Sovetsayağı pasportlaşdırma

Səadət Cahangir, 2/5/14

Zamanında bizim orta məktəb dərsliyinə Vladimir Mayakovskinin məşhur bir şeri salınmışdı - “Sovet pasportu”. SSRİ məkanında, bəlkə də, onu əzbər bilməyən yox idi. Bəndlərin bir qismini bu günə kimi  unutmamışam. Pafoslu və həyəcanlı şeirdi, Rəsul Rza da gözəl tərcümə etmişdi. Sərhəd məntəqəsində yoxlama zamanı sovet pasportuna nifrətlə baxan qərb gömrükçülərinə o şeirin sonunda belə bir mesaj vardı: “Alın aaa, yana-yana qalın aaa, mən sovet vətəndaşıyam!”

İndi Putinin qılıncını sıyırıb sağa-sola qoşun göndərməsinin və pasport paylamasının məqsədi eynilə  həmin mesajda gizlənir. Bu pasportlaşdırma, həqiqətən, ciddi məsələdir. Bəlkə bunu illər uzunu Rusiyada yaşayıb, vətəndaşlıq ala bilməyən və min cür əzab-əziyyətlə üzləşən həmyerlilərimiz üçün müsbət addım hesab etmək olar. Hamımız oradakı mühacir soydaşlarımızın bu məsələ ilə bağlı zaman-zaman məruz qaldığı məhrumiyyətləri bilirik. Amma Putinin bunu canıyananlıqdan etdiyinə hansı normal adam inanar? İndi nə oldu ki, birdən-birə “SSRİ tərkibində olan dövlətlərdə” yaşadığını təsdiq edən və rus dili testindən keçən bütün şəxslərə geniş məkanda yaşıl işıq yandırıldı! Əgər bu işin içində bir hiyləgərlik yoxdusa, Türkiyə kimi təmənna və umacaq  gözləmədən viza rejimini aradan qaldırmaqla məsələyə nöqtə qoymaq olmazdımı?

Qaydalara baxın hələ!18 yaşına çatmış işə yararlı, vətəndaşlığı olmayan şəxslər ərizə ilə müraciət edə bilərlər. Müraciət edən şəxs “SSRİ tərkibinə daxil olan dövlətlərdə” yaşadığını təsdiq etməli və rus dili testindən keçməlidir. Artıq pasportların paylanmasına keçmiş sovetlər məkanının əlçatan hər bir bucağında başlanıb. Bakıda da pasporta sahib olmağın şərtləri rəsmi səviyyədə açıqlanıb və iş gedir.  Hətta Dağlıq Qarabağ da unudulmayıb. Demə, orada da bu işi xüsusi olaraq Kremldən maliyyələşən ”Qriboyedov fondu"na tapşırıblar. Çox ilginc bir faktdır. Bilirsiniz, Qriboyedov 1828-ci il Türkmənçay müqaviləsinin hazırlanmasında və minlərlə erməni ailəsinin İrandan Qarabağa köçürülməsində fəal iştirak edən şəxslərdən olub. Osmanlı Türkiyəsi ilə İran arasında erməni icmasından ibarət bufer zona yaratmaq ideyasının müəllifi də o sayılır. Yazdığı məktublarda erməniləri sevmədiyini etiraf edən rus yazıçı, diplomat sonradan elə onların da güdazına gedib və İranda diplomat ikən dindar kəsim tərəfindən öldürülüb. Məlum olur ki, indi də həmin missiya ilə bir zamanlar bizim tarixi torpaqlarımızda Rusiyanın siyasətini xüsusi peşəkarlıqla yerinə yetirən diplomatın “əziz ruhu” məşğuldur.

Heç şübhəsiz, Azərbaycanın bugünkü ən böyük faciələrinin kökü şimalla bağlıdır. Keçmişdə də belə olub, indi də belədir. Amma bilirəm, bu xalqın içində Şeyx Nəsrullahın ölü diriltmək möcüzəsinə inananlar olubsa, Rusiyanın imperiyanı diriltmək xülyalarına uçunanlar da var.  Hətta elə adamlar ki, Krımın işğalı və rus ordusunun Qarabağı tutacağı haqqında dolaşan söhbətlər onları çox həyəcanlandırır. Deyəsən bu adamlar 20 yanvar faciəsinin və Qarabağ davasının önündə üstümüzə tankların haradan gəldiyini unudublar. Hələ bir qədər uzaq tarixi tərpədib, sandığı açıb-tökmək fikrindən də uzağam. Özünü imperialist babalarının varisi hesab edən Putinin məqsədi aydındır: yenidən “sovet pasportu” daşıyan vətəndaşların “qardaşlıq ittifaqı”nı yaratmaq. Lakin onun xəyalındakı babalar da, qardaşlıqlar da çoxdan ölüb. Yox, əgər bu  məqsədə gedən yol yenə zor müstəvisindən keçəcək, onun nəticələrini siz də təsəvvür edə bilirsiniz, mən də.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat