Problemli kreditlər və kollektor şirkətlər

Məhəmməd Talıblı, 13/6/14

Ölkə gündəminə yeni terminlər gəlməyə başlayıb. Bunlardan biri də kollektor şirkətlər və onun iqtisadiyyatındakı roluna aiddir. Əvvəla, onu qeyd edək ki, kollektor şirkətlər hansı şirkətlər hesab olunur? Kollektor şirkətlər borcu olan müştərilərlə profilaktik iş aparan şirkətlərdir. Onlar bankların satdıqları kreditlərin geriyə dönüş prosesindəki problemi həll etmək üçün bizdə yeni yaranan təsisatdır. Onun əsas funksiyası problemli kreditlərin qaytarılmasında banklara əlavə xidmət göstərməkdən ibarətdir. Yəni bu zaman bankların problemli kredit həddinə gəlmiş kreditləri geriyə qaytardığı zaman bunun müəyyən hissəsi həmin kollektor şirkətin hesabına daxil olur. Bu bölgüdəki fərqlər kollektor şirkətlərin gəlir mənbəyi rolunda çıxış edir. Əslində, bankların bir neçə funksiyanı eyni vaxtda icra etməsi onların əsas hədəfdən yayınmasına və problemlərinin daha da ağırlaşmasına səbəb olur. Əgər banklar sadəcə öz kredit resurslarını satıb və həmin portfelin daha da genişləndirilməsi strategiyasını təmin etsələr, bu onlar üçün daha səmərəli olar. Satdıqları kreditin isə necə və hansı yollarla qaytarılmasını isə kollektor şirkətlərə həvalə edilməsi məsuliyyətlərin daha düzgün bölgüsünə və səmərəliliyinə nail olmaq olar.  Bu zaman banklar 2 riskdən uzaqlaşmış olarlar: Birincisi, problemli kreditlərin batma təhlükələrini azaldırlar. Təcrübə göstərir ki, mövcud kreditlərin 3 manatından 1-i itirilmək təhlükəsi ilə üz-üzə qalarsa, o zaman həmin 1 manatın 30 qəpiyi kollektor şirkətlərə verilməklə həmin kreditin geriyə dönüşü təmin edilə bilər. İkincisi, belə kreditlərin qaytarılması üçün bank özünün ştatda saxlayacağı heyətə ödədiyi vəsaitə qənaət etmiş olur.

Xarici ölkələrdə bu təcrübə çoxdan tətbiq olunsa da, bizdə bu təsisatlar yeni yaranmaqdadır. Bunun əsas səbəbi bizdə son illər yüksək dinamikası müşahidə olunan banklarda problemli kreditlərin artmasıdır. Bildiyimiz kimi, ölkəmizdə problemli kreditlərin ümumi kredit portfelində payı 6,2 faiz civarındadır. Təkcə 2013-cü illə müqayisədə bu rəqəm düz 50 faizdən çox artıb. Bu artıq kəskin artımdır. Şəxsən mənim proqnozuma görə, kreditlərin artımını şərtləndirən amillərin dəyişməsində pozitiv dəyişikliklər baş verməsə, bu rəqəm növbəti ildə 8-10 faiz arasında tərəddüd edəcək.

Bu isə ciddi təhlükəli həddə yaxınlaşmaqdır. Məlumat üçün bildirim ki, beynəlxalq normalara görə problemli kreditlərin xüsusi çəkisi ümumi kredit portfelinin 10 faizini keçirsə, bu artıq təhlükəli hal deməkdir. Ona görə, onu nəzərə alaq ki, problemli kreditlərin “qırmızı” xəttə yaxınlaşması ölkədə kollektor şirkətlərin meydana çıxmasına səbəb olub. Artıq ötən ildən başlayaraq ölkədə kollektor şirkətlər yaranmağa başlayıb. Amma paradoksal hal orasıdır ki, həmin yeni qurumların fəaliyyətini tənzimləyən qanunvericilik bazası yoxdur. Yəni, kollektor şirkətlər haqqında heç bir qanun olmadığı halda, onlar fəaliyyət göstərirlər. Sadəcə, onların fəaliyyəti həmin fəaliyyətə oxşar hüquqi mexanizmlərlə tənzimlənir. Bu sadəcə ölkədə Mülki Məcəllənin müvafiq bəndi ilə tənzimlənir. Söhbət Mülki Məcəllədə qeyd edildiyi kimi, satın almağa, maddi və qeyri-maddi öhdəlikləri və aktivləri üçüncü şəxslərə ötürməyə icazə verən müddəalardan gedir.

Hazırda kollektor şirkətlərin fəaliyyəti bu qanunun müvafiq bəndi ilə əlaqələndirilir. Halbuki, bu həm bank müştərilərinin, həm də kreditor təşkilatların hüquqi münasibətlərinin şəffaf qurulmasına ciddi maneədir. Ona görə, təklif edirəm ki, artan problemli kreditlərin artması fonunda parlamentdə kollektor şirkətlərlə bağlı qanun qəbul olunsun. Məhz belə qanun muştəri və kreditor təşkilatın maraq və mənafelərinin qorunması, o cümlədən şəffaf hüquqi mexanizmlərin yaranması baxımından çox vacibdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat