Azadlıqdan qaçış və ya insanın asan qələbə illüziyası

Məhəmməd Talıblı, 23/6/14

Azadlığın əldə edilməsinə hərtərəfli hazırlıq ilk növbədə onu əldə edən xalqların tarixi ilə yaxın tanışlıqdan başlayır. Bu gündən durub keçmişə baxanda azadlıq yolunda ən çox məşəqqətlər çəkmiş xalq kimi, öz xalqımız göz önünə gəlir. Digər xalqlar da bu dəyərə münasibətdə özlərinin onu digərlərindən daha çox haqq etdiklərini və ona daha çox layiq olduqlarını düşünürlər. Necə deyərlər, hərə özünün durduğu yeri dünyanın mərkəzi sayır. Dünyada elə xalqlar olub ki, azadlıq nemətini dadmaq üçün qanı su ilə əvəz etməyin vacibliyini dəfələrlə bəşər tarixinə göstəriblər. Vaxtı ilə Tomas Ceferson yazırdı: “Azadlıq elə bir ağacdır ki, onu gərək vaxtlı-vaxtında qanla suvarasan. Bu qan həmin azadlıq ağacının gübrəsidir.”  Azadlıq yolunun bu qədər ağır olduğunu və buna hazır xaqların olmasını tarix bütün keçid dövrlərində isbatlayır. Bu tarixi isbatlayan isə xaqlar və onun vətəndaşlarıdır. Mən bu yazıda insanın azadlıq dəyərləri və o dəyərlərə gerçək münasibəti olan vətəndaşlar haqqında  fikirlərimi bölüşəcəyəm.

Fərdin azadlıq anlayışı milli fenomenə nisbətdə çox dardır.  Amma onun təsirləri daha genişmiqyaslıdır. Əgər hər hansı bir insan təlqin, təhdid və təsir altında deyilsə, onu azad saymaq olar. Bu “t” hərfli anlayışları onu daha çox sıxırsa, onun azadlığa ehtiyacı daha da artmış olur. Həmin vaxt bəşər övladı azadlığı bir tələbat olaraq daha dərindən dərk etməyə başlayır. İnsan isə azadlıq haqqında o vaxt düşünməyə başlayır ki, onda nəyisə başa düşmək tələbatı yaranır.

Həmin tələbatın təmin olunması isə onda sonradan həyat tərzi formalaşdırır. O, beləcə azad yaşamaq imkanına sahib çıxdıqca, onda 2 biri-birini tamamlayıcı faktor baş qaldırır: bir tərəfdən o, azadlığı bir mənəvi ehtiyac olaraq daha düzgün dərk edir, digər tərəfdən isə onu əldə etdiyi üçün özünü isə daha dəyərli bir sosial varlıq olaraq dərk etməyə başlayır. Bu mənada əslində azadlığa münasibətdə fərdin mübarizəsi onun özünün şəxsiyyətin formalaşmasının mühüm bir mərhələsidir.  Yəni, azadlıq uğrunda mübarizəsində şəxsin şəxsiyyətləşməsi prosesi baş verir. Bildiyimiz kimi, şəxsin sosiallaşmasında azadlıq bir predmet olaraq çıxış edir.

Məlum olduğu kimi, insanların hadisələrə və dəyərlərə münasibətində əsasən 3 cür elmi davranış forması özünü göstərir. Vərdiş davranışları, instinktiv davranışlar və əqli davranışlar. Azadlığa münasibət daha çox əqli davranışı sevir. Digər davranış formaları ilə azadlığı bir dəyər olaraq ideya dominantına çevirmək olduqca çətindir. Çünki belə azadlıq sanki, defisitliyi hiss olunan azadlıqdır. Azadlığın simvollarına çevrilən məhrum Nelson Mandela deyirdi ki, yarımçıq azadlıq yoxdur. Bəlkə də azadlığın bir dəyər olaraq tam götürülməsi onun “meyvəsi” və onun “dadı” ilə bağlıdır. Yəni azadlıq ağacında dad olmalıdır. Əgər biz qaranlıqda yediyimiz qidadan necə ləzzət ala bilmiriksə və onun bizə verdiyi estetik zövqündən məhrum oluruqsa, azadlığı da gecə vaxtı, tam olmadığı üçün elə natamam istehlak edirik. Bu mənada, azadlıq həm mənəvi qidamız üçün doyum təminatıdır, həm də estetik zövq mənbəyidir. Bunu biri-birindən ayrılıqda təsəvvür etmək olmaz.

Azadlıq əxlaq meyarı kimi. Hər hansı bir ölkədə azadlığa dəyər olaraq  münasibətin öləziməsinin kökündə duran amillərdən biri də inqilabi xəyal quranların sayının ürəkaçan səviyyədə olmamasıdır. Azadlıq üçün inqilab etmək əsla qəbahət deyildir. Çünki azadlıqların məhdudlaşdırıldığı və hüquqların tapdandığı yerdə inqilab qaçılmazdır. Meksikanın məşhur inqilabçılarından olan Subkomandante İnsurxent Markos deyirdi: “Əgər sən təklikdə xəyala dalırsansa, xəyal, xəyal olaraq qalır. Başqaları ilə xəyallara dalırsansa, reallıq yaradırsan.“  Bu mənada azadlıq əlahiddə götürülmüş quruca dərk olunmuş zərurət də deyil, ona sahiblik edən və o dəyərlər üçün savaş açan cəsur insanların qismətidir. Belə cəsur azadlıq mücahidləri təkcə inqilabçılar da olmayıb. Onların içərisində  düşüncə sahibləri daha üstünlük təşkil edib. Dahi filosof Sokratı öldürdülər, lakin bütün bunlara baxmayaraq o öz prinsip və azadlıq ideyalarından imtina etmədi. Belə azadlıq mücahidlərinə cəmiyyətə böyük örnəklər yaşandıqca cəmiyyətlərdə azadlıqdan qaçışlar yox, azadlığa qaçışlar sürətlənir.  Azadlığa qaçışlar əxlaqi fəzilət, ondan qaçışlar isə ictimai qəbahət qınağı olmalıdır. Bu mənada, biz azadlığı bir dəyər olaraq münasibətdə, təkcə ona sahib çıxanları təqdir etməklə işimizi yekunlaşdırmalı deyilik, ona laqeyd qalanları da qınamalıyıq. Çünki sonradan əldə olunmuş azadlıq “piroqunda” hamının – onu əldə edənin də, ona qarşı laqeyd qalanın da payı vardır. Obrazlı desək, biz təkcə kimisə suda batıranı deyil, eyni zamanda suda boğulana yardım etməyəni də əxlaqsızlıqda qınamalıyıq. Bu mənada azadlığa eyni zamanda əxlaqi keyfiyyəti şərtləndirən amil kimi baxmalıyıq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat