Adaptasiya tənəzzülü və ya fəlakət?

Məhəmməd Talıblı, 14/7/14

“Atları keçiddə dəyişməzlər” məsələ uzun on illər boyu çox populyarlıq və dəyər qazanıb. Uzun illər belə keçidlərin yaratdığı çatışmazlıqlar özünü daha şiddətli formada büruzə verdiyi üçün “körpünü” köhnə “atlarla” keçmək tərcih olunub. Amma indi dünyanın dəyişən şərtləri çərçivəsində elə situasiyalar yaranıb ki, dövlətlərin keçidi üçün məhz köhnə padşahların yox, yeni personaların olması zərurətə çevrilib. Çünki köhnə padşahlar daha çox arxaik məzmunlu münasibətlərdən kor tutduğunu tutduğu kimi əl çəkmir. Onlar daha çox keçmiş münasibətlərin əsrinə çevrilirlər. Ona görə, dövlətlərin belə keçidində məhz sosial sülhü yarada biləcək  yeni liderlərin önə çıxması və sivil dünyanın modern “dilində” danışmaq və anlamaq bacarığı olmalıdır.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən Ukrayna ilə bağlı hadisələr müəyyən müddət uzanmasına baxmayaraq, pozitivə doğru dəyişməkdədir. Ukraynanın tərkib hissəsi olan Krımın işğalı, sonradan isə ilhaqı azad dünyanı və demokratiya tərəfdarlarını az da olsa, məyus etmişdi. Rusiya bundan ruhlanaraq militarist və eksponsionist siyasətini iqtisadi müstəvidə də davam etdirdi. Ukrayna ilə iqtisadi əlaqələrini kəsdi. MDB başqa ad altında - Avrasiya İttifaqında yenidən birləşdirməkdə olan müttəfiqləri ilə Ukraynaya qarşı sanksiyalarda əl-ələ verdi, Ukraynaya müqavilə əsasında satdığı qazın qiymətini 2 dəfəyədək artırdı və s.  Amma bütün bunların Ukrayna və Rusiya iqtisadiyyatı üçün hansı təsirlərinin olacağına dair bəzi qiymətləndirmələr aparmaq mümkündür.

Ukrayna niyə bu vəziyyətə gəldi? Ukrayna keçmiş MDB ölkəsi olaraq Rusiya ilə sıx siyasi və iqtisadi əlaqəsi olan ölkə kimi tanınırdı.  Ölkənin geniş sənaye potensialı Rusiyadan xeyli asılı idi. Bunu bir neçə dəfə dəyişən siyasi elitalar da trayektoriyasını dəyişə bilməmişdi. Ölkədə biznesə nəzarət oliqarxların əlində qaldı. Bu köhnə sistemi köhnə 3 hakimiyyətin heç biri dağıda bilməmişdi. Kuçma portnomenklaturasının yetirməsi olaraq bunu özü bəsləyirdi. Buna risk etmirdi. Yuşenko hakimiyyəti demokratik və legitim hakimiyyət olaraq bu və digər fundamental problemlərin həll edilməsində çox səriştəli və səmərəli reformalar apara bilmədi. Yanukoviç  hakimiyyəti isə konservativ siyasət həyata keçirdiyi üçün belə islahatlara risk etmirdi. Cəmiyyət isə sosial orqanizm olaraq dinamizmə daha çox meylli olduğundan, bu problemlərin sərtliyi hakimiyyətləri silkələyirdi. Silkələnməyin sonuncu “qanağı” Yanukoviç oldu. Artıq yol Avropaya istiqamət alıb.

İqtisadi artım səviyyəsi: Ukrayna və Rusiya. Rusiya ilə savaşın bütün mənalarda böyük riskləri olduğunu hamı bölüşür. Bu risklər xüsusilə ölkənin makroiqtisadi vəziyyətinin dəyişməsində özünü göstərir. Ukrayna müstəqillik illərindən sonra ilk dəfə idi ki, bu səviyyədə olan iqtisadi artımın aşağı səviyyəsi ilə rastlaşırdı. Belə ki, bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə Ukraynada 7%-lik ÜDM-də geriləmələr olacağı proqnozlaşdırılır. 2015-ci ildə isə ölkə üzrə iqtisadi artım 0,6% səviyyəsində ola bilər.

Eyni zamanda, Rusiya iqtisadiyyatı da pis günlərini yaşayır. Səbəb investisiyaların yoxluğu, bazarlardakı depressiya, rublun dəyərsizləşməsi, beynəlxalq qurumların iqtisadi sanksiyaları və s. ilə bağlıdır. Rusiya rəsmiləri belə iqtisadi geriləmənin gözlənildiyini gizlətmirlər. Əgər nəzərə alsaq ki, ÜDM-nin artımı 2011-ci il üçün 4,3%, 2012-ci il üçün 3,4%, 2013-cü il üçün 1,3% göstərilirdisə, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə  2014-cü ilin sonuna bu göstərici  bu ilin sonuna 0,8% həcmində olacaq. Halbuki, 2008-ci ildə iqtisadi artım səviyyəsi 7%-lik həddə idi.

Ukrayna ilə təsir aləti kimi “qaz” dilində danışmağın yaratdığı sıx birlik. Ukraynanın Avropa ailəsinin qovuşmaq istəyinə Rusiyanın çox ciddi müqaviməti davam etməkdədir. Ötən ilin sonlarından başlayaraq Ukraynanın Aİ-nın Şərq Tərəfdaşlıq Proqramında fəal mövqe ifadə etməsi Rusiyanı ciddi qıcıqlandırıb. 2014-cü ilin 2-ci rübündən başlayaraq Rusiyanın böyük qaz ixracatçısı ”Qazprom” şirkəti Ukraynaya satdığı qazın qiymətini heç bir əsas olmadığı halda birdən-birə qaldırmağa başladı. Əgər bu konfliktdən əvvəl “Qazprom” şirkəti 1000 kubmetr qazı 268 dollara satırdısa, sonradan isə həmin qazı 385 dollara satmağa qərar verdi. Nə qədər gülünc görsənsə də, buna səbəb kimi “Qazpromun” İH-nin sədri Aleksey Miller bunu Ukrayna tərəfinin qaza olan borcunun gecikdirməsi ilə əlaqələndirmişdi. Yəqin ki, belə absurd “arqumentlə” dünyada heç bir şirkətlər və ya dövlətlər sivil ticarət münasibətlərindən danışması mümkün olmaz. Bu fərqdən yaranmış məbləğ isə 1.7 milyard dollar həcmində qiymətləndirilərək Ukraynadan tələb edildi. Müqayisə üçün bildirək ki, bu məbləğ Aİ müştərilərinə təklif olunan qiymətdən demək olar ki, 2 dəfə çoxdur. Artıq Ukraynaya Rusiyadan gələn qazın həcmləri artıq sıfıra endirilib və bu saat ölkə ərazisindən ancaq tranzit Rusiya qazı keçir. Onun həcmləri isə 185 milyon kubmetr həcmində qiymətləndirilir. Belə vəziyyətdə demokratik birliklər Ukraynanı tək qoymayaraq ona iki qaydada kömək edəcəklərini bildirdilər. Birinci yol:  Rusiya bazar qiymətləri ilə razılaşmasa və spontal olaraq yeni qiymətlərdə israrlı olsa, həmin qiymət artımına görə Rusiyaya heç bir əlavə ödəniş olmayaq. Əgər Rusiyada bununla da razılaşmasa, onu Beynəlxalq Məhkəməyə veriləcək. İkinci yol: Lazım gəlsə, Ukraynanın istənilən maliyyə məsələləri ilə bağlı borclarının bağlanmasında Aİ və BVF-nun resurslarından istifadə olunacaq. Açığı Ukraynanı bütün mənalarda edilən müdafiə mexanizmləri təqdirə layiqdir. Bu Avropaya inteqrasiya yolu tutacaq digər dövlətlər üçün pozitiv president imkanı yaradır. Digər dövlətləri də bu yolun seçməsində onlara böyük həvəs verir. Etiraf edək ki, 2008-ci ildə Gürcüstana münasibətdə belə müdafiə istehkamı qurulmamışdı.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat