Bir insanlıq işgəncəsi

Səadət Cahangir, 13/8/14

Son yarım əsrin irqi ayrı-seçkiliklə bağlı qanlı toqquşmalar tarixinə baxsaq, daha böyük ağırlıqla altmışıncı-yetmişinci illər Amerikasının üzərində dayana bilərik. Ağdərililər tərəfindən diskriminasiyaya məruz qalan qaradərililərin qətli, onlara qarşı tətbiq olunan amansız qaydalar, hər gün baş verən qarşıdurmalar... Və öz xalqının tapdanan hüquqları uğrunda mübarizə meydanına çıxan gənc Martin Lüther Kinq. Adi bir qaydaya əməl olunmamasına görə həbs etmişdilər onu. Qanuna görə o, avtobusda öz yerini bir ağdəriliyə verməli idi və verməmişdi...

Sonra Kinq haqsızlıqlara qarşı etirazları genişləndirərək, Montgomery Avtobus boykotunu təşkil etdi. 382 gün sürən həmin boykotdan sonra  durum o qədər gərginləşdi ki, Kinqin evi bombalandı. O yenidən həbs olundu. Boykot isə Amerika Ali Məhkəməsinin əyalətlərarası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qanundankənar etməsinə qədər sürdü... Kinq qaradərililərin səs hüququ, ayrı-seçkiliyin sona çatması,  əmək hüquqları və başqa təməl haqlar üçün nümayişlər təşkil etdi. Onun zəhməti boşa getmədi. Bütün bu haqlar 1964-cü ildə çıxan “Vətəndaş Haqları Qanunu” və 1965-ci ildə çıxan “Səsvermə Hüququ Qanunu” ilə Amerika hüququnun bir parçası oldu...

Bu, tarixdən ibrət alınacaq parlaq bir örnəkdir. Amma bənzər hadisələr günümüzdə Çində baş verir və bütün dünya seyrçi olaraq susur. Yaxın günlərdə Çinin Sincan vilayətində bənzər qadağalar qüvvəyə minib. İllərdən bəri inanılmaz zorakılıqların baş verdiyi bu bölgə əhalisinin əksəriyyətini müsəlman uyğurlar təşkil edir və həmin qadağa uyğurlarıın qəzəbinə səbəb olub.

Yeni qadağaya görə uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub. O cümlədən, hicab və çadra kimi ənənəvi müsəlman baş örtüklü qadınların da avtobuslara minməsinə icazə verilməyəcək. Yeni qaydalar Karamay şəhərində tətbiq edilməyə başlayıb. Dövlətin nəzarətində olan “Karamay Daily” bildirib ki, qaydalara yoxlama komandası nəzarət edəcək. Əgər sərnişinlər bu qadağaya əməl etməsə, onlar polisə təhvil veriləcək. Qəzet yazır ki, bu qadağa avqustun 20-də başa çatacaq idman yarışı zamanı təhlükəsizliyi təmin etmək üçün tətbiq edilir.

Çinin, uyğur türklərinin yaşadığı bu ərazidə zaman-zaman zorakılıqların baş alıb getməsi yeni xəbər deyil. İllərdir bu bölgədə işgəncə görən və qəddarlıqla öldürülən uyğurların sayı-hesabı yoxdur. Uyğurların yerləşdiyi Doğu Türküstanda Ramazan ayında orucu yasaqlayan hökumətin hava və qurudan həyata keçirdiyi hərbi əməliyyatları nəticəsində 2 uyğur kəndi xəritədən silinib.  Burada qətlə yetirilən insanların 3-5 min arasında olduğu bildirilir. Bu qətliam son 20 ilin ən böyük qətliamı hesab edilir.  Bayramın birinci günü Yarkənt bölgəsində başı örtüklü qadınlara  edilən hücum sonra böyük bir etiraza çevrilib. Etiraz nümayişlərinə silahla cavab verən Çin gücləri qırğın törədib. Qeyd edək ki,  Çin hökuməti həm də burada oruc tutmağı, namaz qılmağı,  Həccə getməyi, məscidlərdə ibadəti qadağan edib. Bu qaydaları pozanlar pul və ya həbs cəzası ilə cəzalandırılırlar. 2009-cu ildə basqılara qarşı Urumçidə başlayan etirazlar qanlı şəkildə yatırılıb və 5 mindən artıq uyğur öldürülüb.

Doğu Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri  Seyit Tümtürkise deyib: “Çin hökuməti bizə bayramı zəhər etdi. Dünyanın heç bir yerində olmayan oruc yasağı Doğu Türküstanda yaşandı və bu zulmü dünya görmədi. Dünya səssiz qalınca Çin tamam azğınlaşdı…”

Məlumat üçün bildirək ki, 1933-cü və 1944-cü illərdə iki cümhuriyyət quran Doğu Türküstan bölgəsi, 1949-cu ildə Çin  tərəfindən işğal edilib.1955-ci ildə onlara muxtariyyət statusu verilərək, "Sincan Muxtar Bölgəsi" adlandırılıb. Doğu Türküstanda 1985-ci ildən bəri tətbiq olunan qaydalara görə şəhərdə yaşayanlara 1, ucqarlarda yaşayanlara 2 uşaq sahibi olmaq icazəsi verilir. Hətta Çinin bu bölgədə nüvə sınaqları aparıldığı söylənir.

Tarix boyu şovinizm və etnik-ayrı seçkilik insanlığın böyük bəlası olub və insanlar ondan olmazın əzablara məruz qalıb. Bəs yüz illər sonra yaşadığımız dünyada bu bəlanın insanların həyatına ağılalmaz iztirablar gətirdiyini görmək və susmaq hansı insanlığa sığır?

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat