Azadlıqlar - üstün fürsətlər pəncərəsi

Məhəmməd Talıblı, 2/7/14
Nəticəsindən asılı olmayaraq, insanın istəkləri üçün etdiyi bütün cəhdlər təqdirəlayiqdir. Bu cəhdlərə imkan olmayanda və onlar daim nəticəsiz qalanda, biz məyusluğa yuvarlanırıq. Halbuki, insan biləndə ki, onun bütün təşəbbüslərinin səmərəli olmamasının əsas səbəbkarı özüdür, növbəti dəfə  o, özünü təkmilləşdirmək qayğısına qalaraq bunu daha keyfiyyətli etməyə çalışır. O biləndə ki, həmin fürsətlərin imkana çevrilməsinə mane olan ictimai təsir və idarəetmənin keyfiyyətsizliyidir, onda hər zaman özünü doğru və güclü bilir. Bu baxımdan fürsətlərin daha çox tanındığı ölkələr kimi, biz ABŞ başda olmaqla, Aİ-yə daxil olan çoxsaylı ölkələri səciyyələndiririk. İnsanların fürsətlərinin tanınmadığı ölkələrdə isə vətəndaşların hansı bacarığa malik olması az əhəmiyyətlidir. Bu baxımdan qabiliyyətli insanların özünü reallaşdırması üçün azadlıqların olması çox  vacibdir. Ona görə biz azadlıqlara maksimum imkanlar tanıdıqca daha üstün fürsətlər pəncərələrinin açılmasının şahidi olacağıq.
Dünyada bütün dəyərlər kimi, azadlığa münasibətin də yaxşılaşmasının kökündə onu bir ideya olaraq daha çox ictimailəşdirmək və bütün vətəndaşların məhsuluna çevrilməsinə nail olmaq durur. Azadlıq ideyaları haqqında daha çox danışdıqca və onu cəlbedici ideya olaraq ictimailəşdirdikcə, ona canatımı artırmaq olar. Tarixi proseslərdən çıxardığımız nəticələr bunu dəfələrlə sübut etmişdir ki, hər bir ideyanın ilk növbədə uğur qazanması üçün alqoritmik təsəvvür dəqiq olmalıdır. Yəni, həmin ideyanın qələbə çalması üçün ona nail olunmasından öncə, onun keyfiyyətlə maarifləndirilməsinə nail olmaq lazımdır. Ona görə, azadlığın bir dəyər olaraq hamının “məhsuluna” çevrilməsinə çalışmaq olduqca vacibdir. Azadlıq elə bir nemətdir ki, həmin yerdə problemlər imkana, onun olmadığı yerdə isə üstünlüklər çatışmazlıqlara çevrilir.
Azadlıq daha çox qətiyyətli və xaraktercə güclü insanların dəyəridir. Çünki xaraktercə güclü insanlar azadlığın əldə olunması üçün çoxlu səylər göstərmək və sərt döngələrə qalib gəlmək gücündə olurlar. Xaraktercə zəif və qətiyyətsiz insanların azadlıq dəyərlərinə münasibəti sürüşkən və qeyri-müəyyən olur. Çünki onların bu səyləri hansı həddə qədər irəli aparması və ondan nə zamansa imtina etməməsi şübhə doğrur.
Azadlıq mövsümü geyim növü deyil. O, həmişə gözəl qalması üçün qızılgül kimi qayğı istəyir. O elə bir “sevgilidir” ki, gərək onun haqqında tez-tez düşünəsən. Həyat kredosu aydın olan və hansı dəyərlərin insan həyatında dominantlığına dair ibrətamiz bir hind məsəli var. Müəllim şagirdinə deyir: “Mənim çiynimdə iki canavar oturub. Sol çiynimdəki qara canavardı və məni daim pis əməllərə təhrik edir. Sağ çiynimdəki canavar isə məni daim yaxşı işlərə həvəsləndirir və təhrik edir”. Şagirdi müəllimindən soruşur: “Bu canavarların hansı sizi daha çox əməllərə istiqamətləndirir və başqa sözlə hansı daha güclü çıxır?” Müəllim çox qısa olaraq bildirir: “Daha çox bəslədiyim.”  Necə ki, bütün dünyada insanların daimi düşündükləri şeylər bir gün reallığa çevrilir, azadlığı da “çiynimizdə bəsləməyimizdə” onun vaxt;nda pərvazlanıb uçmasına gətirib çıxaracaq. Yetər ki, bunu vazkeçilməz ideya və uğurlarımızın əsas qüvvəsi sayaq.
Azadlıqdan danışarkən heç şübhəsiz ki, bu ideyanı universal ideyaya çevirən ABŞ-ın bu yola çıxdığı manifestindən danışmamaq mümkün deyildir. Bu “Azadlıq  Bəyannaməsi”dir.
“Azadlıq Bəyannaməsi”(1776) və keçilən çətin yol.  Bu bəyannamənin qəbulu təkcə  Şimali Amerikanın 13 koloniyasını Böyük Britaniyanın tabeliyindən azad etməsi ilə yaddaşlarda qalmadı. Çünki bu sənədin qəbulu təkcə bir dövlətin istiqlaliyyəti deyildi. O sənəd bütün dünyaya bir azadlıq mayakı tutmağı bacardı. İlk əvvəl bu bəyannaməni işləmək üçün üç nəfərə - Con Adams, Bencamen Franklin və Tomas Cefersona həvalə edilmişdi. Hər üç şəxs bu sənədi hazırlayana qədər kifayət qədər geniş dünyagörüşə və azadlıq ideyalarının konsepsiyalarına dair ilhamverici çıxışlara malik idilər. Bu üç tarixi şəxs sənədin hazırlanmasına nail oldularsa, onu imzalayan 56 nəfər isə məhz belə cəsur hərəkətlərinə görə öldürüldü.
ABŞ-ın tarixi taleyində heç bir mərhələni və sənədi “Azadlıq Bəyannaməsi” ilə müqayisə etmək doğru olmazdı. Bu sənədin qəbulu bütün tarixi uğurların fövqündə duran və şərafət səhifəsi kimi qəbul olunur. Bunun tarixi əhəmiyyəti təkcə bir xalqın taleyi ilə bağlı olmadı. Sanki, məhz bu tarixi qərardan sonra bəşəriyyətin və dövlətlərin tarixinin “rəngi” dəyişdi. Yəni, bu sənədlə müstəmləkəçilikdən yaxa qurtulduqdan sonra digər xalqlar kölə keçmişinə “yox” deməyə cəsarət etdilər və bunu bacardılar.
Azadlıq ideyalarının həyata keçməsində bir ölümə meydan oxumaq və onu enmək cəsarəti olmalıdır.  Köləliklə belə döyüşmək cəsarətini insanlara məhz azadlığa olan sevgi və bağlılıq verə bilər. “Azadlıq Bəyannaməsi”ni bir neçə dəfə oxumuşam. Hər dəfə bu aksent sanki mənim gözümün içini (yaxşı mənada) “deşir”. Çox ibrətamizdir: “Bu bəyannaməyə sübut olaraq və Allah-Təalanın imdadına güvənərək, bu yolda heç nəyimizi əsirgəmədən, malımızı, canımızı qurban verməyə, öz şərəfimizi daim uca tutmağa and içirik.” Azadlığın əldə edilməsi naminə ölümə meydan oxumaq, əslində azadlığa verilən qiymətdir. Bununla da, azadlığın qazanılmasında ölümün şərəf naminə edildiyinə işarə edilir.
“İstiqlaliyyət Bəyannaməsi”nin qəbulunu tarixi kontekstində qiymətləndirmək daha doğru olardı.  O vaxta qədər tarixdə azadlıq yolunda “geniş zolaq” olmamışdı. Bu bəyannamə  tarixdə yeni cığırın açılmasına cəsarət etmək idi.  Bu baxımdan sənədin qəbulu tarixi məsuliyyət və cəsarət tələb edirdi. Bu bəyannaməyə imza atanların ölümə məhkum edilməsi həmin dövrün ictimai şəraitinin və tiran rejiminin nə qədər qəddar olduğuna bir daha sübutdur. Demək, bu bəyannaməni imzalayan həmin 56 nəfər ağır həyati təhlükə altında olduqlarının fərqində idilər.
Bu bəyannamədə ictimai təsisatlardan olan - dövlətin rolunu fərdin azadlığından üstün tutulmamasına dair müxtəlif qeydlər var. Konkret olaraq, hətta dövlət idarəçiliyində azadlıqdan və səmərəli idarəetmədən öncə vətəndaşın fərdi azadlığına daha böyük diqqət yetirilir. Yenə də, ABŞ özünün “İstiqlal Bəyannaməsi”ndə qeyd edirdi ki, hökumətin əsas vəzifəsi şəxsiyyətin hüquqlarını müdafiə etməkdir. Eyni zamanda, bu fikirlə onun da eyhamı vurğulanır ki, dövlətin hansı keyfiyyətdə idarə etməsini şərtləndirən əsas amil fərdin hökumətdən hansı dərəcədə asılı olmasıdır. Ona görə, dövləti güclü və vətəndaşı azad olmaq istəyən hökumətlər vətəndaşı qazanmağa çalışmalıdır. Amma bu vətəndaş onunla 1, yaxud 1000 cür tellərlə bağlı olan deyil, ondan həmin tellər qədər azad olub, onu sevmək və qorumaq gücü olandır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat