Dünyanın çirklənən havası

Amerikan filosof alimi Karl Hess “Torpaq üzərində arzular” kitabında yazırdı ki, “bizə gözoxşayan arzuların bazarı...müdrik, müstəqil respublika, öz təbii resurslarının qayğısına qalan, məsuliyyətli idarəçilər lazımdır”. Bu deyimdə bir ölkənin inkişaf və çiçəklənməsini ifadə edən önəmli amillər əksini tapıb. Onlardan biri də ətraf mühit məsələsidir. Alim haqlı olaraq bu vacib məsələni də iqtisadi inkişafın mühüm bir ünsürü kimi təqdim edir.

Şübhəsiz, iqtisadi cəhətdən daha çox tərəqqiyə nail olmuş ölkələrdə keyfiyyətli ətraf mühit məsələlərinə də xüsusi əhəmiyyət verilməyə başlayır. Belə halda, təbii ki, zəngin və təminatlı insanları keyfiyyətli qida, saf su və təmiz hava daha çox düşündürür. Maaşı aylıq minimumlarını güclə ödəyən insanın nisbətən bahalı qida almağa nə imkanı, nə də təmiz hava haqqında düşünməyə halı var. Hazırda dünyada ərzaq təhlükəsizliyinə ən çox qayğı göstərən ölkələr sırasında Amerika birincidir. Bu faktın özü də ekoloji amilin iqtisadi amildən asılı olduğunu bir daha isbatlayır.

Ətraf mühit mütəxəssisi Q. Hardin ekoloji problemlərə imkan verən səbəblərdən birini “ümumilərin faciəsi” adlandırır. O deyir ki, torpaq, meşə, göl, dəniz kimi ümumi istifadə olunan resurslar məhz ümumi olduğu üçün israf edilir. Bu problemin həlli o zaman nəticə verəcək ki, həmin resurslar üzərində kollektiv məsuliyyət aradan qalxacaq və “çirkləndirən ödəməlidir” prinsipi işə düşəcək.

Ekoloji məsələlərlə bağlı dünyada hər il yüzlərlə konfranslar keçirilir, proqramlar qəbul olunur, aksiyalar başlanır. Lakin Yer kürəsi üçün real ekoloji təhlükə yenə də ciddiliyini saxlamaqda davam edir. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, ildə 8 milyon adam hava çirkliliyinin gətirib çıxardığı xəstəliklər nəticəsində həyatını itirir.

Bu rəqəmdən ölkəmizin payına nə qədər düşdüyünü dəqiq söyləmək çətindir. Amma məlumdur ki, enerji hasil olunan yerlərdə yaranan hava çirkliliyi çox xəstəliklərin artmasına səbəb olur. Beynəlxalq Xərçəng Araşdırma Təşkilatı da dünya səviyyəsində hər il 223 min insanın hava çirkliliyi ilə bağlı xərçəngə tutularaq, həyatını itirdiyini qeyd edir. Bu qorxunc bəlanın son illər ölkəmizdə xeyli artdığı da dönə-dönə vurğulanır.

Ölkəmiz üzrə ətraf mühitin çirklənməsinə görə Bakı birinci yerdədir. Ondan sonrakı yerlərdə də o biri böyük şəhərlər gəlir - Sumqayıt və Gəncə. Rəsmi statistikaya görə Bakı üzrə ətraf mühitə atılan tullantıların 65-70%-i nəqliyyat vasitələrinin payına düşür. Əgər təxmini hesablamalar paytaxtdakı nəqliyyatın sayının 1 milyona çatdığını göstərirsə, daha mübahisə edəcək məsələ yox.

Unutmayaq ki, Bakı həm də neft-qaz şəhəridir. Bu amilin şəhərin havasına, dənizə və çevrəyə nə qədər təsir göstərdiyini kimsə dana bilməz. Dünya ölkələrinin ətraf mühit göstəriciləri reytinqində də Azərbaycan acınacaqlı yerlərdən birini tutur- 132 ölkə arasında 111-ci yer. Şübhəsiz, bu gün iqlim dəyişikliklərinin, ekoloji fəlakətlərin dünyanın problemi olduğunu da inkar etmək mümkün deyil. Amma istək olunca, bütün bu imkansızlıqlar içində öz havanı, suyunu, torpağını qoruyub təmiz saxlaya da bilərsən. Necə ki, bu sahədə İsveçrə, Latviya, Norveç, Lüksemburq, Kosta-Rika, Fransa, Avstriya, İtaliya, Böyük Britaniya və İsveç kimi ölkələr dəyərlərini qoruyub saxlayıblar.

Bu bir həftə dünya ölkələrinin çoxunda 5 iyun Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü münasibəti ilə keçirilən rəngarəng aksiyalarla yadda qalacaq. Ekoloji təşkilatlar hər zamankı kimi dünyaya səslənərək, insanları təbii fəlakətlərə yardımçı olmamağa çağıracaq. Bu çağırışa səs vermək, əslində, hamımızın borcudur. Ən azı, gündən-günə pik səviyyəsinə yaxınlaşan fəlakətli çirklənmələrdən öz sağlamlığımızı qorumaq üçün...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat