Hüquqların verdiyi maddi və mənəvi qazanc

Səadət Cahangir, 7/7/14

Hər bir cəmiyyətdə insanlar birmənalı olaraq zənginlik arzulayır və bunun üçün əlindən gələn bütün mümkün səyləri qoyur. Şübhəsiz, insanların firavan və bolluq içində yaşamağa can atması bütün zamanların önəmli məsələsi olub. İbtidai insan cəmiyyətindən müasir günümüzə qədər bu həqiqət dəyişməyib. Yəqin ki, heç bir zaman dəyişməyəcək də. Ən azı ona görə ki, insanın zənginləşmək istəyində azadlığa, asılılıqdan çıxmağa, müstəqilliyə bir can atma var. Elə tarixən böyük inqilablar, daxili münaqişələr, toqquşmalar  da, əsas etibarı ilə, bu üzdən baş verir.

Çin iqtisadçı alimi Mao Yuşi “Mənəviyyatın paradoksu” məqaləsində belə bir misal gətirir. Fərz edək ki A və B iki almanı yemək üçün bölgü aparır. Birinci ilk addımı atır və daha böyük almanı ələ keçirir. B hirsli-hirsli deyir: “Belə eqoist olmağı necə bacarırsan?”  A da sərt şəkildə deyir: “Əgər sən birinci götürəcək olsaydın, hansını seçərdin?” B cavab verir: “Mən daha kiçiyini götürəcəkdim”.  A gülərək deyir: “Əgər belədirsə,  onda mənim seçimim sənin arzularına uyğundur”.

Buradan belə bir nəticə çıxır: əgər bir sistemdə başqalarının maraqlarını öz maraqlarından üstün sayan az sayda insan varsa, o sistem böyük ehtimalla sonda  münaqişə və qarışıqlıq əmələ gətirəcək. Çünki ancaq daha çox insanın sərvət qazandığı və “varlanmaq çox gözəldir”  deyimi ilə razılaşdığı cəmiyyətdə münaqişəyə səbəb olmayan normal münasibətlər yaradıla bilər. Yəni biri üçün mümkün sayılan o biriləri üçün də olmalıdır ki, belə toqquşmalar baş verməsin. Çin alimi Li Minq yazırdı ki, insanların zəngin və kasıb olaraq iki qrupa ayrılması ikisini fərqləndirmək üçün səhv yoldur. Əslində, bu fərq onların hüquqlu və hüquqsuz olması kimi qoyulmalıdır. O nəzərdə tuturdu ki, müasir cəmiyyətin zəngin və kasıb məsələsi, həqiqətən, hüquqların məsələsidir. Alimin fikrinə görə, belə təzadlardan qaçmaq üçün şəxslərin eyni dərəcədə insan hüquqları olmalıdır, imtiyaz hüquqları yox. Zəngin və kasıb məsələsinin həlli hamı üçün bərabər insan hüquqları yaradılmasından keçir.

Doğrudur, heç bir cəmiyyətin insanları eyni dərəcədə zəngin və xoşbəxt edə bilmək ehtimalı yoxdur. Mao Yuşinin A və B arasında müqayisə aparmasının kökündə də bu dayanır. Nəticə etibarı ilə, yalnız insanlara verilən bərabər hüquqlar həm hüquqi, həm də mənəvi baxımdan onların öz mənfəətini ilk sıraya qoymasına haqq qazandırmış olur. Çünki normal cəmiyyətin inkişafını məhz bilik-bacarıq, çalışqanlıq, yenilikçilik və sağlam rəqabət müəyyən edir. Bu keyfiyyətlərin daşıyıcısı olan insanların başqalarından fərqlənməsi və irəli çıxması qeyri-adi hal deyil, gözlənən reallıqdır. Və bəlkə də, bu xüsusiyyətləri ilə seçilən, önəmli işlər bacaran, yaşadığı ölkəyə böyük sərmayələr qazandıran, öz ağıl və qabiliyyəti sayəsində zəngin olan insanın öz maraqlarını önə çıxarmasında da mənəviyyata zidd heç nə yoxdur.  Təsəvvür edin ki, yaşadığınız şəhərdə 3-4 nəfər belə məşhur milyonçu var və hər kəs onların gördüyü savab işlər, dəstəklədiyi xeyriyyə layihələri haqqında danışır. Bunun nəyi pisdir ki? Qanun qarşısındakı bərabər haqlardan daha ağıllı istifadə edib zənginləşən insanlardan cəmiyyətə heç bir halda ziyan gəlməz. Belə şəxslərin artan sayı daha artıq iş yeri, daha artıq sərmayə, daha artıq xeyriyyəçilik və daha artıq firavanlıq deməkdir. Bu hər şeydən əvvəl cəmiyyətə müsbət impuls vermək və insanları tənbəllikdən qaçmağa, çalışqanlığa ruhlandırmaq baxımından çox önəmlidir. Bu, insanlıq üçün həm hüquqi, həm də mənəvi dəyərlərin qazanması deməkdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat