Hər kəsin hesab günü var

Səadət Cahangir, 7/8/14

Bəlkə bir az gec olur, amma hər şey sonda gəlib öz yerini alır. Eyni ilə bu ifadədə deyildiyi kimi: ''Ədalət topaldır, ağır-ağır yürüyür, fəqət  gec-tez gedəcəyi yerə yetişir'' (Mirabeau).

İndi Rusiya ilə bağlı baş verənlər bu gerçəyi xatırladır. İllər boyu qılıncını sağa-sola çapan nəhəng gücün dizləri yerə gəlməkdədir. Keçən həftə Haaqa Arbitraj Məhkəməsində Rusiyaya kəsilən böyük cərimə onu gözləyən böyük bəlaların siqnalıdır bəlkə də. Belə ki, “Yukos” neft şirkətinin keçmiş səhmdarlarının iddiası əsasında təxminən 10 il davam edən məhkəmənin hökmü ilə Rusiya dövləti 50 milyard dollar cərimələnib. Bu əslində V. Putinin özünə rəqib gördüyü “Yukos” un sahibi Mixail Xadarkovskinin qondarma ittihamla 10 il həbsxana yatızdırılmasının hesabı da sayıla bilər. Məlumdur ki, o, həbs olunanda şirkətin əmlakı da dövlətin xeyrinə müsadirə olunmuşdu.

İndi nə qədər cığallıq etsə belə, Putin hökuməti, nəhayət, özbaşınalığının hesabını ödəməlidir. Asan məsələ deyil, AB və ABŞ-ın sanksiyaları ilə üzləşən Rusiyanın 50 milyard dollar cərimələnməsi ölkə üçün böyük zərbədir. Elə bu ərəfədə ölkənin ən nüfuzlu müxalifət liderlərindən biri olan Boris Nemtsovun işi ilə bağlı da Avropa Məhkəməsi qərar çıxarıb. B. Nemtsov özü bu barədə yazır: “3,5 il sonra Strasburq Məhkəməsi 2010-2011-ci il Yeni il gecəsində mitinq zamanı həbsimin, təkadamlıq kamerada saxlanılmağımın və Tver məhkəməsində mühakimə olunmağımın tamamilə qanunsuz olduğunu təsdiq edib. İndi hökumət mənə 26 min avro və əlavə 2500 ödəməlidir. Bu əlbəttə 50 mlrd dollar deyil. Ancaq məsələ pulda deyil. Əsas presedentdir – dinc etiraz aksiyalarının yüzlərlə iştirakçılarını həbs edirlər. Bugünkü qərar təkcə məni deyil, minlərlə insanı müdafiə edir”.

Amma hələ faciənin böyüyü bu deyil, bilirsiniz.  Böyük miqyaslı sanksiyalar dalğası hələ qarşıdadır. Yaxın günlərdə Avropa Birliyi ölkələri səfirləri Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb. Sanksiyalar iqtisadiyyatın dörd sahəsində cərimə tədbirlərini nəzərdə tutur. Bununla, Rusiyanın Avropa Birliyi ölkələrinə hərbi təyinatlı, həmçinin ikili təyinatlı məhsullar ixrac etməsi qadağan olunur. Rusiyanın dövlətin iştirakı 50 faizdən çox olan bankları da Avropa bazarlarında qiymətli kağızlar yerləşdirə bilməyəcək. Bundan əlavə, əsasən neft hasilatı ilə bağlı olan yüksək texnologiyalı avadanlıqların ixracı da qadağan edilib.

Bir il üçün nəzərdə tutulan sanksiyalar qüvvəyə minəndən 3 ay sonra onlara yenidən baxıla bilər. Sanksiyalar VTB və "Sberbank"a, həmçinin Putinin yaxın ətrafında olan oliqarxlara da təsir edəcək. Avropa Birliyinə yaxın saytların məlumatına görə, sanksiyaların üçüncü dalğası nəticəsində Rusiya iki ilə 100 milyard avro itirəcək.

Heç şübhəsiz ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bu qədər sərtləşməsinə əsas verən səbəblərdən biri də “Boinq-777" təyyarəsinin vurulmasıdır. Artıq Britaniyadan olan hüquqşünaslar Ukrayna səmasında Malayziyaya məxsus təyyarənin vurulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə qarşı milyonlarla avro cərimə iddiası hazırlayırlar. Bu arada Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov da Donetsk səmasında vurulan “Boinq-777" təyyarəsi ilə bağlı ilginc açıqlamalar verib. O,  təyyarənin vurulmasını planlaşdırılmış terror aksiyası kimi qiymətləndirib və bunu bir sıra dəlillərlə əsaslandırıb.

Bəli, hər özbaşınalığın, “böyüklüyün”, məğlubedilməzliyin və zalımlığın bir sonu var. Hər kəs etdiyi zülmə, pisliyə və haqsızlığa görə bir gün hökmən hesab verəcək. Rusiya üçün o gün bu gündür.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat