Zəngin və azad insan

Səadət Cahangir, 29/6/14

“Zəngin olmağın yolu azad olmaqdan keçir” fikrinə münasibətdə çox fərqli yanaşmalar ola bilər. Amma düzgün baxış bucağından nəzər saldıqda, fikrin məğzini anlamaq o qədər də çətin deyil. Şübhəsiz, azadlıq heç kimə oturduğu yerdə qızıl küpləri vəd etmir. Sadəcə, o, insanlara qapalı rejimlərdə olmayan bir sıra hüquq və azadlıqlar verir ki, zənginləşmənin açarı da onlardır. On yeddinci əsrdən 20-ci əsrə kimi dünyanın ən zəngin ölkələri olan Hollandiya, İsveçrə, Böyük Britaniya, Yaponiya, Sinqapur böyük təbii resurs qıtlığı yaşayırdılar. Amma onlar köhnə yolla-qanunun aliliyi, iqtisadi azadlıq, işləyən və yaxşı təhsilli əhali hesabına ölkədə zənginlik  yaratmağı bacardılar.

Bütün azadlıqlar həqiqi mənada yoxsulluqdan qurtulmağa, inkişafa və varlanmağa stimul verə bilərmi? Təbii ki, yox. Baxır, insan həyatındakı o azadlığa necə və hansı statusda sahibdir. XVI əsr fransız mütəfəkkiri Etiyen de lə Böysi “Köləlik haqqında mühakimə” əsərində yazır ki, Əhəməni hökmdarı Kir Lidiyanı tutduqdan sonra lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışlar. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, tamaşa səhnələri  qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli olur ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmur.

Əlbəttə ki, söhbət köləliyin belə pərdələnmiş “azadlıq” formasından getmir. Ən qəribəsi də odur ki, əslində azadlığa hamıdan çox ehtiyac duyan sadə xalq  həmişə onu gerçəkdən sevənlərə şübhə ilə yanaşır, amma onu aldadanların toruna çox  asanlıqla düşür. “Avam xalqı aldadıb əsarətə almaq bir quşu tələyə salmaqdan, yaxud bir balığı qarmağa cəlb etməkdən daha asandır.  Oyunlar, göstərilər, təlxəklər, qladiatorlar, qəribə heyvanlar, şəkillər və digər əyləncələr kölələr üçün tələ yemi, onların azadlığının bədəli, tiranlar üçün isə ən güclü silah idi. Tiranlar bu vasitələrin köməyi ilə təbəələri boyunduruq altında yuxuya verirdilər(Etiyen de lə Böysi).

Bu müqayisə kontekstində dünyanın bir çox ölkələrində niyə yoxsulluq, gerilik, daxili gərginlik və münaqişələrin hökm sürdüyü üzə çıxır. Həqiqi azadlıq, sözün əsl mənasında, insanların həyatına böyük müsbət dəyişikliklər gətirir, onların yaşayış səviyyəsini yüksəldir, təhsilin, sağlamlıq imkanlarının, istedad və bacarıqların yoluna işıq salır. O, insanlara dağı dağ üstə qoyacaq qədər güc və impuls verir. Hüquq və qanun isə, sadəcə, həmin enerjini real işə çevirməyə bir vasitə olur. Kim bilir, dünyada azadlığın verdiyi bu imkanlardan məhrum olan neçə-neçə milyon insan öz istedadını, bacarığını və xəyallarını gerçəkləşdirmədən həyatdan köçüb gedir.

Qeyd edilən fikrin reallığını azadlıq dəyərini öz torpağında əsaslı şəkildə bərqərar etmiş ölkələrin inkişaf göstəricisindən də bilmək çətin deyil. Maraq üçün öz vətəndaşlarına ən ali hüquqlar vermiş və insan azadlığını sözdən əmələ çevirmiş ölkələrin yaşayış səviyyəsini əks etdirən rəqəmlərə baxın! Dünyanın hansı neft-qaz və ya qızıl-brilyant ixrac edən ölkəsində onlarda olduğu qədər zəngin və xoşbəxt ola bilər? Məsələ böyük sərvətlərə sahib olmaqda və onların satışından milyardlar qazanmaq deyil, təbii. Məsələ bir ölkədə insanlığa xidmət edən, onu düşünən, onun keşikçisi olan dəyərlərin möhkəm kök salmasına nail olmaqdır. Əsl insan azadlığının və səadətinin sirri burdadır!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat