Baha şəhərlərdən biri

Səadət Cahangir, 17/7/14

Dünyada önəmli istehlak malları ilə bağlı baş verən qiymət artımları mütləq mənada bütün ölkələrə sıçrayır. Şübhəsiz, bu artım hər ölkəyə fərqli dərəcədə təsir göstərə bilər. Hər halda daha dayanıqlı sistemə malik olan ölkələrin bu dalğadan daha az zərərlə çıxmaq imkanı var. Son illər bu tendensiya bizdən də yan keçmir və görünən o ki, Bakı get-gedə dünyanın ən bahalı şəhərləri siyahısında sürətlə ön sıralara çıxır. Nüfuzlu tədqiqat qurumlarının araşdırmalarında havanın və suyun təmizliyi kimi ekoloji göstəricilərə, nəqliyyat və əhalinin sıxlığına görə ağır durumda olan paytaxtın bahalığı da əl yandırır. Keçən il ölkəmiz haqqında yazı hazırlamağa gəlmiş bir ingilis jurnalist buradakı qiymətlərdən dəhşətə gəldiyini vurğulayaraq, Bakının bahalığını  Londonla müqayisə etmişdi.

Bu, həqiqətən, danılmaz bir faktdır. Hər kəs, ən azı, aldığı gündəlik ərzaq məhsullarına, nəqliyyata və kommunal xərclərə ödədiyi pulun məbləğində hiss edə bilər bu bahalaşmanı. Hələ bu xərclərin üstünə təhsilə, tibbi xidmətlərə sərf olunan vəsaitləri də gəlsək, məsələ xeyli qəlizləşir. Yalnız “quru maaşa” və ya təqaüdə baxan insanların işi lap acınacaqlıdır. Normal halda aylıq məvacib hesab olunan o pul bir insanın aylıq çörəkpulu belə deyil. Bahalaşma da bir yerdə dayansa, dərd yarıdır. Gün-gündən ayaq tutub yeriyib gedir. Gündəmin son qiymət artımı xəbəri un məhsulları haqqındadır. Alınan siqnallar yaxın zamanda çörəyin də bahalaşacağından xəbər verir.

Bu günlərdə “Mercer” Beynəlxalq Konsaltinq Şirkətinin açıqladığı dünyada əcnəbilər üçün ən bahalı şəhərlərin illik reytinq siyahısında da Bakı 46 yeri tutub.

Sorğular göstərir ki, əcnəbilər üçün ən bahalı şəhərlər Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena, ən ucuz şəhər isə Pakistanın Karaçi şəhəridir. Bakı isə keçən illə müqayisədə 11 pillə irəliləyərək Yerevan (187) və Tbilisi (194) ilə bərabər, bəzi Avropa şəhərlərini də geridə qoyub. Paytaxtımız Praqa (92), Brüssel və Lüksemburq(56), Berlin (68-ci) kimi şəhərləri xeyli qabaqlayır.

Bununla bağlı fikirlərini “Azadlıq” qəzeti ilə bölüşən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, bir çox parametrlərə görə Bakıda qiymətlər hətta Avropa şəhərlərindən də xeyli bahadır: “Bakıda ev kirayəsi Avropa şəhərlərindən bahadır. Amma həmin ölkələrdə əhalinin gəlirləri, orta aylıq əmək haqqı, yaxud digər göstəricilər burdan dəfələrlə çoxdur. Bakının bahalı şəhər olmasının birinci səbəbi Azərbaycanda rəqabətin olmamasıdır. Göstərilən xidmətlər də qiymətinə uyğun deyil”.

Əsasən, önəmli məhsullarda qiymət artımı qeydə alınan kimi, hökumət yetkililəri çıxıb bunu dünya bazarında baş verən ümumi artımla əlaqələndirirlər. Amma həmin ölkələrdə əhalinin aldığı məvacib və yaşayış səviyyəsi ilə bizim insanların durumunu müqayisə etmək yada düşmür. Əslində isə, ölkəmizdə əmək haqları ilə tərs-mütənasib baş verən qiymət artımının başqa önəmli səbəbləri də var. S. Əliyevin sözlərinə görə, ölkəmizdə bahalığın mühüm səbəblərindən biri olan gizli iqtisadiyyat təxminən 60% təşkil edir. Rəqabətsizlik və monopoliya, satış məhsulları üçün rüşvət şəklində tələb olunan qeyri-qanuni ödəmələr də öz mühüm təsirini göstərir.

Təbii, dünyanın böyük şəhərləri sırasına çıxmaq yaxşı göstəricidir. Amma keşkə, paytaxt şəhərimizin adı insanların rifahını kölgələyən bahalaşma siyahılarında deyil, daha könül açan siyahılarda və hesabatlarda yer alsaydı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat