“Bir pəncərə” və ya “boş vedrə”

Səadət Cahangir, 7/5/14

“Zəngin ölkə” demək, hələ zəngin insanların yaşadığı məmləkət anlamına gəlməz. Nə çox dünyanın sərvəti başından aşan bənzər məkanlarında yoxsulluq səviyyəsindən aşağı düşüb zülm içində can çəkən insanlar. Təbii sərvət bir ölkənin qənimətidir, yoxsa lənəti, bunu söyləmək də zor. Dünyada hər il ən zəngin insanların siyahısı elan olunur. Bizim  ölkədə elə şəffaf bir siyahı yox. Ola da bilməz. Bir ölkədə gərək güclü sahibkarlar olsun ki, onların arasından milyoner və milyarderlər də çıxsın ortalığa. Monopoliya və özbaşınalıq sayəsində yurdun var-yoxu bir ovuc güc sahibinin cibinə axırsa, hansı sahibkarlıqdan söhbət gedə bilər?

Bu günlərdə Qazaxıstan hökuməti investorları 10 illik korporativ gəlir vergisi ödənişindən azad edəcəyini açıqlayıb. Prezident Nazarbayev investorlar üçün daha münbit şərait yaratmaq məqsədlə yeni qanun qəbul ediləcəyini deyib. Prezident qeyd edib ki, bu işi daha sadə üsulla, “bir pəncərə” prinsipi ilə həyata keçirmək niyyətindədirlər. Qeyd edək ki, “1 pəncərə” sistemi 1970-ci ildən başlayaraq İBM şirkəti tərəfindən hazırlanıb və tətbiq edilməkdədir. Birləşmiş Ştatlarda bu sistemin yaradılması tarixi 1970-1997-ci illərə əhatə edir. ABŞ-da 1990-cı ildən sonra müəssisələrin sayının artması regional “1 pəncərə” sistemlərinin yaradılması ilə nəticələnib. 1998-ci ildə isə “1 pəncərə” sistemində qeydiyyat prosedurlarını daha da sadələşdirmək məqsədilə HP şirkəti ORACLE fayllarının tətbiqinə başlayıb. Keçmiş sosialist ölkələrindən ilk dəfə 1998-ci ildə Macarıstan bu sistemin tətbiqinə keçib.

Dünya Bankı hər ilə “Biznes Fəaliyyəti” adlı hesabat hazırlayır və həmin sənəddə ölkələrdə biznes mühitlərinin qiymətləndirilməsi aparılır. Azərbaycan bu sistemin tətbiqinə başlamağa hazırlaşdığı ərəfədə onun biznesə başlamaq indeksi 96 idi(2007-ci il). Hesabat göstərirdi ki, Azərbaycan regionda biznesə başlamaq, xüsusən də lisenziyaların verilməsi üzrə ən mürəkkəb mühitə malik ölkələrdən biridir.

Elektron hökumətin əsas elementlərindən hesab edilən “bir pəncərə” prinsipi xeyli vaxtdır Azərbaycanda da tətbiq olunmaqdadır. Bizdə sahibkarlıq mühitində bürokratik əngəllərin azaldılmasını və biznesin inkişafını  nəzərdə tutan bu prinsipin iş adamlarına nə dərəcədə faydası  toxunduğunu bilmirəm. Amma görünən fakt odur ki, onun böyük mənada sahibkarlığa bir köməyi dəyməyib. Sanki bizdə bu prinsipi kontekstdən çıxarıb, başqa “bir pəncərə”yə yönəldiblər. Bütün hesablar o tək pəncərədən gəlir, o pəncərədən də çıxır. Məlum yerdə növbə tutub gözləyənlərə isə, demək olar ki, heç nə çatmır.

Şübhəsiz, bir ölkədə bolluğun və zənginliyin açarı olan sahibkarlığın çiçəklənməsi üçün ilk növbədə onların yolundakı əngəllər aradan qaldırılmalı, azad rəqabət mühiti yaranmalıdır. Əgər bunun tam əksi baş verir, azacıq başını qaldırmaq istəyənin başından basılır və yerində oturdulursa,  bu təkbaşınalıq hikkəsinin çomağı da yenə sadə insanlara dəyir. Qiymət artımı gündən-günə yuxarı qalxır və insanlar yoxsullaşmaqda davam edir.

Xalqı bu yollarla yoxsullaşdıran hökumətin həyata keçirdiyi heç bir sosial proqram belə köklü yaraları sağaltmağa yetməz.  Amerikan iqtisadçı alimi Artur Ouken bu kimi proqramları “deşik vedrə” adlandırırdı.  Alim deyirdi ki, hökumətin  yoxsulluğun aradan qaldırılması üçün həyata keçirdiyi bu sosial proqramları deşik bir vedrəyə bənzəyir. Onun içinə su doldurub ən yüksək sürətli qaçışla məlum nöqtəyə çatmaq istəsəniz belə, faydası yox. Yetişdiyiniz yerdə vedrəni boş görəcəksiniz. Məncə, artıq gerisini anlatmağa da gərək yox.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat