim başlarına gələn acı dərsi tələbələrinə belə anladır: ”Cahillər bildiklərini doğru zənn edər, onlara yeniliyi öyrətmək istədiyiniz zaman  müqavimət göstərərlər. Yenilik cahillər üçün qorxu qaynağıdır. Belələrinə  bir şey öyrətmək çox çətindir. Onlar yenilikçi insanlara nifrət edərlər. Ona görə də, cəzalandırarlar.”

Azərbaycanda da yeniliyə nifrət etdiyi üçün cəzalandıran qəbilə təfəkkürü hökm sürür illərdir. Başqa səbəb yoxdur, insanlar o üzdən azadlıq aclığı çəkir bu ölkədə...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat