Azadlıqdan qaçmaq iztirabı

Məhəmməd Talıblı, 28/4/14

Azadlıq dəyəri üçün vuruşmaq insanın şəxsi həyatına xoş sürprizlər vəd etmir. Bu yolda həbs də var, sürgün də. Azadlıq yolunda çörəklə imtahana çəkilmək bu məşəqqətlərin ən asanıdır. Bu yolda addımbaşı fiziki və maddi çətinliklərlə üzləşə bilərsiniz. Amma azadlıq dəyərləri üçün vuruşan insan vicdanı ilə üz-üzə qalanda heç bir mənəvi əzab çəkmir. Çoxsaylı maddi itkilər və sıxıntılar belə sənin ruhi iztirablarını mümkünsüz edir. Çünki onun sənə verdiyi güc onun yolunda çəkilənlərdən daha ağırdır. Amma azadlıq yolundakı çətinliklərdən qaçmaq istəyi hesabatlı insana hər zaman iztirablar yaşadır. Bu iztirabın təzahürü gözlə görünən olmaya da bilər. Amma təhtəlşüurda bu qalıqlar insanın şux davranışlarının və üstünlük komplekslərinin qarşısını alır. Yəni azadlıqdan uzaqlaşdıqca, onu əzablarının şiddəti insanları daha çox yandırır. Fiziki və ruhi sağlamlığı olan insanın azadlıq yolunda etmədikləri və ya edə bilmədikləri sonradan o insana daha böyük əzab verir. Çünki biz bəzən etdiklərimizə görə yox, etmədiklərimizə görə də əzab çəkirik.

Azadlıq düşüncəsinin formalaşdığı əsas məkan ailə olmalıdır. Ona görə ki, insan azadlığının “qaranquşları” məhz ilk olaraq ailədə uçmağa başlamalıdır. Evdə azadlığın olmadığı vəziyyətdə cəmiyyətdə azadlıqla rastlaşan insan bunun eyni zamanda bir məsuliyyət olduğunu da anlamağa çətinlik çəkir. Buna görə də, ailə institutlarının cəmiyyətdə roluna xüsusi önəm vermək lazımdır. Bir məsələni xüsusilə qeyd edim ki, bu yaxınlarda oxuduğum Almaniyanın Xristian Demokratlar İttifaqının 2007-ci ildəki qəbul etdikləri prinsiplər proqramı mənim üçün xeyli maraqlı oldu. Böyük həcmli həmin sənəddə iqtidar olduğu zamanda siyasi, iqtisadi və s. sahələr üzrə konsepsiyasını addımbaaddım sadalayan partiya, ailə dəyərlərinə və onun cəmiyyətdə roluna xüsusi yer ayırmışdı. Başqa sözlə, Almaniyada ailə institutunun mövcud vəziyyəti, onun problemləri, onun demoqrafik təhlükələri və s. detalları geniş verilmişdi. Mənə elə gəldi ki,  hansısa sosiologiya sahəsində hazırlanmış təfsilatlı bir tədqiqatı oxuyuram. Demək istəyirəm ki, ailələrdə azadlığın önəmini aşılamaqla onun nümunələrini cəmiyyətə təqdim edən məhz belə institutlar olmalıdır.

Azadlığa insan bir dəyərlər sistemi olaraq baxa bilsə, ona siyasi sistemlərin vulqarlığı və despotluğu mane ola bilməz. Çünki azadlıq sadəcə yaşam imkanlarının çərçivəsinin genişliyi deyil, eyni zamanda ruh məsələsidir. İnsan ruhu azad olmadan azadlıq anlayışı bütöv hesab edilə bilməz. Ona görə də, insan azadlıqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə elə siyasətin əsas hədəflərindən biri azadlığı vətəndaşlar üçün vəzifə halına gətirmək olur.

Azadlığın əldə olunması onun üçün edilən fədakarlıqdan və cəsarətdən çox asılıdır. Bu baxımdan azadlıq yolları asan və hamar deyildir. O yolda daş da var, kələ-kötür maneələr də. Bu yolla gedənlər müxtəlif fədakarlıqlara və əzablara qatlaşmağı öncədən göz önünə almalıdır. Bu yolda yürüyənlərlə bağlı belə müraciətlər yola çıxanlara dəyərli məsləhətdir: “Bizim getdiyimiz yol tikanlıdır! Ayağını sevən gəlməsin.”

Azadlıqdan uzaq olduqca ona bir nemət olaraq həm canatım hissi güclü olduğu kimi, ona yadlaşmada baş verir. Hindistanda aparılan bir müşahidə dediyimizə sübutdur.  Uçurmadığı daş-qaya qalmayan vəhşi bir fil balasını tutub ağaca bağlayırlar. Fil balası nə qədər cəhd etsə də, ağacdan qopa bilmir. Uzun müddət bütün cəhdlərinin fayda vermədiyini görən fil bu istəyindən əl çəkir. Eksperiment üçün sonradan filin ayaqlarını ağacdan açıb, adi bir odun parçasına bağlayırlar. Fil balası yeridikcə odun parçasının onun arxasından süründüyünü gördükcə, hələ də düşünür ki, həmin odun da ağaca bağlıdır. Bundan çıxardığımız nəticə budur: Əgər ağaca bağlı olanda fil balasının qaçmaq istəyi var idisə, onda buna imkanı yox idi. Sonradan isə qaçmaq imkanı var ikən, qaçmaq istəyi yox idi. Amma bu misaldan fərqli olaraq, bir çox hallarda azadlığa olan təhlükələr onun yolundakı insana çəkdirilənlər azadlığa dəyəri zədələmir, əksinə, ona əlavə güc verir. George Sandın haqlı olaraq belə bir sual qoymuşdu: ”Acı çəkməmiş bir ruh xoşbəxtlikdən nə anlar?" Əgər biz azadlığı bir dağa bənzətsək, onun zirvəsi və ətəkləri də olacaq. Bu “azadlıq dağının” zirvəsindəki xoşbəxtliyi ətəklərə yürümədən duymaq olmur.

Şedevr əsərlər yazmaq, insan əməyini asanlaşdıran kəşflər etmək və hərbi qüdrətlə böyük əraziləri də fəth etmək olar. Amma bütün bu çoxsaylı uğurlar həmin şəxsin güclü insan olduğuna işarədir. Bütün bu uğurlar fonunda isə uğur müəllifinin azadlıq ideallarına münasibəti və ona verdiyi önəm insanın mənəvi kimliyini şərtləndirir. Vaxtı ilə F.M. Volter yazırdı ki,  azadlığı və həqiqəti sevməyən adam qüdrətli ola bilər, lakin heç vaxt dahi ola bilməz. Çünki gücün özündə bir həqiqət və azadlıq anlayışı gizlənir. Bu anlayış eyni zamanda insan ləyaqəti haqqında fikir formalaşdırır. Əslində, insanın şəxsi azadlığının güclü olması onun satılmaz ləyaqəti ilə əlaqəlidir. Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondan ibarətdir ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdurlar.

İmkanların reallaşması kontekstində qiymətləndirsək, azadlığı bütün uğurların açarı və problemlərin həlli üçün əvəzolunmaz şans kimi dəyərləndirməliyik. Ona görə də, azadlıq anlayışının daha çox insanın özünün “məhsuluna” çevrilməsi üçün daimi səylər lazımdır. Çünki azad yaşamağın üstünlükləri cəmiyyətdə sosiallaşmadıqca onun cazibə dairəsi genişlənə bilməz. Belə ki, o “xəstəliyə” mübtəla olan insan onun ruhi qida olduğunu hər fürsətdə insanlara çatdırmalıdır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat