Yalana sarılmış Rusiya

Səadət Cahangir, 24/7/14

“Biz hər şey edə bilərik! Amma özümüzə təsəlli vermək üçün öz-özümüzə yalan söyləyirik. “Onlar” heç bir şəkildə günahkar deyil – biz özümüz, sadəcə, biz günahkarıq! Onsuz da gerçəkdən bir yol tapa bilməzsən! Bizim ağzımızı tıxamışlar, biz duymuruq, soruşmuruq. Onlar bizi necə eşidəcəklər ki?

Onları inandırmaq mümkünsüz. Onları yenidən seçməmək daha qanunauyğun olardı! Amma yenidən seçim yox bizim ölkəmizdə...

Və bir çıxış yoxmu gerçəkdən? Bizə də, sadəcə, heç bir şey etmədən gözləməkmi qaldı: birdən öz-özünə nəsə baş verəcəkmi?..

Amma o, heç bir zaman öz-özünə qalxıb getməz, əgər biz hamımız hər gün onu qəbul edər, tərifləyər və gücləndirərsək, əgər  onun ən həssas nöqtəsindən yaxalamazsaq...

Yalanı nəzərdə tuturam...”

Məşhur rus dissident yazıçısı Aleksandr Soljenitsının “Yalansız yaşamaq” əsərindən olan bu parçanı xatırlayarsınız. Həmin əsər ki, 1974-cü ildə onun ölkədən uzaq sürgünə göndərilməsinə səbəb olmuşdu. 40 il sonra nə dəyişib bu məkanda? Çox şey, şübhəsiz. Amma baxaq, bu dəyişənlər yazıçının dediyi yalansız yaşamaq üçün hansı stimullar verə bilib?

Ötən həftə Ukrayna səması üzərində  298 nəfərin ölümü ilə nəticələnən dəhşətli aviaqəzadan sonra dünya mətbuatı, demək olar ki, Rusiyaya qarşı tam səfərbər oldu. Təyyarənin vurulmasının rus separatçılarının işi olması sübuta yetirildikdən sonra Putin hökumətinə qarşı sanksiyaların gücləndirilməsi fikirləri də daha ucadan səsləndirilməyə başlayıb. Əslində, Putinin hikkəsindən doğan bu özbaşınalıqların qarşısı daha əvvəllər alınmalıydı.  Axı bənzər  təyyarə qəzası 4 il əvvəl də baş vermişdi. Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi düz Rusiyanın Smolensk şəhərində yerə enərkən qəzaya uğramışdı. Qəza nəticəsində Kaçinski və xanımı da daxil olmaqla, 132 nəfər həlak olmuşdu. Lex Kaçinski Smolenskə 1940-cı ildə Katın meşəsində Sovet hərbçilərinin qətlə yetirdiyi minlərlə polyakın xatirəsinə ucaldılmış kompleksə baş çəkməyə gedirdi. Əslində, o qəzanın təsadüfi baş verəcəyi mində bir ehtimal idi və o zaman hər kəs işdə kimin barmağı olduğunu da yaxşı bilirdi. Amma nə oldu? O 132 nəfərin qanı “ağac” və “duman” kimi absurd “terrorçular”ın üzərinə atılaraq batıb getdi. Həm də Kaçinskinin sıradan biri olmadığı, 80-ci illərdə Polşanın “Solidarnost” hərəkatının rəhbəri Lex Valensanın müşaviri işlədiyi zamanlardan Rusiya siyasətinin, xüsusən, Putinin qatı əleyhdarlarından biri olduğu bilinə-bilinə.

Donetsk üzərində terror qurbanı olan həmin  298 nəfərin buralarda cərəyan edən siyasi münaqişələrlə heç bir bağlılığı yox idi. Bu, tarixdə bir sıra böyük müharibələrə əsas verən təhrikedici hadisələr qədər dəhşətli faciədir. Putin Rusiyasının şovinizmi isə bu müstəvidə sərhəd tanımır. İstədiyi ərazini işğal etməyi məqbul sayan zehniyyətlə, istədiyi təyyarəni vurmaq zehniyyəti arasındakı məsafə nə qədər uzaq ola bilər ki?

Putin Kaçinskinin ölümündə əli olmadığına da dönə-dönə israr edirdi. Bu dəfə çirkin əməlini ört-basdır etməkdə aciz qaldı. Yalanla nə qədər uzağa gedə bilərsiniz ki? Hər kəsə bəllidir ki, bu gün Rusiya Putin hökumətinin uzun sürən avtoritarizmi altında yalanların qurbanına çevrilir. Bəlkə, bəziləri bunun çox da fərqində deyil, amma ağır iqtisadi sanksiyalar yaxın zamanda Rusiyanı tam diz üstə çökdürə bilər. Bu çöküş sıradan, kiçik sıyrıntılarla ötüşdürülən bir  böhran olmayacaq, şübhəsiz. Bu çöküş böyük dağıntılara yol açmaqla ölkənin bütövlüyün sual altında qoya bilər.

Bəli, yalan Rusiyanı sonu məchul olan bir dalana doğru sürükləyir. Amma bu ölkədə o ağ yalanlarla mübarizə aparan, demokratik dəyişiklərin qatı tərəfdarı olan insanların sırası da getdikcə genişlənməkdədir. Təbii, hadisələrin gedişinə rus xalqının hansı yolu seçməkdə qərarlı olması da önəmli təsirini göstərəcək. Heç şübhəsiz, demokratiya seçimi həm ölkə, həm də region üçün ən uğurlu yol olardı...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat