Postkapitalizm cəmiyyəti və iqtisadiyyat

Məhəmməd Talıblı, 30/7/14

Bəşər sivilizasiyasının inkişaf mərhələsini əsasən 3 epoxaya bölmək olar. 1.Aqrar cəmiyyət. 2.Sənaye cəmiyyəti. 3.İnformasiya cəmiyyəti.  Aqrar cəmiyyət - kənd təsərrüfatı hesabına maddi sərvətlərin formalaşdığı cəmiyyət başa düşülür. Sənaye cəmiyyəti – təbii ehtiyatların hasilatı və sənaye məhsulları hesabına inkişaf edən cəmiyyətdir. Sənaye cəmiyyətində mülkiyyət münasibətləri formalaşır, sənayenin inkişaf dinamikası yüksəlir, şəhər əhalisinin əmək qabiliyyətli əhali qrupu olaraq xüsusi çəkisi yüksəlir və s. İnformasiya cəmiyyəti isə - maddi sərvətlərin məhz informasiya bilikləri hesabına formalaşdığı cəmiyyətdir. Bu bizim hazırda yaşadığımız çağdaş cəmiyyətdir. Bu mərhələ elmi leksikona müxtəlif adlar altında daxil edilməkdədir. Bütün bu ifadələr sinonim məna daşıyır. Məsələn, texnokratik cəmiyyət, biliklər cəmiyyəti, postsənaye cəmiyyəti və postkapitalizm cəmiyyəti. Bu mərhələdə informasiyanın emalı və təsir gücü insan fəaliyyətinin əsas resursuna çevrilir.

İnformasiya cəmiyyətini necə ölçmək olar?  Hər bir təsirin ölçmə meyarları olmasa, onunla bağlı yalnız abstrakt və subyektiv mülahizələr söyləmək olar. O baxımdan informasiya cəmiyyəti haqqında da danışanda, heç şübhəsiz ki, onun hansı meyarlarla ölçülməsi haqqında təfsilatlı məlumata malik olmalıyıq. İnformasiya cəmiyyətinin ölçülməsini şərtləndirən əsasən 2 indikator mövcuddur:

1. Ölkənin ÜDM-də informasiya sektorunun payı 50%-dən artıqdırsa

2. Ölkədə məşğul əhalinin 50%-dən çoxu informasiya sektorunda çalışırsa.

Demək, həm ölkənin illik istehsal olunan mal və xidmətlərində informasiya sektorunun payı çox olmalıdır, həm də onu istehsal edənlər ölkənin məcmu əmək qabiliyyətli əhalisinin heç olmasa yarısını təşkil etməlidir. Dünyada ilkin informasiyaya malik olanlar və onun emalı üzərində böyük nəzarət imkanına sahib olanların hansı təsir gücünə malik olmalarını sübut etməyə ehtiyac yoxdur. Ona görə də, dünyada indi daha çox informasiya arsenalına sahib olmaq uğrunda bir qlobal savaş gedir. Amma informasiya cəmiyyəti hesab olunan ölkə ilə ona hazırlıq arasında fərqləri də nəzərə almaq lazımdır. Biri var, tam informasiya cəmiyyəti. Biri də var, informasiya cəmiyyətinə hazırlıq mərhələsi. Bu hazırlıq bir neçə parametrlər üzrə müəyyənləşir: adambaşına düşən kompyuterlərin sayı, müxtəlif kompyuter şəbəkələrinin internetə qoşulma göstəricisi, təhsil müəssisələrində adambaşına düşən kompyuterlərin sayı, adambaşına düşən televizorların sayı, internetdən ev istifadəçilərinin sayı, telefonların ölkə əhalisi üzrə sayı, adambaşına düşən media qurumlarının sayı, əhalinin ümumi çəkisində ali və orta təhsillilərinin sayı və s.

Hazırda dünyada hər bir dövlət aqrar ölkə kimi tanınmaqdan daha çox, informasiya cəmiyyəti kimi tanınmağa daha çox can atır. Çünki informasiya cəmiyyəti təkcə böyük sərvətə malik olmaq deyil, həm də güclü təsir imkanı və geniş hakimiyyətə sahib olmaq deməkdir. Çünki dünyada informasiyaya əsaslanan yeni sistemə keçid baş verir. Bu sistemdə olmaq və həm də güclü olmaq qlobal oyunçu olmaq deməkdir. ABŞ iqtisadçısı Piter Draker yazır:  “Milli dövlət ideyasının qlobal iqtisadiyyat və qlobal cəmiyyət ideyasına transformasiya olunur. Ənənəvi istehsal amilləri olan torpaq, işçi qüvvəsi və kapital aradan qalxmır, sadəcə, ikinci plana keçir”. Yəni dünyada hakimiyyətlərin özü və onlara nəzarət belə informasiyadan dəyərli bir resurs kimi istifadə edənlərin və həmin texnoloji üstünlüyü olanların əlinə keçir. Bu isə dünyada qlobal aktyorların rəqabətini daha da sərtləşdirən faktordur.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat